Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - ¹23

 

Dünya universitetləri

 

Şeffild Universiteti

 
  Yerləşir: Böyük Britaniya,  İngiltərə, Şeffild şəhəri  
Yaranma tarixi: 1897-ci il
Tipi: Dövlət
İşçi heyəti: 5533 nəfər
Tələbələrin ümumi sayı: 24916 nəfər
İllik gəlirləri: 408610000 funt-sterlinq
İllik xərcləri: 388929000 funt-sterlinq
Rəsmi saytı: www.sheffield.ac.uk
 

 

Şeffild Universiteti (University of Sheffield) İngiltərənin Cənubi Yorkşir əyalətindəki Şeffild şəhərində yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. 

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Şeffild Universiteti 100 ən yaxşı ali məktəb arasında 82-ci yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Şeffild Universiteti 137-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 69-cu yerdə qərarlaşıb.

Şeffild Universiteti Russell, N8 qruplarının, Avropa Universitetləri Assosiasiyasının, Dünya Universitetləri Şəbəkəsinin və Ağ Qızılgül Universitetləri Konsorsiumunun üzvüdür. 

Tarixi 

Şeffild Universiteti üç kollecin birləşdirilməsi nəticəsində yaranıb. 1879-cu ildə Şeffild şəhərində ingilis xeyriyyəçisi Mark Fertin yardımı nəticəsində humanitar və dəqiq elmlər tədris ediləcək Fert Kolleci, 1828-ci ildə isə Şeffild Tibb Məktəbi yaradılır. Fert Kollecinin maliyyə dəstəyi nəticəsində 1884-cü ildə tətbiqi elmlərin tədris edildiyi Şeffild Texnikumu fəaliyyətə başlayır. 1897-ci ildə bu üç təhsil müəssisəsi birləşdirilərək Şeffild Universitet Kolleci yaradılır. 1905-ci ildə ali məktəbin adı dəyişdirilərək Şeffild Universiteti olur. 1909-cu ildə Şeffild Universitetinin Edqard Allen kitabxanası açılır. Həmin dövrdə universitetdə cəmi 114 tələbə təhsil alırdı. 1919-cu ildə hərbi qulluqçuların geri dönməsi nəticəsində universitet tələbələrinin sayı sürətlə artaraq 1000-i keçir. 

İlk vaxtlar universitet zəif inkişaf etsə də, 1950-1960-cı illərdə ali məktəb sürətlə irəliləməyə başlayır. Həmin dövrlərdə Şeffild Universiteti tələbələrinin sayı getdikcə artır, yeni alimlər cəlb edilir, binalar tikilir, geniş tədqiqatlar aparılır.

1995-ci ildə universitetin Tibb, stomatologiya və səhiyyə fakültəsində Tibb bacısı və Mamalıq Məktəbi açılır, Uinter küçəsindəki Sent Corc xəstəxanası genişləndirilir, Nortern ümumi hospitalının yeni binası istifadəyə verilir. 1997-ci ildə Şeffild Universiteti əcnəbi tələbələrin buraya cəlb edilməsi ilə bağlı layihələr həyata keçirir. 2000-ci illərdə Şeffild Universitetinin tələbələrinin sayı sürətlə artaraq 20000-i ötür, ali məktəbdə milyonlarla funt-sterlinq dəyərində tikinti-quruculuq və tədqiqat proqramları həyata keçirilir. 

Büdcəsi və təhsil haqqı

 2009-2010-cu tədris ilində Şeffild Universitetinin illik gəlirləri 408610000 funt-sterlinq olub. Həmin vəsaitin 125775000-i maliyyə şurası qrantları, 126822000-i təhsil haqqı və təhsil sazişləri, 98748000-i tədqiqat qrant və sazişləri, habelə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib. Bu tədris ilində ali məktəbin ümumi xərcləri 388929000 funt-sterlinq olub. Göstərilən məbləğin 218186000-i əməkdaşların əməkhaqqı, 32128000-i amortizasiya, qalanlarını isə digər əməliyyat xərcləri təşkil edib.

2010-2011-ci tədris ilində Şeffild Universitetində yerli və Avropa Şurası ölkələrini təmsil edən tələbələrin bakalavr səviyyəsində təhsil haqqı 3000 funt-sterlinq təşkil edib. 2011-2012-ci tədris ilində həmin məbləğin 6000-9000 funt-sterlinqə qədər qaldırılması nəzərdə tutulur. Təhsil haqqının qaldırılması yalnız yerli və Avropa Şurası ölkələrini təmsil edən tələbələr üçün nəzərdə tutulub. 2011-2012-ci tədris ilində universitetdə bakalavr səviyyəsi üzrə oxuyan əcnəbi tələbələrin təhsil haqqı İncəsənət və İctimai elmlər fakültələrində 11490-13330, Saf elmlər fakültəsində 13330-15100, Mühəndislik və Tibb fakültələrində 15100-27290 funt-sterlinq olacaq. Həmin tədris ilində magistratura və doktorantura səviyyələri üzrə oxuyan tələbələrin təhsil haqqı yerli tələbələr üçün 3732-18732 (Tibb fakültəsində), əcnəbi tələbələr üçün isə 11490-42290 (Tibb fakültəsində) funt-sterlinq arasında dəyişir.  

Universitet bu gün 

Şeffild Universitetinin binaları bir-birinə yaxın ərazidə yerləşsə də, universitetin əsas kampusu yoxdur. Şeffild şəhərinin mərkəzindən qərbdə bütövlüklə universitetə məxsus binalar mövcuddur. Bu rayonda universitetin Tələbə təşkilatı, Oktaqon mərkəzi, Fert məhkəməsi, Coğrafiya və Planlaşdırma müəssisəsi, Dəqiq elmlər bölməsi və kiçik muzeylərin olduğu Alfred Denni binası, Deyton və Riçard Roberts tikilisi, riyaziyyat və fizika elmlərinin yerləşdiyi Hiks binası vardır. Universitetin kitabxanaları və İncəsənət qülləsi də həmin ərazidədir. Burada son illərdə tikilmiş binalardan İnformasiya fondunu (2007), Saundhaus binasını (2008), Cessop Qərbi binasını (2009) qeyd etmək olar. Eyni zamanda 2010-cu ildə universitetin Qərbi Bank kitabxanası, Şeffild Tələbə təşkilatı binası, İncəsənət qülləsi yenidən əsaslı təmir edilib.

Şeffild Universitetinin əsas binalarının yerləşdiyi ərazidən şərqdə universitetin Sent Corc kilsəsinin adına uyğun olaraq Sent Corc kampusu yerləşir. Kampus Mappin küçəsindədir və burada universitetin Mühəndislik fakültəsi, İdarəetmə Məktəbi və Kompüter elmləri departamenti, Törner Şüşə muzeyi, viktorian üslubda tikilmiş qədim Cessop qadın xəstəxanası mövcuddur. Kampusa yaxın ərazidə kral Eduardın dövründə tikilmiş binalar, Sent Corc kilsəsi və kilsəyə aid torpaq sahələri yerləşir.

Daha qərbə doğru universitetin Ueston parkı, Ueston Park muzeyi, Harold Kantor qalereyası, Krukesmur ərazisində idman kompleksləri, Hallamşir Kral xəstəxanasının yaxınlığında Tibb, stomatologiya və səhiyyə fakültəsi yerləşir. 2010-cu ilin noyabrında bu ərazidə kraliça II Yelizavetanın təşəbbüsü ilə Şeffild Mütərəqqi (İrəliləyən) Neyroelmlər İnstitutu istifadəyə verilib. Uotna-Dirn, Roterhem və Bernsli əraziləri arasında universitetin Manvers kampusu yerləşir.

Şeffild Universitetində 5 fakültə, 50 departament, 82 institut və elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda Yunanıstanın Saloniki şəhərində Şeffild Universitetinin Beynəlxalq fakültəsi mövcuddur.

İncəsənət və humanitar elmlər fakültəsi Arxeologiya, Bibliya elmləri, Fransız, Alman, İspan, Rus və Slavyan tədqiqatları, Tarix, Musiqi, Fəlsəfə departamentlərindən, İngilis dili Məktəbindən, Müasir Dillərin Öyrənilməsi Mərkəzindən ibarətdir.

Mühəndislik fakültəsinə Aerokosmik sənaye, Avtomatik nəzarət və sistemlər mühəndisliyi, Kimya və biologiya mühəndisliyi, Vətəndaş və quruculuq mühəndisliyi, Kompüter elmləri, Elektronika, Elektronika və elektrik mühəndisliyi, Texniki materiallar, Maşınqayırma departamentləri daxildir.

Saf elmlər fakültəsinə Heyvan və bitki aləmi elmləri, Riyaziyyat və statistika, Tibbi biologiya elmləri, Kimya, Molekulyar biologiya və biotexnologiya, Fizika və astronomiya, Psixologiya departamentləri aiddir.

İctimai elmlər fakültəsi Memarlıq, Şərqi Asiya tədqiqatları, İqtisadiyyat, Təhsil tədqiqatları, Coğrafiya, Jurnalistika, Peyzaj, Hüquq, Siyasət, Sosioloji tədqiqatlar, Şəhər və regional planlaşdırma departamentlərindən, İnformasiya, Menecment məktəblərindən ibarətdir.

Tibb, stomatologiya və səhiyyə fakültəsində Ürək-damar elmləri, İnsan kommunikasiyası elmləri, İnsan metabolizmi, İnfeksiya və immunitet, Nevrologiya, Onkologiya departamentləri, Stomatologiya, Tibb, Tibb bacısı və Mamalıq, Səhiyyə və Əlaqəli Problemlər məktəbləri mövcuddur.

Yunanıstanın Saloniki şəhərindəki Siti Kollecdə fəaliyyət göstərən universitetin Beynəlxalq fakültəsi Biznes administrasiyası və iqtisadiyyat, Kompüter elmləri, Psixologiya, Humanitar və sosial elmlər departamentlərindən, İcraedici Təhsil Mərkəzindən ibarətdir.

Şeffild Universiteti zəngin kitabxana sisteminə malikdir. Universitetin kitabxana sisteminə bütün kampuslarda yerləşən 5 müxtəlif kitabxana daxildir. Kitabxanalarda yer qıtlığı yaşandığı üçün yeni kitablar gətirildikdə köhnə kitablar Qərbi Bank kitabxanasının mağazasında yerləşdirilir. Kitabxanalarda ümumilikdə 1300000 kitab və digər çaplı nəşr saxlanılır. Burada minlərlə qəzet, jurnal, sənəd, mikrofilm, biblioqrafik verilənlər bazası və elektron resurs mövcuddur. 1850-ci ilədək çap edilmiş kitablar kitabxananın Xüsusi kolleksiyalar bölməsində qorunur. Bu bölmədə 500 il əvvələ aid çaplı materiallar, əlyazmalar mövcuddur. Müəllim və tələbələr həmin materiallarla bölmədən müvafiq razılıq aldıqdan sonra tanış ola bilərlər. Kitabxananın fondu tərəfindən əldə olunan bütün elektron materiallar universitetin hər bir üzvü üçün, onun olduğu yerdən asılı olmayaraq, açıqdır. 

Şeffild Universiteti bir neçə orqan tərəfindən idarə olunur. Həmin orqanlara İcraçılar Şurası, Universitet məhkəməsi, Şura və Senat daxildir. İcraçılar Şurasının üzvləri vitse-kansler, 5 pro-vitse-kansler, 3 institusional pro-vitse-kansler (Tədqiqat və innovasiya, Təhsil və tədris, Xarici əlaqələr üzrə), qeydiyyatçı və katib, maliyyə üzrə direktor, insan resursları (əməkdaşlar) üzrə direktor, elmi katibdir. Universitet məhkəməsi universitet və cəmiyyət arasındakı əlaqələri tənzimləyən böyük orqandır və ruhani olmayan şəxslərdən ibarətdir. Məhkəmənin üzvləri Şeffild şəhərindən olan deputatlar, yepiskoplar, eləcə də Cənubi Yorkşir polis xidmətinin əsas konsteblləridir (İngiltərə və ABŞ-da aşağı polis rütbəsi). Məhkəmə həmçinin İncəsənət Şurası, Kral cəmiyyəti, Baş Tibbi Şuradan ibarətdir. Şura universitetin maliyyə və mülkiyyət işlərinə nəzarət edir.

Universitetin Senatı ali məktəbin akademik işləri ilə məşğuldur. Bu, universitetin ən nüfuzlu elmi orqanıdır və senatın üzvləri vitse-kansler, 3 institusional və 5 fakültə pro-vitse-kanslerləri, fakültə dekanları və əməkdaşları, departamentlərin və məktəblərin rəhbərləri, kitabxanaçılar, əməkdaşlar arasından seçilmiş şəxslər, hər fakültədən seçilmiş tələbə, magistr və doktorantlar arasından  seçilmiş iki tələbə, Senat katibi və digər şəxslərdir. Kansler universitetdə formal xarakter daşıyır, əsasən elmi dərəcələrin verilməsi tədbirlərində iştirak edir. Şeffild Universitetinin hazırkı kansleri ser Piter Edvard Middlton, vitse-kansleri isə 2007-ci ildən bu vəzifəni daşıyan professor Kit Bernettdir. Universitetdə  ümumilikdə 5533 nəfər işçi çalışır. İşçilərin 397 nəfərini professor, 1160 nəfərini akademik, qalanlarını isə inzibati heyət təşkil edir.

2010-2011-ci tədris ilində universitetdə təhsil alan tələbələrin sayı ümumilikdə 24916 nəfər təşkil edib. Tələbələrin 4000-ə qədəri dünyanın 130 ölkəsindən olan əcnəbi tələbələrdir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Şeffild Universitetinin bakalavr səviyyəsində Aslan Həmzə oğlu Aslanlı mühasibatlıq, maliyyə və biznes menecmenti ixtisası üzrə təhsil alır.  2009-2010-cu tədris ilində Faiq Qalib oğlu Abbasov, Pərviz Nəsir oğlu Muradov, Günay Baba qızı Bayramova beynəlxalq münasibətlər, Fərid Məmmədəli oğlu Babayev beynəlxalq maliyyə və iqtisadiyyat ixtisasları üzrə Şeffild Universitetinin magistratura səviyyəsinin məzunu olublar.

Şeffild Universitetinin yataqxanaları Şeffild şəhər mərkəzinin qərbində yerləşir. Burada universitetin Tapton, Endkliff Veyl, Yarımay, Kru mənzilləri, Berbaj, Stanec, Houden, Froqqat, Rivelin, Yarnkliff, Berçen, Kerbar, Kartkliff, Lourensfild, Deruent yataqxana kompleksləri, Endkliff Tələbə kəndi mövcuddur. Bu ərazidə tikilmiş yeni yataqxana kompleksləri 2007-ci ilə aid Berbaj, 2009-2010-cu tədris ilində istifadəyə verilmiş 1200 nəfərlik Renmur Tələbə kəndidir. Universitet tələbələrin qalmaqları üçün özəl mənzillər də təklif edir. Endkliff Tələbə kəndində otaqların illik qiyməti 3272-5558, Renmur Tələbə kəndində 4577-6882, əsas və mərkəzi kampuslardakı yataqxanalarda isə 3748-4948 funt-sterlinq arasında dəyişir.  Ümumiyyətlə, Şeffild şəhəri Böyük Britaniyada yaşamaq və oxumaq üçün ən əlverişli və ucuz şəhərlərdən biridir.

Şeffild Universitetinin tələbə təşkilatı 1906-cı ildə yaradılıb. Tələbə təşkilatının xüsusi kafeləri, restoranları, klubları, kinoteatrı, supermarketi, idman zalları, yüzlərlə idman komandası, teatr truppası, Forge tələbə radiostansiyası, "Forge Press" tələbə qəzeti və digər xidmət sahələri mövcuddur.  Universitetin 26 idman komandası mövcuddur. Onların idman formaları qara və qızılı rənglərdən ibarətdir. Universitetdə oğlanlardan ibarət badminton, boks, basketbol, kanoe-polo, Amerika futbolu, futbol, futzal, xokkey, örtülü kriket, lakross, reqbi, voleybol, su polosu, xizəkçilik, qızlardan ibarət badminton, basketbol, kanoe-polo, futbol, futzal, xokkey, örtülü kriket, lakross, voleybol, su polosu, xizəkçilik, qız və oğlanlardan ibarət atletika, velosport, Muay Tay boksu, qolf, frizbi, dzü-do, korfboll, lakross, avarçılıq, skvoş, üzgüçülük, tennis, xizəkçilik və digər idman komandaları fəaliyyət göstərir.

Şeffild Universiteti fəaliyyəti dövründə çoxlu sayda yazıçı, alim və iş adamı yetirib. Universitetin məşhur məzunları arasında ədəbi tənqidçi Uilyam Empson, yazıçı Ancela Karter, siyasi nəzəriyyəçi Bernar Krik, beş Nobel mükafatı laureatı var. Bu ali təhsil müəssisəsində geniş sahələri əhatə edən yüksək səviyyəli təhsil və tədris mövcuddur və dünya səviyyəli tədqiqatlar aparılır. Universitet "Boeing", "Rolls Royce", "Unilever", "Boots", "AstraZeneca", "Slazenger" və s. kimi dünya şöhrətli şirkətlər və xeyriyyə fondları, eləcə də bir çox ölkənin nüfuzlu ali məktəbləri ilə tədqiqat əməkdaşlığı aparır.   

 

Universitetin məşhur məzunları 

  Nikolas Liverpul Dominikan Respublikasının Prezidenti  
  Devid Blankett  Böyük Britaniyanın sabiq daxili işlər naziri  
  Baronessa Teylor Böyük Britaniyanın sabiq müdafiə naziri  
  Frederik Arçibald Uorner Avropa Parlamentinin sabiq üzvü  
  Kadi Sesay Syerra-Leone dövlətinin sabiq ticarət və sənaye naziri  
  Stüart Piç Böyük Britaniyanın aviasiya marşalı, Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri  
  Lim Neo Çian Sinqapur hərbi qüvvələrinin sabiq rəhbəri  
  Uesli Karr Böyük Britaniya Vestminister abbatlığının sabiq dekanı  
  Hovard Flori  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Hans Krebs  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Riçard Roberts tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Corc Porter kimya üzrə Nobel mükafatı laureatı  
  Harri Kroto kimya üzrə Nobel mükafatı laureatı  
  Helen Şarman Böyük Britaniyanın ilk astronavtı  
  Con Tompson Kanada şairi  
  Li Çayld, Coan Harris Böyük Britaniya yazıçıları   
  Toni Mils   Böyük Britaniyanın şahmat üzrə ilk qrossmeysteri  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov