Birincilərin
"Bilik" bayramını Bakıdakı 27 nömrəli orta
məktəbin I "e" sinfində müşahidə etdik.
Al-əlvan, zövqlə tərtib edilmiş sinif otağında
balacalar əlifba sırası ilə düzülmüşdülər.
Onların sinəsini müxtəlif rənglərdə olan
rəqəmlər, hərflər, məktəb ləvazimatlarının
maketləri bəzəyirdi. Azərbaycanın Dövlət himni
ilə başlayan tədbirdə birincilər ana, Vətən,
torpaq, dostluq haqqında şeirlər söyləyib,
mahnılar oxudular. İstedad, bilik və
bacarıqlarını məharətlə nümayiş etdirən
birincilərin çıxışları tədbirdə iştirak edən
müəllim və valideynləri uşaq dünyasının
əsrarəngiz gözəlliyinə, nağıl dünyasına
qovuşdurdu. Bu qürur hissini hamıdan çox
yaşayan birincilərin sevimli müəllimi Aynur
Abdullayeva oldu. Çünki bu şənlik həm də
onların hesabat tədbiri idi.
Birincilərdən Rüfət, Riyad, Fərhad, Banu,
Məryəm, Ruqiyə, İmran, Nicat və başqaları
"Buratino", "Molvina" səhnəciklərini, eləcə də
müxtəlif dünya xalqlarının milli rəqslərini ifa
etdilər. "Cücələrim" rəqsi isə iştirakçılarda
xoş ovqat yaratdı.
Məktəbin direktoru Cəmilə Ramazanova və
başqaları şənliyin təşkilatçısı Aynur
Abdullayevaya minnətdarlıqlarını bildirib,
balacalara öz istək və arzularını çatdırdılar.
Sifai SƏFƏROVA |
|