Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - ¹24

 

Dünya təhsili

 

 Koreya Respublikasının təhsil sistemi

 
 

Koreya Respublikası

 
   
Ərazisi:  100032 kv.km. 
Əhalisi: 48636068 nəfər
Paytaxtı: Seul şəhəri
Dövlət dili: Koreya dili 
Pul vahidi:  von
 

 

Təhsil sistemi 

Şərqi-Asiyada, Koreya yarımadasının cənub hissəsində yerləşən Koreya Respublikası (Cənubi Koreya) qərbdən Çin Xalq Respublikası, şərqdən Yaponiya, şimaldan Şimali Koreya, cənubdan Şərqi-Çin dənizi və Tayvan ilə həmsərhəddir. Koreya dünyanın böyük iqtisadiyyata malik olan 20 ölkəsindən biridir. Təhsil, elm və texnologiya sahəsində əldə olunmuş tərəqqi ahənginin qorunub saxlanılması Koreyanın inkişaf strategiyasının əsasını təşkil edir.

Koreyada təhsilin ilkin təşəkkül tarixi IV əsrin ikinci yarısına təsadüf edir. XIX əsrdən etibarən xristian missionerləri tərəfindən dövlət və özəl təhsil müəssisələrindən ibarət olan müasir məktəblər yaradılmağa başlanıb. 1945-ci ildə Yaponiyanın 35 illik əsarətindən azad olduqdan sonra Koreyada demokratik təhsil forması təşəkkül tapıb.

Koreyada uşaqlar 3 yaşından məktəbəqədər təhsilə cəlb olunur. 6 yaşı (istisna hallarda 5 yaşı) tamam olmuş uşaqlar pulsuz və icbari ibtidai təhsil məktəblərinə qəbul ola bilərlər. İbtidai təhsil 6 il davam edir. Daha sonra heç bir məhdudiyyət qoyulmadan şagirdlərə 3 illik əsas məktəblərdə oxumaq imkanı verilir. Əsas təhsil pilləsini bitirənlər orta təhsil almaq hüququna malikdir. Orta məktəblər 3 illik ümumi orta, peşə və ixtisaslaşmış məktəblərə (xarici dil, incəsənət, təbiət təmayüllü) bölünür. Orta məktəblərdə təhsil xərcləri şagirdlər tərəfindən ödənilir.

Orta məktəblərdə tədris olunan fənlər ümumi orta məktəblər üçün müəyyən olunmuş fənlərə və peşə məktəbləri, ixtisaslaşmış orta məktəblər üçün nəzərdə tutulmuş ixtisaslaşmış fənlərə bölünür. Bu mərhələdə əsas və yüksək səviyyəli olmaqla, dərsliklər də 2 yerə bölünür.

Koreyada təlim və fiziki qüsuru olan uşaqlara məktəbəqədər təhsil müəssisələrində, ibtidai, əsas və orta məktəblərdə xüsusi təhsil verilir. Ölkədə 141 xüsusi məktəb fəaliyyət göstərir. Bu məktəblərdə təxminən 24000-ə yaxın kəskin fiziki qüsurlu şagird təhsil alır. 28000-dən artıq uşaq isə müntəzəm məktəblərdə xüsusi ehtiyaclı şagirdlər üçün təşkil olunmuş siniflərə cəlb olunub.

Tədris proqramına görə kollec təhsili 2-3, ali təhsil 4-6 il arasında dəyişir. Kolleclər əsasən, istehsal müəssisələrinin müvafiq mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir. Ali təhsil müəssisələrində isə nəzəri biliklərin tətbiqi məsələlərinə xüsusi önəm verilir.

Konstitusiyaya görə hökumət həyatboyu təhsilin təmin olunmasına cavabdehdir. Fasiləsiz təhsil məktəb təhsili istisna olmaqla, təhsilin bütün formalarını əhatə edir. Koreyada təklif olunan fasiləsiz təhsil proqramlarına məktəbdənkənar, texniki peşə təhsili, ümumi və humanitar təhsil daxildir.

Koreyada müəllimlər fəaliyyət uyğunluğuna görə bir neçə kateqoriyaya (I və II dərəcəli, assistent müəllimlər, peşəkar məsləhətçilər, təlim müəllimləri, I və II dərəcəli uşaqlara qayğı müəllimləri) bölünür. Hər bir müəllimin müvafiq kateqoriya üzrə müəyyən olunmuş ixtisas meyarlarına cavab verməsi onlara Baş nazirin müavini və təhsil və insan resurslarının inkişafı naziri tərəfindən lisenziyaların verilməsi ilə təsdiqini tapır.

Müəllimlər müvafiq qaydada vaxtaşırı ixtisasartırma təhsilinə cəlb olunurlar. Proqramlardan asılı olaraq ixtisasartırma təhsili 30 gün və ya daha uzun müddət davam edir.

Koreyada ibtidai təhsil üzrə 11, orta təhsil üzrə 67, təhsilin idarə olunması üzrə 1, tam orta təhsil üzrə 18 və distant təhsil üzrə 55 ixtisasartırma institutu fəaliyyət göstərir. 

Məktəbəqədər təhsil 

Koreyada məktəbəqədər təhsil pulsuzdur. Ölkədə 1976-cı ilə qədər özəl məktəbəqədər təhsil müəssisələri uşaqların inkişafında mühüm rol oynayıb. Daha sonra ibtidai məktəblərin nəzdində yaradılmış bağçalar fəaliyyətə başlayıb. Bununla da dövlət uşaq bağçaları ön plana çıxıb. Hazırda ölkədəki 4460 dövlət və 3830 özəl məktəbəqədər təhsil müəssisəsində təxminən 546000 3-6 yaşlı uşaq təhsil alır.

Onu da qeyd edək ki, 2000-ci ildən bəri Koreyada məktəbəqədər təhsil müəssisələrinin sayının tədricən azalmasına baxmayaraq, bağçalarda təhsil alan uşaqların sayı getdikcə artmaqdadır. 2007-ci ilin statistik göstəricilərinə görə, bu göstərici 3-6 yaşlı uşaqlar arasında 35,3 faiz təşkil edir.

5 bölmədən ibarət olan məktəbəqədər təhsil üzrə milli kurikuluma əsasən, erkən uşaqlıq təhsili azyaşlıların tərbiyə olunması üçün müvafiq şəraitin yaradılmasına və xidmətlərin göstərilməsinə, o cümlədən müxtəlif əyləncəli fəaliyyətlər vasitəsilə onların potensialının tam inkişaf etdirilməsinə xidmət edir.

Ölkədə erkən uşaqlıq təhsili müəssisələrinə büdcə ayırmaları ilbəil artır. 2007-ci ildə erkən uşaqlıq təhsili üzrə ümumi büdcə vəsaiti 408300000000 von (təxminən 380203000 ABŞ dolları) təşkil edib ki, bunun da 217100000000 vonu (təxminən 202136000 ABŞ dolları) dövlət xərclərindən, 191200000000 vonu (təxminən 178067000 ABŞ dolları) isə yerli xərclərdən ibarət olub. Özəl bağçaların dəstəklənməsi üçün ayrılan büdcə vəsaiti də hər il artırılır. 

İbtidai təhsil 

Koreyada ibtidai təhsil pulsuz və icbaridir. Qanunvericiliyə əsasən uşaqlar 6 yaşından ibtidai məktəbə gedir. Əgər 5 yaşlı uşağın qabiliyyət və bacarıqları onun məktəbə getməsinə imkan verirsə, belə uşaqlar da ibtidai təhsilə cəlb oluna bilərlər.

Ölkə üzrə uşaqların 99,9 faizi ibtidai məktəblərdə oxuyur. İbtidai təhsil pilləsində belə yüksək göstərici təhsilə olan böyük ictimai maraqdan və hökumətin təhsil siyasətindən irəli gəlir.

Şagirdlərin sayı həddindən artıq çox olan tədris ocaqları kiçik məktəblərə bölünür. Bu, ikinövbəli tədris sisteminin ləğv olunmasına xidmət edir. Xarici dilin tədrisinin genişləndirilməsi üçün III və IV siniflərdə həftədə bir saat, V və VI siniflərdə isə həftədə iki saat ingilis dili tədris olunur. 

Əsas və orta təhsil 

Koreyada ibtidai təhsili başa vuran şagirdlər əsas, sonra isə orta təhsil ala bilərlər. Əsas və orta təhsil pillələrinin hər biri 3 il davam edir. 2004-cü ildən ölkənin bütün məktəblərində icbari əsas təhsil tətbiq olunur.

Əsas məktəblərdə ibtidai təhsilin davamı olan standart təhsil verilir. 1969-cu ildən etibarən şagirdlərin əsas məktəblərə qəbulu ilə bağlı heç bir məhdudiyyət qoyulmur.

Orta məktəblərdə tədris prosesi özünəməxsusluğu ilə fərqlənir. Ölkədə ümumi orta, peşə və ixtisaslaşmış orta məktəblər (xarici dil, incəsənət, təbiət təmayüllü) fəaliyyət göstərir.

Əsas təhsil pilləsini bitirənlər orta təhsil almaq hüququna malikdir. Orta təhsilə görə müəyyən olunmuş xərclər şagirdlər tərəfindən ödənilir.

Peşə məktəblərində ümumi orta təhsil və kənd təsərrüfatı, sənaye, kommersiya, balıqçılıq, dənizçilik, iqtisadiyyat sahələri üzrə ixtisaslaşmış kurslar tədris edilir. Şagirdlərə peşə məktəblərini seçmək imkanı verilir. Bu tədris ocaqlarına imtahan və ya əsas təhsil üzrə əldə olunmuş nailiyyətlər əsasında qəbul aparılır. Ümumi orta məktəblərə daxil olmaq istəyən şagirdlər isə yaşadıqları ərazidəki məktəblərin birində oxuya bilərlər.

Ümumi orta məktəblərdə şagirdlər XI sinifdə öz təhsil istiqamətlərini müəyyənləşdirirlər. Bacarıq və maraqlarından asılı olaraq, humanitar-ictimai elmlər, təbiət elmləri və ya peşə təlimi kimi istiqamətləri seçə bilərlər.

Xarici dilin tədris olunduğu orta məktəblər, təbiət elmləri, incəsənət təmayüllü orta təhsil müəssisələri müvafiq sahə üzrə perspektivli və istedadlı şagirdlərin hazırlanması məqsədlərinə xidmət edir. Belə məktəblər hökumətin dəstəyi ilə istedadlı şagirdləri müəyyən edir və onların potensialının maksimum səviyyədə üzə çıxarılmasına imkan yaradır.

Koreyada milli kurikulum təhsilin yeni tələblərini, cəmiyyətin dəyişən ehtiyaclarını və yeni akademik fənlər üzrə meyarları əks etdirmək üçün müntəzəm olaraq yeniləşdirilir. Kurikulum standartları hər bir məktəbdə təhsilin məzmunu və dərsliklərin hazırlanması üçün əsas hesab olunur.

Bütün dərsliklər və müəllimlər üçün vəsaitlər milli kurikulum çərçivəsində hazırlanır. Ölkədə 3 növ dərsliyin istifadəsinə icazə verilir. Bu sıraya müəlliflik hüququ Təhsil, Elm və Texnologiya Nazirliyinə məxsus olan dərsliklər, Təhsil, Elm və Texnologiya Nazirliyi tərəfindən təsdiq edilərək özəl mətbəələr tərəfindən nəşr olunan dərsliklər, Təhsil, Elm və Texnologiya Nazirliyi tərəfindən tanınan dərsliklər. 

Ali və orta ixtisas təhsili 

Koreyanın ali və orta ixtisas təhsili müəssisələri sırasına kolleclər və universitetlər, sənaye universitetləri, təhsil universitetləri, yeniyetmə kollecləri, media və qiyabi universitetlər, texniki kolleclər daxildir. Ölkədə 400-dən artıq universitet və müxtəlif ali məktəb fəaliyyət göstərir.

Ali təhsilin əsas məqsədi dərin nəzəri təhsil vermək, nəzəri biliklərin tətbiqini təmin etmək, tələbələri məsuliyyətli və məhsuldar mütəxəssis kimi yetişdirməkdən ibarətdir. Ölkədə ali təhsil müddəti 4-6 il davam edir.

Hökumət universitetlərin müstəqilliyinin artırılması, dövlət təhsil sisteminin tənzimlənməsi, özəl tədris xərclərinin azaldılması məsələlərinə nəzarət edir, tələbələrin seçim proseduru ilə bağlı əsas minimum tələbləri müəyyənləşdirir. Universitetlər təlim nəticələrini, qabiliyyət imtahanlarında toplanmış balları, sertifikatları, tövsiyə məktublarını əsas götürərək tələbə qəbulu aparır. Ali məktəbə qəbul üçün qabiliyyət testləri 5 sahə üzrə təyin olunur. Bu sıraya dil (Koreya dili), riyaziyyat, xarici dil (ingilis dili), ictimai-təbiət elmləri (peşə təlimi) və ikinci xarici dil (Çin dili) daxildir. Görmə qüsurları olan tələbələrə səsli qiymətləndirmə vasitələrindən istifadə edərək imtahan vermək imkanı yaradılır.

Koreyada orta ixtisas təhsili 2 və ya 3 illik proqramlardan ibarətdir. Orta ixtisas təhsili müəssisələri əsasən sürətlə inkişaf edən sənayenin texniki işçi qüvvəsinə olan tələbatının ödənilməsinə xidmət edir. Bu baxımdan orta ixtisas təhsili müəssisələrində təbiət elmləri və mühəndislik sahəsi üzrə mütəxəssislərin hazırlanmasına böyük diqqət yetirilir.

Orta təhsili başa vurmuş məzunlar həm ali məktəblərə, həm də yeniyetmə kolleclərinə müraciət edə bilərlər. Yeniyetmə kolleclərinə qəbul akademik nailiyyətlərə, elmi nailiyyət imtahanına və əsas qəbul imtahanı balına görə müəyyənləşir.

Kolleclərdə təhsil əsasən istehsalat sahələri ilə əlaqəli qurulur və orta səviyyəli ixtisaslı mütəxəssislər hazırlanır. Tələbələrin istehsalat təcrübələrinə göndərilməsi, kollec və sənaye sahələri arasında müştərək tədqiqat, təcrübə və məlumat mübadiləsinin aparılması, müəssisələrin tələb etdiyi kurikulumlara əsasən təhsilin təşkili iqtisadiyyatın inkişafına misilsiz töhfələr verir.

Kollec təhsili müvafiq ixtisas üzrə təhsilin heç də son pilləsi deyil. Belə ki, kollec məzunları təhsillərini universitetlərdə də davam etdirə bilərlər. Onlara 4 illik universitetlərdə, açıq universitetlərdə, media universitetlərində və qiyabi universitetlərdə oxumaq imkanı verilir.

Elmi tədqiqatlar 

Koreyada elm və texnologiyanın inkişaf strategiyası cəmiyyətin tələblərinə uyğun hazırlanır. Koreya elm və texnologiyanın inkişafı vasitəsilə ölkədə sənaye, elm və dövlət tədqiqat təşkilatları arasındakı əməkdaşlığın gücləndirilməsinə, rəqabətin yüksəldilməsi üçün balanslaşdırılmış innovasiya sisteminin qurulmasına nail olub. Elm və texnologiyanın uzunmüddətli inkişafında özəl sektorun rolunun artırılması, tədqiqat və inkişaf sisteminin qlobal standartlara uyğunlaşdırılması əsas prioritetlərdəndir.

Maraqlıdır ki, ötən əsrin ikinci yarısına qədər Koreyada sənayenin inkişafı üçün texnoloji və mütəxəssis baxımından xeyli çatışmazlıqlar hökm sürürdü. Bütün bunların aradan qaldırılması və ölkənin sənaye ehtiyaclarını ödəmək üçün 1966-cı ildə Koreya Elm və Texnologiya İnstitutu yaradıldı. 1970-1980-ci illərdə çoxsaylı digər ixtisaslaşmış tədqiqat institutları fəaliyyətə başladı. Bu institutlar gəmiqayırma, elektronika, telekommunikasiya, energetika, maşınqayırma, kimya sənayesi və digər sahələri əhatə edirdi.

Keçən əsrin 80-ci illərində hökumət müxtəlif nazirliklərin tabeliyində olan 15 tədqiqat institutunu Təhsil, Elm və Texnologiya Nazirliyinin strukturuna daxil etdi. Elmi-tədqiqat institutlarının bəziləri birləşdirilərək Təhsil, Elm və Texnologiya Nazirliyinin nəzdində 9 böyük tədqiqat müəssisəsi kimi fəaliyyət göstərməyə başladı. Bununla da dövlət əsaslı tədqiqat müəssisələri formalaşdı, ölkənin elmi-tədqiqat imkanlarının yüksəldilməsi və gücləndirilməsində yeni dövrün əsası qoyuldu.

1996-cı ildə elmi-tədqiqatların səmərəliliyini və məhsuldarlığını artırmaq üçün hökumət tədqiqatların maliyyələşmə sistemində islahatlar apardı. Tədqiqatların ümumi sabit məbləğ vasitəsilə maliyyələşməsi qaydası Layihəyə Əsaslanan Maliyyələşmə Sistemi ilə əvəz olundu.

1999-cu ildə müvafiq hüquqi sənədlərdə aparılan dəyişiklikdən sonra dövlət tədqiqat müəssisələrinə müstəqillik verildi. Yeni sistemə görə dövlət tədqiqat institutlarının fəaliyyətinə 5 tədqiqat şurası nəzarət edir.

1982-ci ildən fəaliyyət göstərən Koreya Milli Tədqiqat və İnkişaf Proqramı Elm və Texnologiya Nazirliyinin təşəbbüsü ilə qəbul edilib. Texnoloji qabiliyyət və rəqabətin gücləndirilməsinə xidmət edən bu proqram iqtisadi inkişafa və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əvəzsiz töhfələr verir. Ölkədə biliyə əsaslanan iqtisadiyyata keçidin sürətləndirilməsində Milli Tədqiqat və İnkişaf Proqramının rolu danılmazdır.

1999-cu ildə təsis edilmiş Milli Tədqiqat Laboratoriyasının əsas məqsədi texniki rəqabətin yüksəldilməsində mühüm rol oynayan peşəkar tədqiqat mərkəzlərinin yaradılması və genişləndirilməsidir. Hökumət 250000 ABŞ dolları həcmində hər bir fərdi layihəni 5 il müddətində illik maliyyələşdirir. Ölkə üzrə 444 milli tədqiqat laboratoriyası hökumət tərəfindən dəstəklənir ki, bunun 278-i akademiyaların, 114-ü tədqiqat institutlarının, 52-si isə sənaye sektorunun payına düşür.

Koreya elmi-tədqiqat xərclərinin ümumi həcminə görə dünyada öncül yerlərdən birini tutur. Son 10 il ərzində Koreyanın müvafiq xərcləri orta hesabla 11,8 faiz artıb. Ümumi Daxili Məhsulda Koreyanın elmi-tədqiqat xərcləri 3,37 faiz təşkil edir ki, bu da Avropa İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün müəyyən olunmuş göstəricidən (2,29 faiz) yüksəkdir. Tədqiqat və elmin inkişafına ayrılan vəsaitin adambaşına düşən həcminə görə (644 dollar) Koreya yalnız ABŞ, Yaponiya və Almaniyadan geridə qalır.

Onu da qeyd edək ki, Koreyada elmi-tədqiqat sahəsində çalışanların sayında davamlı artım müşahidə edilir. Bu nailiyyət həm yerli tədqiqatçılar, həm də müxtəlif mənbələr hesabına xarici ölkələrdən dəvət olunmuş elm adamları hesabına əldə olunur.

Hökumətlərarası və institutlararası müqavilələr vasitəsilə beynəlxalq müştərək elmi-tədqiqatlara xüsusi önəm verən Koreya bir sıra müvafiq proqramların, ikitərəfli müqavilələrin reallaşdırılmasına ciddi maraq göstərir. Bu baxımdan Beynəlxalq Müştərək Tədqiqat Proqramı (1985) və Fransa (1981), İtaliya (1984), Yaponiya (1985), Birləşmiş Krallıq (1985), Almaniya (1986), Çin (1992), Rusiya (1992), Avropa İttifaqı (1992), İsveçrə (1992), İsrail (1994), Amerika Birləşmiş Ştatları (1995), Kanada (2002) ilə Koreya arasında imzalanmış elmi-tədqiqat və təhsil sahəsində əməkdaşlığı nəzərdə tutan sənədlər mühüm əhəmiyyət kəsb edir. 

Təhsilin idarə olunması 

Koreyanın Təhsil, Elm və Texnologiya Nazirliyinin əsas vəzifəsi bütün uşaqların təhsilə cəlb olunmasını, təhsil, elm və texnologiya vasitəsilə hərtərəfli inkişaf strategiyasının həyata keçirməsini təmin etməkdir. Bu nazirlik həmçinin akademik fəaliyyətlərin tənzimlənməsinə, elm, dövlət təhsili ilə bağlı strategiyanın hazırlanmasına və icrasına cavabdeh olan dövlət qurumudur.

Təhsil, Elm və Texnologiya Nazirliyi ibtidai, orta, ali təhsil strategiyasını planlaşdırır, əlaqələndirir, dərslikləri təsdiq edir, nəşrini həyata keçirir, məktəb təhsilinin bütün pillələrinə inzibati və maliyyə dəstəyi verir. Bu qurum, eləcə də yerli təhsil idarələrinə və dövlət universitetlərinə nəzarət edir, müəllimlərin təhsilinin təşkili işini həyata keçirir, insan resursları üzrə müvafiq strategiya hazırlayır və fasiləsiz təhsil məsələlərini tənzimləyir.

Hamı üçün bərabər təhsil imkanlarının yaradılması və təhsilin keyfiyyətinin təmin olunması məqsədlərinə xidmət edən milli məktəb kurikulumu Təhsil, Elm və Texnologiya Nazirliyinin nəzarəti altında həyata keçirilir. Milli məktəb kurikulumunda məktəblərin xarakterik xüsusiyyətlərinə və hər bir məktəbin məqsədlərinə uyğun olaraq təhsil müəssisələrinə çevik və sərbəst fəaliyyət imkanı verilir.

Koreyada təhsilin idarə olunması, büdcə planlaşdırılması və inzibati qərar qəbul etmək səlahiyyəti yerli təhsil idarələrinə həvalə olunub. Ərazi təhsil idarələri təhsillə, incəsənət və elmlə bağlı qərarlar qəbul etmək səlahiyyətinə malikdir.

Təhsil İnnovasiya Şurası ölkə prezidentinə təhsil siyasəti, insan resurslarının inkişafı, təhsil vəsaitlərindən səmərəli istifadə və təhsil büdcəsi ilə bağlı məsləhətlər verir. Təhsil İnnovasiya Şurası dövlət təhsili müəssisələrinin, sənaye və elm sahələrinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının, valideynlərin, hüquqşünasların təmsil olunduğu 25 üzvdən ibarətdir. Üzvlər 2 il müddətinə seçilir və təkrar seçilmə hüququna malikdir.

Koreyada təhsil mərkəzi hökumət və yerli idarələr tərəfindən, həmçinin özəl məktəblərin gəlirləri hesabına maliyyələşir. Özəl təhsil sektorunda təhsil haqları ümumi maliyyələşmənin böyük hissəsini təşkil edir. Özəl məktəblərin hər hansı bir çətinliyi olarsa, onlar hökumətin maliyyə yardımlarından da istifadə edə bilərlər. 

Bəşarət MƏMMƏDOV,

Ramil HÜSEYNOV 

Yazının hazırlanmasında Koreya Respublikası Təhsil, Elm və Texnologiya Nazirliyinin rəsmi materiallarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov