İyunun
16-da XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya
Mərkəzində tədbir keçirildi. Tədbirdə Xəzər
İnvestisiya Mərkəzinin nümayəndəsi, mərkəzdə
təhsil alan şagirdlərin valideynləri, müəllimlər
və KİV əməkdaşları iştirak edirdilər. Tədbiri
giriş sözü ilə açan XXI əsr Beynəlxalq Təhsil və
İnnovasiya Mərkəzinin direktoru Vəfa Məmmədova
bildirdi ki, mərkəz bu ilin iyun ayında
Beynəlxalq Bakalavriat Təşkilatının dünya
məktəblərinin sırasına daxil olub və həmin
təşkilatın diplom proqramını tədris etmək hüququ
qazanıb. Diplom proqramı axırıncı iki sinif,
yəni X və XI sinifləri əhatə edir ki, bu
proqramı uğurla bitirib diplom alanlar dünyanın
2500-dən çox universitetində təhsillərini davam
etdirmək hüququ qazanırlar. Həmçinin bu
universitetlərin siyahısına dünya reytinqində I
yerləri tutan Harvard, Oksford, Kembric kimi
universitetlər də daxildir.
Sonra Xəzər
İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev
Beynəlxalq Bakalavriat Təşkilatı və onun tədris
proqramları haqqında təqdimat etdi və
beynəlxalq təhsil sahəsində dünya üzrə tanınmış
lider olan Beynəlxalq Bakalavriat Proqramının
yaranma tarixindən ətraflı danışdı.
Tədbirdə XXI
əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində
işləyən müəllimlərdən Aytən Kazımova, Nigar
İsmayılova, Nigar Cahangirova və başqaları da
çıxış edərək proqramın mahiyyətindən,
üstünlüklərindən danışdılar. Tədbir diskussiya
şəklində başa çatdı.
Şakir CƏFƏROV |