Şahmat üzrə yeniyetmələr arasında Azərbaycan
çempionatı iyunun 19-da yekunlaşdı. Bakı şəhəri
üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat - Dama İdman
Məktəbinin yetirmələri də çempionatda yaxşı
nəticələr qazanıb. 8, 10 yaşlı oğlanlar
arasında Məhəmməd Muradlı və Abdulla Qədimbəyli
I, 10 yaşlı qızlar arasında Leyla İbrahimli II,
12 yaşlı qızlar arasında Günay Məmmədzadə isə
Azərbaycan çempionu olub.
Məktəbin 5 idmançısı 2011-ci ilin nəticələrinə
görə 8-20 yaş qruplarında oğlan və qızlar
arasında keçirilən Azərbaycan çempionatında I
yeri tutaraq Azərbaycan çempionu olub və dünya
çempionatına vəsiqə qazanıb. Dörd idmançı II,
daha üç idmançı isə III yerə sahib olmuşdur.
Qeyd edək ki, idmançılarının uğurlarında
məktəbin məşqçilərindən Azərbaycan
Respublikasının yığma komandasının üzvü, əməkdar
məşqçi, beynəlxalq qrossmeyster Rəsul İbrahimov,
yığma komandanın üzvü, beynəlxalq qrossmeyster,
əməkdar məşqçi Fərid Abbasov, məşqçi - müəllim
Eldar Musayev, məşqçi - müəllim, idman
ustalığına namizəd Təbriz İdrisovun xüsusi rolu
olmuşdur.
Xatırladaq ki, şahmat məktəbinin 19 idmançısı
iyulun 3-də Bolqarıstanın Varna şəhərində
keçiriləcək məktəblilərin komanda çempionatında
və beynəlxalq şahmat festivalında iştirak
edəcəkdir.
Rəşad ZİYADOV |