İnstitutun əsası 1929-cu ildə qoyulub,
V.V.Kuybışev adına Neft Emalı üzrə Elmi-Tədqiqat
İnstitutunun elmi potensialı əsasında yaradılıb
və 1959-cu ildə Azərbaycan MEA-nın nəzdində
Neft-Kimya Prosesləri İnstitutu adlandırılıb.
İnstitutun əsas fəaliyyət istiqamətləri
Azərbaycan neftinin tədqiqi, onların yeni
yanacaqlar və yağların alınması məqsədi ilə
səmərəli emalının elmi əsaslarının işlənib
hazırlanması, neft emalı və neft kimyası üçün
yeni texnologiyalar və katalizatorların
yaradılması, kataliz, üzvi və fiziki kimya,
neft-kimyəvi sintez sahəsində fundamental
tədqiqatların aparılması, Azərbaycanın neft
emalı və neft-kimya komplekslərinin inkişafı
üzrə perspektiv kompleks sxemlərin işlənib
hazırlanması və s. ibarətdir.
Bu institutun son beş ildə əldə etdiyi
nailiyyətləri çoxdur. Bununla belə institutun
alimləri tərəfindən Azərbaycanın perspektiv neft
yataqları tədqiq olunub, onların perspektiv və
dizel yanacaqlarının, avtomobil benzinlərinin və
sürtgü yağlarının alınmasını təmin edən səmərəli
emal texnologiyalarının elmi əsasları işlənib
hazırlanıb.
Eyni zamanda institutun apardığı elmi
araşdırmalar nəticəsində metallik alüminium və
haloid alkilləri əsasında kompleks
katalizatorların yeni modifikasiyaları
yaradılmış, onlardan istifadə etməklə
naftalinin, toluol-ksilol fraksiyasının,
benzolun, etilbenzolun və s. faydalı məhsulların
alınmasını təmin edən piroliz prosesinin maye
məhsullarının emalının kompleks sxemi işlənib
hazırlanıb və Sumqayıt "SK" zavodunda tətbiq
edilib.
Yerli xammal əsasında neftçıxarmada və neft
emalında istifadə olunan yeni reagentlər və
ximikatların (inhibitor, deemulqator, köpük
əmələgətiricilər, həlledicilər və s.) alınma
texnologiyaları yaradılıb və sənayedə tətbiq
olunub.
Hazırda institutun əməkdaşları tərəfindən neft
kimyası və neft emalı prosesləri üçün ekoloji
təmiz ion mayeləri texnologiyasının yaradılması
istiqamətində tədqiqatlar aparılır.
Neft fraksiyalarının aromatik
karbohidrogenlərdən təmizlənməsi üçün yeni
termotrop ion-maye tərkibli ekstragent
sistemləri aşkar edilib. Eyni zamanda neft, qaz
emalı və neft-kimya sənayesinin inkişaf
konsepsiyası tərtib edilib.
Bütün bu elmi nailiyyətlərə görə 2005-ci ildə
institut İslam İnkişaf Bankının diplom və
mükafatını alıb, 2002-2005-ci illər ərzində isə
institutun 5 əməkdaşı respublikanın "Şöhrət"
ordeninə, 1 nəfər "Tərəqqi" medalına və 2 nəfər
Prezident təqaüdünə layiq görülüb.
Onu da qeyd edək ki, akademik Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun
müəllifliyi ilə 100-dən çox monoqrafiya və bir
neçə min məqalə xarici və respublika mətbuatı
səhifələrində dərc olunub. Bu gün institut əldə
etdiyi nailiyyətlər sayəsində 1000-dən çox
müəlliflik şəhadətnaməsi, patent və lisenziya
sahibidir.
AMEA NKPİ-nin son illərdə sahib olduğu
patentlərdən nümunə kimi aşağıdakıları göstərmək
olar:
-
Katalitik krekinqin qaz fraksiyalarının emalı
üsulu.
-
Quru, tozvari superplastifikatorun alınma üsulu.
-
Etilen (SO) polimerləşməsi üçün təkmərkəzli
katalizatorun alınma üsulu.
-
Dizel yanacağının alınma üsulu.
-
Nanokarbonun alınma üsulu.
-
Yağ fraksiyasının ion mayesilə selektiv
təmizlənməsi üsulu.
- Bioloji aktiv ağ naftalan yağı və s.
Hazırladı: Ədalət DAŞDƏMİRLİ |