Lənkəran Dövlət Universitetində "Məzun günü"
keçirilib. "Məzun-2011" adı ilə keçirilən
tədbiri universitetin rektoru, fizika-riyaziyyat
elmləri doktoru, əməkdar elm xadimi, professor
Asəf İsgəndərov açaraq ali məktəbi bitirmələri
münasibətilə məzunları təbrik edib. Bildirib ki,
bu il universiteti 22 ixtisas üzrə 373 nəfər
bitirir, bunun 58 nəfəri magistrantdır. Rektor
həmçinin qeyd edib ki, 2010-2011-ci tədris
ilində universitetdə 1479 tələbə təhsil alıb,
tədrisin keyfiyyəti əvvəlki illərə nisbətən
artıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının
humanitar məsələlər üzrə müavini Səmədağa
Abdullayev rayon rəhbərliyinin təbrikini
gənclərə çatdırdı, ölkənin hər yerində savadlı,
işgüzar gənc kadrlara ehtiyac olduğunu söylədi
və əmin olduğunu bildirdi ki, məzunlar etimadı
şərəflə doğruldacaqlar.
Universitetin müəllimi, filologiya elmləri üzrə
fəlsəfə doktoru, Prezident təqaüdçüsü Hacı
Mirhaşım Talışlı məzunlara müraciət edərək
onlara dərs demiş müəllimləri, doğma ali məktəbi
unutmamağa çağırdı.
Lənkəran Ağsaqqallar Şurası sədrinin müavini,
universitet valideynlər şurasının sədri Sərhad
Məmmədov məzunları müstəqil Azərbaycanın
qurucuları adlandırdı və qeyd etdi ki, onlar
ümummilli lider Heydər Əliyevin ideyalarını
layiqincə doğruldacaqlar.
Valideynlər adından çıxış edən Heybət Mirzəyev
məzunların sevincindən ona da pay düşdüyünü, bir
övladının bu ali məktəbi bitirdiyini bildirdi.
Məzunlar adından Şəfa Bağırova və Seymur
Murtuzayev çıxış edərək fəaliyyət göstərəcəkləri
yerlərdə doğma təhsil ocağının, müəllimlərinin
adını həmişə uca tutacaqlarını vurğuladılar.
Sonra magistr və bakalavr pilləsini fərqlənmə
ilə bitirmiş məzunlara diplomlar, universitetin
ictimai həyatında, respublika və beynəlxalq
müsabiqələrdə, həmçinin idman yarışlarında fəal
iştirak edənlərin bir qrupuna fəxri fərmanlar
verildi.
Sonda tələbələrin bədii yaradıcılıq qruplarının
çıxışı oldu.
Hacı Etibar ƏHƏDOV |