Rusiya
Federasiyasının Prezidenti Dmitri Medvedev
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru,
filologiya elmləri doktoru, professor Nərgiz
Paşayevaya Rusiya Federasiyasının ali dövlət
mükafatını - "Dostluq ordeni"ni təqdim etmişdir.
Rusiya ilə
dostluğun və əməkdaşlığın möhkəmlənməsinə
verdikləri böyük töhfəyə görə əcnəbi
vətəndaşlara Rusiyanın dövlət mükafatlarının
təqdim olunmasına həsr edilmiş təntənəli mərasim
Rusiya Prezidentinin Moskva yaxınlığındakı
"Qorki" iqamətgahının Mavi zalında
keçirilmişdir.
D.Medvedev
qonaqları salamlayaraq qeyd etmişdir ki, bu zala
toplaşan insanlar Rusiya ilə əməkdaşlığın
inkişaf etdirilməsi üçün çox iş görmüşlər. "Mən
bu sözün ən geniş mənasında - həm iqtisadiyyat,
həm də humanitar əlaqələr, mədəniyyət sahəsində
əməkdaşlığı nəzərdə tuturam. Çalışdığımız illər
ərzində gördüyünüz bütün işlərə görə sizə
ürəkdən təşəkkür etmək istərdim", - deyən Rusiya
Prezidenti bildirmişdir ki, bir məqam xüsusilə
fərəh doğurur, bu insanlar üçün Rusiya ilə
işləmək onların taleyinin bir hissəsinə
çevrilmişdir. Bunun böyük əhəmiyyəti ondadır
ki, ölkələrimiz arasında münasibətlər ən
əlverişli ssenari üzrə inkişaf etmişdir.
Bununla
əlaqədar D.Medvedev demişdir: "Siz çox müxtəlif
ölkələri təmsil edirsiniz. Bizim dövlətimiz -
Rusiya Federasiyası həmin ölkələrlə inkişaf
etmiş konstruktiv, mehriban qonşuluq
münasibətləri saxlayır və heç şübhəsiz, bu
mehriban münasibətlərdə sizin əməyinizin bir
hissəsi vardır".
Dmitri
Medvedev giriş nitqindən sonra "Dostluq
ordeni"ni professor Nərgiz Paşayevaya təqdim
etmişdir.
Professor
Nərgiz Paşayeva Rusiyanın ali dövlət mükafatı
ilə təltif edilməsinə, ona göstərilmiş yüksək
etimada və fəaliyyətinin qiymətləndirilməsinə
görə Prezident Dmitri Medvedevə dərin
təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Nərgiz
xanım Paşayeva demişdir: - Cənab Prezident,
Sizin göstərdiyiniz diqqət və dəstək bizi
ruhlandırır və belə bir inam hissi aşılayır ki,
sən, həqiqətən, nə isə faydalı və mühüm iş
görürsən. "Dostluq ordeni" ali, gözəl məna və
əhəmiyyətə malik olan xüsusi mükafatdır. Çünki
ən yaxşı arzular və ümidlər dostluqda yaranır.
Biz sülhü məhz dostluqda axtarırıq və bunun
naminə özümüzdə olan ən yaxşı cəhətləri səfərbər
edirik. Bu gün dünya partlayış təhlükəsi ilə
üz-üzədir. Lakin yer üzündə müxtəlif millətlərə,
məzhəblərə, peşələrə mənsub olan milyonlarla
insan yaşayır. Onlar həyata inanırlar. Onlar həm
də dostluq, sülh, humanizm ideallarına
sadiqdirlər. Onlar ümummilli və ümumbəşəri
mədəniyyətin qorunub saxlanması və birləşməsi
naminə öz nurlu qəlbinin bir hissəsini, öz
qüvvələrini, öz əməklərini, öz istedadlarını
verirlər. Rusiya torpağında bu cür insanlar, bu
cür şəxsiyyətlər həmişə çox olmuşdur. Böyük rus
mədəniyyəti həmişə bu cür insanlarla zəngin
olmuşdur. Qüdrətli və əzəmətli rus mədəniyyəti
dünyanın bir sıra xalqlarının, bir sıra
mədəniyyətlərinin bəhrələnmiş olduğu,
bəhrələndiyi və bəhrələnəcəyi tükənməz bir çaya,
çeşməyə - canı, ruhu olan bir çeşməyə oxşayır.
Mən xoşbəxtəm
və fəxr edirəm ki, MDU-nun Bakı filialının
rəhbəri kimi, bir vətəndaş kimi ictimaiyyətə
xidmət sahəsində fəaliyyətimlə böyük rus
mədəniyyətini təmsil və təbliğ edə bilirəm.
Bədii-estetik fikrə, rus fikrinə xas olan
intellektin, müdrikliyin, gözəlliyin,
insansevərliyin, alovlu qəlbin, məftun ruhun
heyrətamiz vəhdəti və sintezi bu mədəniyyəti
bütün dünyada bənzərsiz və təkrarsız edir.
Azərbaycan-Rusiya tarixi-mədəni əlaqələrinin
dərin və qırılmaz kökləri vardır. Qoy inkişaf
etməkdə olan bu mədəni əlaqələr həmişə
möhkəmlənsin və genişlənsin. Çünki məhz mədəni
əlaqələr xalqları ucaldır və yaxınlaşdırır,
onları daha möhkəm edir və nəticə etibarilə
insanları və xalqları birliyə gətirib çıxara
bilər. Dahi Puşkin vaxtilə belə vəsiyyət
etmişdi: "Ey xalqlar, çəkişmələri unudun, vahid
ailədə birləşin". Qoy yer üzündə sülh olsun,
xalqlarımıza, bir-birinə yaxşılıq, sülh və
xoşbəxtlik arzulayan yer üzünün bütün
insanlarına tale yar olsun.
***
"Dostluq
ordeni" ilə təltif edilənlər arasında "Qazprom"
Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının
üzvü Burkhard Berqman (Almaniya), Rusiyadakı
Amerika Ticarət Palatasının prezidenti Endrü
Somers (ABŞ), "Knyaz Dmitri Romanovun xeyriyyə
fondu"nun sədri Dmitri Romanov (Danimarka
Krallığı), Vyetnam Sosialist Respublikası Milli
Məclisinin mədəniyyət, təhsil və gənclərin
işləri üzrə komissiyasının sədri Çonq Thi Dao,
"Capen Tabakko İnternəşnl" şirkətinin prezidenti
Pyer De Labuşer (Fransa) də vardır.
D.Medvedev
Monqolustan nümayəndəsini "Şərəf" ordeni ilə,
Livan və Serbiya nümayəndələrini "Puşkin medalı"
ilə təltif etmişdir.
Sonda
D.Medvedev demişdir ki, zalda toplaşmış bu cür
görkəmli və istedadlı insanlara mükafatlar
təqdim etməkdən böyük sevinc duyur. "Sizdən
bizim ölkəmiz haqqında xoş rəylər, sizin təmsil
etdiyiniz ən müxtəlif ölkələr arasında
münasibətlərin hərtərəfli möhkəmlənməsinin
zəruri olması barədə fikirlər eşitmək mənə xoş
idi", - deyən RF Prezidenti vurğulamışdır ki,
praktiki olaraq hər bir dövlətdə həmişə onun öz
problemləri olur, lakin biz həmin problemləri
sizin öz proqramlarınız çərçivəsində
göstərdiyiniz dəstəyin köməyi ilə və ya sadəcə,
hər gün fədakarlıq göstərərək həyata
keçirdiyiniz bu cür aktiv fəaliyyət sayəsində -
öz sənətinizə, öz peşənizə xidmət edəndə, biz
həmin problemləri həll etməyə çalışanda, bax bu
vəziyyətdə başa düşürük ki, bəşəriyyətin
gələcəyi yaxşı olmalıdır.
Rəsmi hissədən
sonra Dmitri Medvedev və mərasim iştirakçıları
xatirə şəkli çəkdirmişlər.
***
Nərgiz
Paşayeva Azərbaycan KİV-lərinə müsahibəsində bu
hadisənin əhəmiyyətini qiymətləndirərək
demişdir: "Bu, mənim həyatımda, taleyimdə xüsusi
bir gündür. Bu, mənim təltif edildiyim ilk
dövlət mükafatıdır və mərasim çox yaxşı, gözəl
keçdi. Mən fəxr edirəm və xoşbəxtəm ki,
Azərbaycan və Rusiya mədəniyyətlərarası
münasibətlərinin tarixinə müəyyən töhfə verə
bilirəm. Ümid edirəm ki, məhz mədəni əlaqələr
sayəsində yer üzündə insanlar, xalqlar
bir-birinə yaxın olacaqlar. Biz, bunda marağı
olan, buna ruhunu və qəlbini sərf edən insanlar
bu gün, indi edə biləcəyimiz işləri gələcək
nəslin çiyninə qoymayacağıq".
AzərTAc |
|