İyunun 18-də
Təhsil Nazirliyində "Elektron təhsil" Respublika
müsabiqəsinin yekununa həsr olunmuş mərasim
keçirildi.
Tədbirdə
Təhsil Nazirliyinin məsul işçiləri, Təşkilat
Komitəsi və münsiflər heyətinin üzvləri,
müsabiqəni dəstəkləyən şirkət və qurumların,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıt
Şəhər Təhsil Şöbəsinin, bir sıra rayon təhsil
şöbələrinin və təhsil müəssisələrinin
rəhbərləri, müəllimlər, tələbələr, şagirdlər və
KİV təmsilçiləri iştirak edirdilər.
Tədbirdə öncə
"Elektron təhsil" müsabiqəsinin təşkili və
keçirilməsi ilə bağlı videoçarx nümayiş
etdirildi.
Sonra çıxış
üçün söz Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanova verildi. Növbəti tədris
ilinin başa çatması münasibəti ilə bütövlükdə
təhsil işçilərini, müəllimləri və salonda
əyləşən insanları təbrik edən təhsil naziri
ilin uğurla başa çatmasında əməyi olanların
hamısına təşəkkürünü bildirdi. Misir Mərdanov
Təhsil Nazirliyi tərəfindən ötən müddət ərzində
İKT ilə bağlı silsilə tədbirlərin həyata
keçirildiyini dedi və bugünkü mərasimin həmin
tədbirlərin ən önəmlisi olduğunu vurğuladı.
Nazir müsabiqənin keçirilməsində yaxından
iştirak edən bütün təşkilat və şirkətlərə
Azərbaycanın təhsil ictimaiyyəti adından
təşəkkürünü bildirdi.
Daha sonra
təhsil naziri "Elektron təhsil" Respublika
müsabiqəsinin əhəmiyyətindən danışdı, onun
keçirilməsinin qayda və şərtləri barədə məlumat
verərək bildirdi ki, bu müsabiqə 5 nominasiya, 2
istiqamətdə həyata keçirilir. Müsabiqə
iştirakçılarına qeydiyyatdan keçmək üçün 45 gün
vaxt verilib və 1621 nəfər qeydiyyatdan keçib.
Onlardan 781-i müəllim, 193-ü ali məktəb
tələbəsi, 564-ü şagird, 48-i valideyn və 35
nəfəri digər insanlar olub. Bu il müsabiqəyə 788
layihə təqdim olunub. Onlardan 601-i müsabiqəyə
buraxılıb və həmin layihədən 98-i nominant
seçilib.
Müsabiqədə 500
nəfər iştirakçı təmsil olunub. Bəzən bir nəfər
2-3 nominasiyada iştirak edib. Müsabiqədə
"Elektron tədris resursları" adlanan birinci
istiqamət üzrə 531 və "Təhsildə İnternet
texnologiyaları" adlanan ikinci istiqamət üzrə
70 nəfər iştirak edib. Onlardan birinci
istiqamət üzə 30, 22, 32, ikinci istiqamət üzrə
7, 7, 14 nominant yeri müəyyən olunub. Bütün bu
işlər barədə ətraflı məlumat verən təhsil naziri
Misir Mərdanov çıxışının sonunda ayrı-ayrı
nominasiyalar üzrə qalibləri təbrik edərək
onlara gələcək fəaliyyətlərində yeni-yeni
nailiyyətlər və şəxsi həyatlarında uğurlar
arzuladı.
Sonra söz
Azərbaycan Milli Elmlər Akademiyasının
İnformasiya Texnologiyaları İnstitutunun
direktoru Rasim Əliquliyevə verildi. O qeyd etdi
ki, bu gün təhsil ictimaiyyətinin həyatında çox
böyük önəmli hadisələr baş verir. Ölkədə
informasiya cəmiyyətinin formalaşmasının əsas
məsələlərindən biri təhsilin
informasiyalaşdırılmasıdır. Bu barədə ətraflı
danışan natiq bildirdi ki, elm və təhsilin bu
istiqamətdə inteqrasiya prosesi gedir.
Sonda Rasim
müəllim Təhsil Nazirliyində bu işi təşkil
edənləri və qalibləri təbrik etdi.
Daha sonra
mükafatların təqdim olunması mərasimi keçirildi.
5 nominasiyanın hər biri üzrə qaliblərə
diplomlar, noutbuklar, netbuklar və xüsusi
mükafatlar təqdim olundu.
Ədalət DAŞDƏMİRLİ |