Kürdəmir
rayonunun Dəyirmanlı kənd tam orta məktəbində
Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş
artilleriya zabiti Tahir İslamovun anım gününə
həsr olunmuş "Azərbaycan oğluyam" adlı
ədəbi-bədii kompozisiya keçirilib.
Təhsil
aldığı Dəyirmanlı kənd tam orta məktəbi indi
Tahir Ağakişi oğlu İslamovun adını daşıyır. Hər
il may ayında keçirilən bu təntənəli tədbirlər
bütün şagird və müəllim kollektivini, qonaqları
bir daha o günlərə qaytarır, vətənə bağlayır,
torpaqlarımızın tezliklə qaytarılacağına
əminlik yaradır, şagirdlərdə hərbi
vətənpərvərlik hissləri aşılayır.
Öncə şəhidin
məktəbdəki abidəsi önünə əklillər və tər
gül-çiçək dəstələri qoyulub. Mərasimi giriş sözü
ilə məktəbin tərbiyə işləri üzrə direktor
müavini Nəzakət Xasməmmədova açıb. Əsgər paltarı
geyinmiş şagirdlər Azərbaycan bayrağını böyük
coşqu və təntənə ilə meydana gətiriblər.
Şagirdlərin ifasında Dövlət himni səslənib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Tədbirin
aparıcısı, IX "a" sinif şagirdi Şəbnəm Mazakova
şəhid Tahir İslamovun qısa, lakin şərəfli həyat
yolu haqqında məlumat verib. O, Tahirin Odessa
Ali Artilleriya Məktəbində oxuduğu təhsil
illərindən, vətənin ağır günlərində oradakı
xidmətini atıb, Azərbaycan ordusunun zabiti
olaraq birbaşa cəbhəyə yollanmasından, Qarabağın
ən qaynar nöqtələrindəki xidmətlərindən danışıb.
Qeyd edib ki, Tahirin son döyüşü Füzuli
rayonunun Cuvarlı kəndində olmuş, 1992-ci il
mayın 7-də qrad mərmisinin çox yaxında
partlaması nəticəsində qəhrəmancasına həlak
olub.
Göstərdiyi
şücaət və igidliklərə görə ölümündən sonra o,
ulu öndər Heydər Əliyevin fərmanı ilə
"Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Aparıcı
Şəbnəm məktəbin digər şəhid məzunları - Mübariz
Osmanov, Əsgər Yahyayev, Şaban Yunusov, Teymur
İsgəndərov, Qurban Rəhimov haqqında da
danışıb, onlara tədbir iştirakçıları adından
rəhmət diləyib. Sonra məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini Əvəz Həsənov,
Kürdəmir Rayon Təhsil şöbəsinin müdir müavini
Əsgər Hüseynov, rayon gənclər və idman
idarəsinin rəis müavini Qalib Baxşiyev, kənd
icra nümayəndəsi İlham Mustafayev, kənd
bələdiyyəsinin sədri Niyazi Babayev şəhidliyin
uca zirvə olduğunu qeyd edərək Tahir haqqında
xoş sözlər deyiblər.
Şagirdlərin
ifasında Tahirə və digər şəhidlərimizə həsr
olunmuş şeirlər, əsgər mahnıları səsləndirilib.
Mərasimin
sonunda qəhrəmanın anası Elmira İslamova
qonaqlara və tədbirin iştirakçılarına öz dərin
təşəkkürünü bildirib. Sonra tədbir iştirakçıları
Tahir İslamovun döyüş yolunu əks etdirən
şəhidlər muzeyində olublar.
Tədbirin
sonunda şəhidin xatirəsinə həsr olunmuş
məktəblərarası voleybol turniri keçirilib.
Mərasim iştirakçıları və müəllimlərin bir qrupu
Tahir İslamovun doğulub boya-başa çatdığı evdə
olub, əzizləri, doğmaları ilə görüşüblər.
Şakir CƏFƏROV |