Naxçıvan
Dövlət Universitetində 15 iyun - Milli Qurtuluş
Günü qeyd olundu.
Bu münasibətlə
təşkil olunan tədbiri giriş sözü ilə açan ali
məktəbin rektoru, akademik İsa Həbibbəyli bu
günün tarixindən danışdı.
Qeyd olundu
ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil
olmuş 1993-cü ilin 15 iyun günü hər birimiz üçün
əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim
mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə
ölkəsinin inkişafında, müstəqilliyində,
gələcəyində müstəsna rol oynayan, daim xalqına
arxalanan və xalqa arxa olan bir insan, parlaq
şəxsiyyət, görkəmli siyasi lider Heydər
Əliyevdir. Natiq tədbir iştirakçılarını
əlamətdar bayram münasibətilə təbrik etdi.
Yeni
Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının
sədri, tarix elmləri üzrə fəlsəfə doktoru,
dosent Elman Cəfərli "Böyük qayıdışdan milli
qurtuluşa", Yeni Azərbaycan Partiyası
Universitet şəhərciyi ərazi ilk təşkilatının
sədri, pedaqogika üzrə fəlsəfə doktoru,
Pedaqogika və psixologiya kafedrasının dosenti
Kamal Camalov "Qurtuluşdan dirçəlişə gedən yol"
adlı məruzələrində ulu öndər Heydər Əliyevin
xalqımızın və tariximizin qarşısında ən böyük
xidmətlərinin kəskin geosiyasi ziddiyyətlərin
mövcud olduğu bir şəraitdə Azərbaycan
dövlətçiliyini xilas etməsi, Azərbaycanı
parçalanıb yox olmaq təhlükəsindən qurtarması
olduğunu vurğuladılar.
Tədbir
İncəsənət fakültəsinin fortepiano ixtisası üzrə
II kurs tələbəsi Günay Heydərovanın Milli
Qurtuluş Gününə həsr olunmuş solo konserti ilə
başa çatdı. Musiqili proqramda Tofiq Quliyevin
"Qızıl üzük" mahnısı, "Bəxtəvər oldu" romansı,
Cövdət Hacıyevin "Ballada"sı, Sergey
Raxmaninovun "Prelüd sol minor" əsəri, Fikrət
Əmirov və Elmira Nəzirovanın "Ərəb mövzularında
konsert"i məharətlə ifa olundu.
Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |