Təhsil sistemi
Hindistan
Federativ Respublikası Cənubi Asiyada, Hindistan
yarımadasında yerləşir. Ötən əsrin ortalarında
müstəqilliyinə qovuşan Hindistan 28 ştatdan, 7
muxtar ərazidən ibarətdir. Hindistan qədim və
zəngin tarixi, elmi, mədəni ənənələrə malik
ölkədir.
Bir milyarddan artıq əhalisi olan ölkədə
əhalinin böyük hissəsini gənclər təşkil edir.
Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi
üçün Hindistanda geniş təhsil sistemi təşəkkül
tapıb.
2005-ci ilin statistik məlumatlarına görə,
Hindistanda 410 milyondan çox 6-24 yaşlı gənc
var. Bu da ümumi əhalinin təxminən 38 faizini
təşkil edir. Onların yalnız 237 milyon nəfəri
təhsilə cəlb olunub. Ölkə üzrə müəllimlərin
ümumi sayı isə 7 milyon nəfərə yaxındır.
Hindistanda əhalinin ümumi savadlılıq səviyyəsi
təxminən 64,8 faiz təşkil edir. Qadınların
savadlılıq səviyyəsi isə 53,7 faizə bərabərdir.
Əhalinin 85 faizi ibtidai təhsilə, 39 faizi orta
təhsilə, 9 faizi isə ali təhsilə cəlb olunub.
Ölkədə məktəbəqədər təhsil sistemi geniş inkişaf
etmədiyindən uşaqların məktəbə hazırlığında
müəyyən çatışmazlıqlar özünü büruzə verir.
Konstitusiyaya əsasən 14 yaşına qədər uşaqlara
icbari təhsil almaq hüququ verilir. İbtidai və
orta təhsil pilləsində 6-18 yaş arasındakı
uşaqlar təhsil alır. 8 il davam edən ibtidai
təhsilə 6-14 yaşlı uşaqlar cəlb olunur.
Bəzi
ştatların qanunvericiliynə əsasən məktəb təhsili,
yaşlıların təhsili və qeyri-formal təhsil üzrə
müvafiq vəzifələr yerli idarəetmə qurumlarına (pançayatlar
və bələdiyyələr) həvalə edilib. İbtidai təhsil
pilləsində ana dilinin tədrisi üzrə müvafiq
şəraitin yaradılması ştat hökuməti və yerli
idarəetmə orqanlarının əsas vəzifələrindəndir.
Evdə təhsil Hindistanda qanuni təhsil
formalarından biridir.
Hindistanda 367 Texnologiya, İdarəetmə,
İnformasiya Texnologiyaları institutları,
Mərkəzi universitetlər və digər çoxsaylı ali
məktəblər fəaliyyət göstərir. Həmçinin, demək
olar ki, bütün ixtisaslar üzrə mütəxəssis
hazırlayan 18000-dən artıq kollec var ki,
onların da 1902-si yalnız qadınların təhsil
aldığı tədris müəssisəsidir.
Ölkədə ali təhsil müddəti ixtisaslardan asılı
olaraq 3-6 il arasında dəyişir. Bir çox
ixtisaslar üzrə ali təhsilin bakalavriat pilləsi
3, magistratura pilləsi isə 2 il davam edir.
Hindistanda yaşlıların təhsili müxtəlif
proqramlar və qrantlar çərçivəsində həyata
keçirilir. Bu baxımdan savadsızlığın ləğvi üzrə
milli strategiya əsas rol oynayır. Yaşlıların
təhsili sahəsində QHT-lər də fəal iştirak edir,
hər kəsə həyatboyu təlim imkanının yaradılması
istiqamətində ciddi səylər göstərilir. Əhalinin
aztəminatlı təbəqələri üçün nəzərdə tutulmuş
peşə təlimi proqramları və qadınların savadlılıq
səviyyəsinin yüksəldilməsi məqsədi ilə bir sıra
tədbirlər həyata keçirilir.
Ölkə
konstitusiyasına əsasən milli azlıqların təhsili
vətəndaşların bərabərliyi prinsipinə uyğun
olaraq təşkil edilir. Hökumət etnik azlıqların
təhsil imkanlarının artırılmasına xüsusi diqqət
yetirir. Bu baxımdan həyata keçirilən tədbirləri
müəyyənləşdirən Milli Azlıqların Təhsili üzrə
Milli Monitorinq Komitəsi 2004-cü ildə təsis
edilib. Bu quruma insan resurslarının inkişafı
naziri sədrlik edir. Komitənin tərkibi etnik
azlıqların nümayəndələrini təmsil edən tanınmış
təhsil işçiləri, alimlər, parlament üzvləri və
dövlət rəsmilərindən ibarətdir.
Hindistanın İnsan Resurslarının İnkişafı
Nazirliyi təhsilin idarə olunmasını yerinə
yetirən əsas dövlət qurumudur. Bu nazirlik iki
şöbədən ibarətdir. Məktəb təhsili və savadlılığı
şöbəsi və Ali təhsil şöbəsi. Məktəb təhsili və
savadlılıq şöbəsi ibtidai, orta təhsil və
yaşlıların təhsilinə məsuldur. Ali təhsil şöbəsi
isə ali təhsilə, ali texniki peşə təhsilinə,
milli azlıqların təhsilinə, dərslik və müəllif
hüquqları məsələlərinə cavabdehdir.
Mərkəzi hökumət 9,77 milyard ABŞ dolları
həcmində olan ümumi təhsil büdcəsinin 65,6
faizini ibtidai təhsilə (6,41 milyard ABŞ
dolları), 9,9 faizini orta təhsilə (964,48
milyon ABŞ dolları), 2,9 faizini yaşlıların
təhsilinə (278,75 milyon ABŞ dolları), 9,5
faizini ali təhsilə (931,36 milyon ABŞ dolları),
10,7 faizini ali texniki peşə təhsilinə (1,05
milyard ABŞ dolları), yerdə qalan 1,4 faizini
(139,04 milyon ABŞ dolları) isə digər məqsədlər
üçün ayırır.
Məktəbəqədər
təhsil
Hindistanda 493000-dən çox məktəbəqədər təhsil
müəssisəsi fəaliyyət göstərir. Qeyd olunan
tədris ocaqlarına cəlb edilmiş uşaqların sayı
təxminən 27 milyon nəfərə yaxındır. Onların 12
milyon nəfərindən çoxunu qızlar təşkil edir.
Hindistanın Təhsil üzrə Milli Strategiyasında
məktəbəqədər təhsilin vacibliyinə xüsusi diqqət
yetirilir. Məktəbəqədər təhsil müəssisələri
Qadın və Uşaqların İnkişafı Nazirliyinin
tabeliyindədir.
Sarva Şikşa Abhiyan Proqramı çərçivəsində də
məktəbəqədər təhsil müəssisələri qismən
maliyyələşir. Hindistanda müvafiq yaş qrupundakı
uşaqların çox az hissəsi məktəbəqədər
müəssisələrə cəlb olunub.
Ölkənin məktəbəqədər təhsil müəssisələrində
təhsil aşağı və yuxarı mərhələ olmaqla, iki
pillədən ibarətdir. Aşağı pillə 3-4, yuxarı
pillə isə 5-6 yaşlı uşaqları əhatə edir.
Məktəbəqədər təhsil müəssisələri bir çox
hallarda məktəblərin tərkibində yerləşir. Belə
məktəbəqədər təhsil müəssisələrində nisbətən
erkən yaşlı uşaqlar da (2 yaşlı) bağçaların bir
hissəsi olan xüsusi qayğı qruplarında təhsil
alırlar. İqtisadi cəhətdən daha
çox kasıb olan bölgələrdə isə uşaqlar daha tez
körpələr evinə verilir. Ancaq belə müəssisələrin
sayı olduqca məhduddur.
İbtidai
təhsil
Hindistanda ibtidai təhsil pilləsinə uşaqların
qəbulu 6 yaşdan başlayır. 8 illik pulsuz ibtidai
təhsil icbaridir.
İbtidai təhsil pilləsi iki dövrə bölünür:
ibtidai pillə və yuxarı ibtidai pillə. İbtidai
pillə I-V sinifləri (6-11 yaşlı uşaqları) əhatə
edir. Bəzi ştatlarda bu pilləyə I-IV siniflər
daxildir. Yuxarı ibtidai pillə isə VI-VIII
sinifləri (11-14 yaşlı uşaqları) əhatə edir.
Bəzi ştatlarda bu pillə VII sinifdə başa çatır.
Hökumət 2001-ci ildən ibtidai təhsilin
kütləviliyinin artırılması və keyfiyyətin
yüksəldilməsi üçün müxtəlif proqramların həyata
keçirilməsini təmin edir. Bununla da
müəllim-şagird nisbətinin tənzimlənməsi,
müəllimlərin ixtisasartırma təhsilinə cəlb
edilməsinin intensivləşdirilməsi, yeni tədris
materiallarının və dərsliklərin hazırlanması
məsələlərinin həllində ciddi irəliləyiş müşahidə
olunur. Hökumətin səylərinə baxmayaraq, hələ də
qarşıya qoyulmuş vəzifələr tam olaraq həllini
tapmayıb. Bu da yoxsulluq, təhsil alanlara qarşı
əhalinin müəyyən təbəqəsində formalaşmış
qınayıcı təsəvvürlərin olması, mövhumat və digər
səbəblərlə bağlıdır. İlbəil qadınların
savadlılıq səviyyəsinin yüksəlməsinə baxmayaraq,
qızların yalnız bir qisminin təhsil alması qadın
və kişilər arasındakı savadlılıq fərqinin böyük
olmasına, ibtidai təhsilin kütləviləşməsinə
maneə yaradan ən böyük problemlərdən biridir.
Statistikaya
görə, Hindistanda bütün ibtidai təhsil
müəssisələrinin təxminən 80 faizini dövlət
məktəbləri təşkil edir. Lakin dövlət təhsil
müəssisələrində təhsilin keyfiyyəti aşağı olduğu
üçün uşaqların 27 faizi özəl məktəblərdə oxuyur.
Hətta ən kasıb ailələrdən olan uşaqlar da dövlət
məktəblərində təhsilin pulsuz olmasına
baxmayaraq, bəzən özəl məktəblərdə oxumağa
üstünlük verirlər.
Orta təhsil
Hindistanda 4 illik orta ümumi təhsil pilləsi
IX-XII sinifləri (14-18 yaş) əhatə edir. Bu
təhsil pilləsi iki yerə bölünür: orta məktəb
pilləsi və yuxarı orta məktəb pilləsi. Orta
məktəb pilləsi, əsasən IX-X sinifləri (14-16 yaş),
bəzi ştatlarda isə VIII-X sinifləri əhatə edir.
XI-XII siniflər isə yuxarı orta məktəb pilləsi
adlandırılır.
Bu təhsil pilləsinin əsas məqsədi gəncləri
gələcək iş həyatına və ali təhsil müəssisələrinə
hazırlamaqdır. X və XII sinifləri bitirmiş bütün
orta məktəb şagirdləri dövlət imtahanlarına cəlb
olunur.
Tədris ili bütün ştatlarda 200 gündən çox davam
edir. Müxtəlif ştatlarda tədris ili ayrı-ayrı
vaxtlarda başlayır. Bəzi ştatlarda yay tətili,
bəzi ştatlarda isə qış tətili üçün uzun
istirahət müddəti verilir.
Ölkənin Təhsil üzrə Milli Strategiyasında
müəyyənləşdirilmiş ənənəvi fənlər bütün orta
təhsil müəssisələrində tədris olunur.
Statistikaya görə, Hindistanda 90 milyona yaxın
14-18 yaşlı uşaq var ki, onların da yalnız 31
milyonu orta təhsilə cəlb olunub. Bu isə orta
təhsil yaşlı uşaqların üçdə iki hissəsinin
təhsildən yayınması deməkdir.
Hindistan orta təhsil sisteminin qarşısında
duran başlıca məsələlərdən biri də cəmiyyətin
kasıb təbəqəsinin orta təhsilə cəlb olunmasını
təmin etməkdən ibarətdir. Bu baxımdan İnsan
Resurslarının
İnkişafı
Nazirliyinin
tabeliyində olan bir çox qurumlar orta təhsil
pilləsinin əhatə dairəsinin genişləndirilməsi
üçün səylərini artırırlar.
Bu qurumların sırasına Təhsil Tədqiqatı və
Təlimi üzrə Milli Şura, Orta Təhsil üzrə Mərkəzi
Şura, Açıq Təhsil üzrə Milli İnstitut, Təhsil
Texnologiyaları Mərkəzi İnstitutu və digərləri
daxildir.
Hindistan orta təhsil sisteminin əsas
cəhətlərindən biri də ondan ibarətdir ki, bu
təhsil pilləsində şagirdlər öz seçimlərinə uyğun
iş tapmaq üçün peşəyönümlü ixtisaslara yiyələnə
bilərlər. Təhsil Tədqiqatı və Təlimi üzrə Milli
Şuranın dəstəyi ilə yaradılmış Peşə Təhsili
Mərkəzi İnstitutu orta təhsilin peşə baxımından
ixtisaslaşdırılmasına cavabdeh olan yüksək
səviyyəli tədqiqat və inkişaf təşkilatıdır. Bu
institut peşə proqramlarına birbaşa və akademik
dəstək verir, istehsal müəssisələrində işləyən
mütəxəssisləri təhsil ocaqlarına dəvət edir.
Ali təhsil
Hindistanda Texnologiya, İdarəetmə, İnformasiya
Texnologiyaları institutları, Mərkəzi
universitetlər və digər çoxsaylı ali məktəblər
(367 ali təhsil müəssisəsi) fəaliyyət göstərir.
Mərkəzi hökumət ali təhsil sahəsində inkişaf
strategiyasının hazırlanması, ali məktəb
standartlarının, elmi-tədqiqatların, elmi və
texniki müəssisələrin işinin əlaqələndirilməsi
və istiqamətləndirilməsi üzrə mühüm
səlahiyyətlərə malikdir.
Hökumət
Universitet Qrant Komissiyasına qrantlar verir
və ölkədə Mərkəzi universitetləri təsis edir.
Həmçinin Universitet Qrant Komissiyasının
tövsiyələrinə əsasən hökumət tərəfindən bəzi
təhsil müəssisələrinin "Universitet hesab
edilənlər" qrupuna daxil olmasına icazə verilir.
Ştatlarda universitetlərin və kolleclərin təsis
olunması yerli hökumətlərin səlahiyyətləri
çərçivəsindədir. Bu müəssisələrin inkişafı və
saxlanılması üçün planlaşdırılmış qrantlar
ayrılır. Ştatlar arasında təhsil sahəsində
koordinasiya işi Təhsil üzrə Mərkəzi Məşvərət
Şurası vasitəsilə həyata keçirilir. Eləcə də
ölkədə Ümumhindistan Texniki Təhsil Şurası, Tibb
Şurası, Peşə Şurası, Kənd Təsərrüfatı Tədqiqatı
Şurası, Müəllimlərin Təhsili üzrə Milli Şura,
Stomatologiya Şurası, Əczaçılıq Şurası, Uşaqlara
Qayğı Şurası, Vəkillər Şurası, Homeopatiya üzrə
Mərkəzi Şura, Hind Müalicəsi üzrə Mərkəzi Şura,
Memarlıq Şurası, Distant Təhsil Şurası,
Reabilitasiya Şurası, Ali Təhsil üzrə Dövlət
Şurası fəaliyyət göstərir.
İnsan Resurslarının İnkişafı Nazirliyinə tabe
olan Mərkəzi universitetlər Universitet Qrant
Şurasının verdiyi qrantlar hesabına maliyyələşir.
İndira Qandi Milli Açıq Universiteti isə birbaşa
İnsan Resurslarının İnkişafı Nazirliyi
tərəfindən maliyyələşdirilir.
İnsan Resurslarının İnkişafı Nazirliyinin
nəzdindəki Mərkəzi universitetlərdən başqa Kənd
Təsərrüfatı Nazirliyinin, Dəniz Nəqliyyatı
Nazirliyinin, Xarici İşlər Nazirliyinin nəzdində
fəaliyyət göstərən Mərkəzi universitetlər də
mövcuddur.
Ştat universitetləri yerli qanunvericiliyə
əsasən təsis olunur. Hindistanda 220-yə yaxın
ştat universiteti fəaliyyət göstərir.
Universitet Qrant Komissiyası bu
universitetlərin yalnız bir hissəsinə
planlaşdırılmış büdcə vəsaitləri ayırır. Digər
ştat universitetləri,
o cümlədən mühəndislik və texnologiya şöbələri
olan kənd təsərrüfatı universitetləri üçün
xüsusi qrantlar verilir.
Universitet
statusu olmayan, lakin spesifik sahə üzrə yüksək
standartlara uyğun təhsil verən ali təhsil
müəssisələri Universitet Qrant Komissiyasının
tövsiyəsinə əsasən mərkəzi hökumət tərəfindən "Universitet
hesab edilənlər" qrupuna daxil olunur. "Universitet
hesab edilənlər" qrupuna daxil olan ali təhsil
müəssisələri akademik statusa malikdir və onlara
universitetlərə məxsus imtiyazlar verilir.
Universitet hesab edilən ali təhsil
müəssisələrində tibb, fizika, balıqçılıq, dil,
ictimai elmlər, demoqrafiya, statistika, yeyinti
sənayesi, meşə sənayesi, silah texnologiyası,
dənizçilik, idman, musiqi, informasiya
texnologiyaları üzrə təhsil və tədqiqat
imkanları yaradılır. İnsan Resurslarının
İnkişafı Nazirliyinin Ali təhsil şöbəsi
universitet hesab edilən müəssisələr üçün
qrantların verilməsi prosesində şəffaflığın
təmin olunmasına nəzarət edir.
Universitet Qrant Komissiyası, həmçinin müstəqil
universitetlərarası mərkəzlər təsis edir. Belə
ilk tədqiqat mərkəzi 1994-cü ildə təsis olunmuş
Nüvə Elmi Mərkəzidir. Hazırda universitetlərdə 6
müstəqil universitetlərarası mərkəz fəaliyyət
göstərir.
1994-cü ildə Universitet Qrant Komissiyası
tərəfindən təsis olunmuş Milli Qiymətləndirmə və
Akkreditasiya Şurası müstəqil qurumdur. Şuranın
əsas məqsədi ali təhsil müəssisələrinin,
universitet və kolleclərin, onların şöbələrinin,
fakültələrinin, tədris proqramlarının
qiymətləndirilməsini və akkreditasiyasını həyata
keçirməkdir.
Ali
texniki peşə təhsili müəssisələrində hazırlanan
yüksək ixtisaslı mütəxəssislər sənaye
məhsuldarlığının artırılmasına layiqli töhfələr
verirlər. Bu təhsil müəssisələri ölkənin insan
resurslarının inkişafında mühüm rol oynayır.
Ali texniki təhsil mühəndislik, texnologiya,
idarəetmə, memarlıq, şəhərsalma, əczaçılıq,
tətbiqi sənət, otelçilik, ictimai iaşə
sahələrini əhatə edir. Bu müəssisələr 3 qrupa
bölünür: mərkəzi hökumətdən maliyyələşən
universitetlər, ştatdan maliyyələşən
universitetlər və özünü maliyyələşdirən
universitetlər.
Texniki təhsil müəssisələrinin fəaliyyəti, yeni
kursların açılmasına 1945-ci ildə təsis olunmuş
Ümumhindistan Texniki Təhsil Şurası icazə verir.
Şura müvafiq müəssisələrin və proqramların
akkreditasiyası vasitəsilə texniki təhsilin
keyfiyyətinin yüksəldilməsini təmin edir.
Şuranın baş iqamətgahı Dehlidə yerləşir və 7
regional idarəsi fəaliyyət göstərir.
Ümumhindistan Texniki Təhsil Şurası mühəndislik
təhsili və biznes məktəblərinin monitorinq və
akkreditasiyasını həyata keçirir. Hindistan Tibb
Şurası isə tibb təhsili müəssisələrinin
monitorinq və akkreditasiyasını aparır. Kənd
Təsərrüfatı Tədqiqatı Şurası, Müəllimlərin
Təhsili üzrə Milli Şura isə ölkədəki bütün
müvafiq təhsil müəssisələrinin monitorinqini
həyata keçirir.
Ölkədə bir sıra mühəndislik, idarəetmə və tibb
təhsili müəssisələri İnsan Resurslarının
İnkişafı Nazirliyi tərəfindən idarə olunur.
Hindistanda əksər təhsil müəssisələri əcnəbi
tələbələr üçün çox az yer ayırır.
1972-ci ildə Parlament tərəfindən təsis edilmiş
Memarlıq Şurasında ölkədəki bütün memarların
qeydiyyatdan keçməsi nəzərdə tutulur. Memarlıq
Şurası memarların qeydiyyatını aparmaqla yanaşı,
ekspertlər komitəsi vasitəsilə memarlıq sahəsi
üzrə ixtisaslaşmış təhsil müəssisələrində
müvafiq standartlara riayət olunmasına da
nəzarət edir.
İstedadlı tələbələrin stimullaşdırılmasına
xidmət edən bir sıra təqaüdlər xüsusilə
innovativ metodların istifadə olunduğu ali
təhsil müəssisələrinə və gənclərin xarici
ölkələrdə təhsil almasına yönəldilir. Mədəni
Mübadilə Proqramları çərçivəsində xarici
ölkələrdə təhsil almaq istəyən hindistanlı
tələbələr üçün müəyyən olunmuş xarici təqaüdlərə
İnsan Resurslarının İnkişafı Nazirliyi nəzarət
edir. Tələbələr bu təqaüd vasitəsilə prioritet
hesab edilən ixtisaslar üzrə xaricdə təhsil ala
bilərlər. Təqaüdə layiq görülən tələbələr
müvafiq fənn ekspertlərindən ibarət Seçim
Komitəsi tərəfindən müəyyənləşdirilir.
Təqaüdlərin əksər hissəsi təhsilin doktorantura
pilləsi üçün nəzərdə tutulur.
Beynəlxalq əməkdaşlıq
Hindistan təhsil sahəsində xarici ölkələrlə
əməkdaşlığın inkişafına xüsusi önəm verir. 118
ölkə ilə təhsil sahəsində əməkdaşlığı
tənzimləyən Mədəni Müqavilə imzalanıb. Eləcə də
müxtəlif ölkələrlə 75 Mədəni Mübadilə Proqramı
həyata keçirilir.
Təhsil sektorunun inkişafını və təhsilin
beynəlmiləlləşməsini nəzərə alaraq İnsan
Resurslarının İnkişafı Nazirliyində Beynəlxalq
Əməkdaşlıq Şəbəkəsi yaradılıb. Beynəlxalq
Əməkdaşlıq Şəbəkəsi təhsil sektorunda ikitərəfli
və beynəlxalq əməkdaşlıq məsələlərini, müxtəlif
ölkələrlə Təhsil Mübadilə Proqramlarının
hazırlanmasını, icrasını koordinasiya edir.
Bundan əlavə, Cənubi Asiya Regional Əməkdaşlıq
Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində Dehli
şəhərində dünya səviyyəli beynəlxalq ali təhsil
müəssisəsi olan Cənubi Asiya Universiteti təsis
edilib. Hindistan ilə Avropa İttifaqı arasında
2008-ci və 2009-cu illərdə müştərək
deklarasiyalar imzalanıb. YUNESKO ilə əməkdaşlıq
üzrə Hindistan Milli Komissiyası səmərəli
fəaliyyət göstərir.
Hindistan 32 ölkə ilə Təhsil Mübadilə
Proqramları həyata keçirir. Bu proqramlar nəinki
xaricdə təhsil məsələlərini, eləcə də xarici
universitetlərin verdiyi dərəcələrin və
ixtisasların tanınmasını əhatə edir.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında Hindistan Federativ
Respublikası İnsan Resurslarının İnkişafı
Nazirliyinin rəsmi materiallarından istifadə
olunub. |