Azərbaycan Müəllimlər İnstitutunda Heydər Əliyev
Mərkəzi fəaliyyət göstərir
Azərbaycan
xalqının siyasi fikir və dövlətçilik tarixinə
nadir düha sahibi kimi daxil olan ulu öndər
Heydər Əliyev bütün dünya azərbaycanlılarının
qəlbində yaşayan bir şəxsiyyətdir. O, bütün
şüurlu həyatını canından artıq sevdiyi vətəninin
tərəqqisinə, inkişafına həsr etmişdir. Bütün
sahələrə ayrı-ayrılıqda yer ayıran Heydər Əliyev
xüsusilə təhsilə böyük diqqət yetirərək xalqın
mədəni-siyasi inkişafına xidmət edəcək yeni-yeni
təhsil ocaqlarının təşkilinə qayğı göstərirdi.
Bu gün ölkəmizdə Azərbaycan Müəllimlər İnstitutu
və onun ayrı-ayrı regionlarda yerləşən
filialları da Heydər Əliyevin 13 iyun 2000-ci il
tarixli qərarı ilə yaradılmışdır.
Azərbaycan
Müəllimlər İnstitutunun Heydər Əliyev Mərkəzi
ali məktəbin rektoru, millət vəkili, professor
Aqiyə Naxçıvanlının təşəbbüsü ilə müstəqil
Azərbaycan Respublikasının qurucusu ümummilli
lider Heydər Əliyevin əziz xatirəsinə ehtiram
əlaməti olaraq, onun ideyalarının parlaqlığının,
əbədiliyinin təmin edilməsi, gələcək nəsillərə
ötürülməsi məqsədilə yaradılmışdır. Təməli
2008-ci ildə qoyulmuş Heydər Əliyev Mərkəzi
2009-cu ildə istifadəyə verilmişdir. Yarandığı
gündən bu günədək minlərlə qonaq qəbul edən
mərkəz öz işini uğurla davam etdirməkdədir.
Eksponatları
ulu öndərin həyat və fəaliyyətinin bir çox
səhifəsini əks etdirən bu mərkəz müasir üslubda
tərtibatı, rəng çalarlarının ahəngi,
işıqlandırma sisteminə görə respublikanın ali
təhsil müəssisələri arasında bənzəri olmayan bir
məkandır. Mərkəzdə Heydər Əliyevin zəngin həyat
yolu, onun dövlətçilik və siyasi fəaliyyətini
özündə əks etdirən çoxlu kitab, fotoşəkil və
başqa sənədlər toplanmışdır. Ulu öndərin
möhtəşəm büstü mərkəzə xüsusi yaraşıq verir.
Mərkəzdə
M.Maqomayevin "Azərbaycan" mahnısının sədaları
ilə müşayiət olunan ulu öndərin həyatının
müxtəlif məqamlarını, Azərbaycanın müstəqilliyi,
inkişafı yolundakı, beynəlxalq aləmdə tanınması
istiqamətindəki fəaliyyətini özündə əks etdirən
film göstərilir.
Heydər Əliyev
Mərkəzi, eyni zamanda tədris ocağıdır. Burada
müxtəlif tədbirlər, əlamətdar günlər qeyd
olunur. Mərkəzdə institutun tələbələrinə,
respublikanın müxtəlif bölgələrindən
ixtisasartırma, təkmilləşdirmə və
yenidənhazırlanma kurslarına gələn müdavimlərə,
eyni zamanda Avropanın bir sıra təşkilat və
tədris ocaqlarından gələn qonaqlara ulu öndərin
elm, mədəniyyət və təhsilə, milli mənəvi
dəyərlərin qorunması və inkişafına göstərdiyi
qayğıdan, iqtisadiyyatın yüksəlişi istiqamətində
fəaliyyətindən, onun bu sahədə həyata keçirdiyi
böyük tarixi əhəmiyyət kəsb edən layihələrdən,
neft strategiyasından, beynəlxalq əlaqələrdən və
s. söhbət açılır.
Məlum olduğu
kimi, Heydər Əliyev 30 ildən artıq (34 il)
Azərbaycana rəhbərlik etmiş, bu müddətdə
ölkənin, xalqın taleyində unudulması heç bir
zaman mümkün olmayacaq bir iz qoymuşdur. Sovet
dövründən bu günədək Heydər Əliyev haqqında
saysız-hesabsız kitab yazılmışdır. Bunların
arasında akademik Ramiz Mehdiyevin, Hidayət
Orucovun tərtib etdikləri "Heydər Əliyev.
Müstəqilliyimiz əbədidir" adlı çoxcildlik də
vardır. Kitabda 1993-cü ildən başlayaraq Heydər
Əliyevin çıxışları, nitqləri, bəyanatları,
fərmanları, məktubları, əmrləri, sərəncamları,
müsahibələri toplanmışdır.
İkinci stenddə
Heydər Əliyevin gənclik illərini əks etdirən,
ailəsi ilə birgə olan fotoşəkillərini, eyni
zamanda Azərbaycana rəhbərlik etdiyi birinci
dövrdə keçirdiyi görüşlərdən olan fotoşəkilləri
görmək olar.
Digər stenddə
ulu öndərin ömür-gün yoldaşı, görkəmli
alim-oftalmoloq, Azərbaycan EA-nın həqiqi üzvü
Zərifə xanım Əliyeva ilə bağlı, qarşı tərəfdə
isə Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin
ayrı-ayrı dövrlərini əks etdirən kitablar
toplanmışdır. "Tale yolları" (Nikolay Zenkoviç),
"Şəxsiyyət və zaman" (Elmira Axundova) kimi
kitablarda ulu öndərin bioqrafiyası, həyatının
maraqlı məqamları, onun haqqında ictimai-siyasi
xadimlərin söylədikləri dəyərli fikirlər öz
əksini tapmışdır. Həmin kitablar qonaqlarda
xüsusi maraq yaradır.
Mərkəzdə ən
zəngin stendlərdən biri iqtisadiyyatla bağlıdır.
Burada Heydər Əliyevin Azərbaycan
iqtisadiyyatının inkişafı, yüksəlişi
istiqamətindəki fəaliyyətindən, neft
strategiyasından bəhs edən kitablar
toplanmışdır. Qeyd etmək lazımdır ki, 1994-cü il
sentyabrın 20-də Bakıda dünyanın iri sənaye
şirkətlərinin iştirakı ilə imzalanmış "Əsrin
müqaviləsi" adlı böyük neft müqaviləsi ilə
Heydər Əliyev Azərbaycanın səmtini Qərbə çevirdi
və Azərbaycan iqtisadiyyatının dünya
iqtisadiyyatına qovuşmasına start verildi. Ulu
öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycan
inkişaf etmiş sənaye və kənd təsərrüfatı
ölkəsinə çevrilmiş, üzümçülük və pambıqçılığın
istehsalına görə keçmiş İttifaqın qabaqcıl
respublikaları sırasına daxil olmuşdur. Və sirr
deyil ki, ilk sənaye müəssisələrinin əksəriyyəti
də məhz Heydər Əliyev dönəmində inşa edilmişdir.
Beynəlxalq
əlaqələrə həsr olunmuş stenddə ümummilli liderin
xarici siyasətlə bağlı fəaliyyətinə həsr olunmuş
kitablar toplanmışdır. Qeyd etmək lazımdır ki,
Heydər Əliyev hələ 70-80-ci illərdə Azərbaycanın
beynəlxalq əlaqələrinin yaradılması sahəsində
böyük iş aparırdı. O, mədəniyyət, iqtisadiyyat
və siyasətin müxtəlif məsələlərinə dair
ümumittifaq və beynəlxalq əhəmiyyətli forumlar,
Rusiya və Ukraynanın mədəniyyət günlərinin
təşkilini təmin etmiş, bir çox ölkələrin
görkəmli siyasi liderləri ilə görüşlər
keçirmişdir. Heydər Əliyev Azərbaycanın dünyaya,
xüsusilə də Avropanın aparıcı dövlətlərinə
inteqrasiyasını təmin etmək məqsədilə, ilk
növbədə, ölkənin başqa respublikalarla
münasibətlərini normal məcraya salmış, əksər
ölkələrlə mehriban münasibətlərin yaradılmasına
nail olmuşdur. Məhz ulu öndərin
balanslaşdırılmış siyasəti sayəsində Azərbaycan
Cənubi Qafqazın liderinə çevrilmişdir. Artıq
Azərbaycan dünya birliyində tanınan, bir sıra
beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilmiş
bir ölkədir.
Mərkəzdəki
stendlərdən biri Azərbaycanla Şərq dünyası
arasında olan elmi, mədəni, iqtisadi əlaqələrdən
bəhs edən kitablara həsr olunmuşdur. Burada
Heydər Əliyevin bir sıra ölkələrə etdiyi
səfərlərdən, keçirdiyi görüşlərdən, verdiyi
müsahibələrdən, bağladığı sazişlərdən bəhs edən
faktlar, eyni zamanda İslam dünyasının tanınmış
ictimai-siyasi xadimlərinin ölkəmizlə bağlı olan
fikirləri öz əksini tapmışdır.
Heydər Əliyev
Mərkəzində Azərbaycan təhsilinə həsr olunmuş
stendə nəzər saldıqda ulu öndərin təhsilə
göstərdiyi böyük qayğının, müəllim sənətinə
verdiyi yüksək qiymətin şahidi oluruq: "Mən
bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə
məktəbə, müəllimə borcluyam". Bu stenddə Heydər
Əliyevin uşaqlarla, gənclərlə olan görüşlərini
əks etdirən fotoşəkillər sərgilənmişdir. Təhsil
və gənclik ümummilli liderin uzaqgörən
siyasətinin bünövrəsini təşkil edir: "Müstəqil
Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları
bilik, təhsil və tərbiyədən asılıdır". Məhz
Heydər Əliyevin hakimiyyəti dövründə minlərlə
azərbaycanlı gənc dünyanın nüfuzlu ali
məktəblərinə təhsil almağa göndərilmişdir.
Digər stenddə
ulu öndərin yaradıcısı olduğu Azərbaycan
Respublikasının Konstitusiyasının təhsillə
bağlı Təhsil hüququ adlı 42-ci maddəsi, Dövlət
himni öz əksini tapmışdır.
Mərkəzdə
tanınmış dünya siyasətçilərindən Corc Buş,
Eduard Şevardnadze, Jak Şirak və başqalarının
ulu öndər haqqında söylədikləri dəyərli
fikirləri ("Heydər Əliyevin vəfatından sonra
dünya bir qədər balacalaşmışdır". Riçard
Armitac) gördükcə bu fenomen şəxsiyyətin
dahiliyinin, tarixin yetişdirdiyi nadir
insanlardan biri olduğunun bir daha şahidi
oluruq.
Heydər Əliyev
Mərkəzində ulu öndərin layiqli davamçısı olan
möhtərəm Prezident İlham Əliyevlə bağlı stenddə
Heydər Əliyevin özündən sonra uzun illər
qüvvəsini itirməyəcək bir dövlət mexanizmi
qoymuş, özünün formalaşdırdığı xalqı,
qurub-yaratdığı dövləti etibarlı əllərə - İlham
Əliyevə etibar etməsindən bəhs edilir.
Bununla
yanaşı, mərkəzdə Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
elm, təhsil və mədəniyyətin inkişafında,
Azərbaycanın beynəlxalq aləmdə tanınması
istiqamətində gördüyü işlərdən, onun
xeyriyyəçilik fəaliyyətindən bəhs edən kitablar
toplanmışdır.
Heydər Əliyev
Mərkəzində 3 böyük qapalı şüşə stenddə (6 hissə)
xronoloji ardıcıllıq gözlənilməklə ulu öndərin
həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks
etdirən fotoşəkillər, iki dəyirmi stenddə isə
Heydər Əliyevlə bağlı sənədlər (attestat,
tərifnamə, diplom, xasiyyətnamə, əmr, sərəncam
və b.) sərgilənmişdir. Birinci stenddə onun
doğulub boya-başa çatdığı böyük və mehriban
ailənin həyatının müxtəlif məqamlarını əks
etdirən fotoşəkillər, Azərbaycanın Dövlət
Təhlükəsizlik orqanlarında çalışdığı dövrü
(1944-1967-ci illər) əks etdirən fotoşəkillər
toplanmışdır. Yeri gəlmişkən qeyd etmək lazımdır
ki, Heydər Əliyev postsovet məkanında dövlət
təhlükəsizliyi generalı olan ilk azərbaycanlı
idi. İkinci stenddə Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi I dövrü (1969-1982-ci illər)
əhatə edən fotoşəkillər yerləşdirilmişdir. Bu
dövrdə Azərbaycanda həyatın bütün sahələrində
misilsiz inkişaf səviyyəsi əldə edilmişdir. O
vaxt ulu öndər Azərbaycanın müstəqillik
yollarında qarşılaşacağı problemləri qabaqcadan
görür, bu günümüz üçün vacib olacaq problemləri
həll edirdi. Məhz həmin dövrdə Sovet İttifaqı
tərkibində olmasına baxmayaraq, Azərbaycanın
gələcək müstəqilliyinin möhkəm təməli
qoyulmuşdur. Burada eyni zamanda Heydər Əliyevin
Moskvada çalışdığı dövr (1982-1987-ci illər) əks
olunmuşdur. O, Moskvada işlədiyi vaxtlarda
İttifaq miqyaslı problemlərin həlli ilə məşğul
olmaqla yanaşı, həmişə Azərbaycanı düşünmüş,
onun taleyi ilə yaşamışdır. Azərbaycanın yalnız
keçmiş sovet məkanında deyil, həm də dünyada
tanıdılması üçün var gücü ilə çalışmışdır.
Üçüncü stenddə ulu öndərin Azərbaycana
rəhbərliyinin II dövründə (1993-2003-cü illər)
mədəniyyət işçiləri, incəsənət xadimləri ilə
olan görüşlərini əks etdirən fotoşəkillər, qarşı
tərəfdə isə Heydər Əliyevin neft strategiyası
ilə bağlı tədbirlərdəki fotoşəkillər
sərgilənmişdir.
Heydər Əliyev
Mərkəzində diqqəti cəlb edən məqamlardan biri də
ulu öndərin Azərbaycanda qurduğu, yaratdığı
bütün sahələrin (elm, mədəniyyət, təhsil, idman,
inşaat, dəmir yolu və s.) bir yerdə əks olunduğu
şəkil və Heydər Əliyev ideyalarının əbədiliyi,
parlaqlığı rəmzi kimi verilən məşəldir. O məşəl
ki, alovu, nuru əbədiyaşardır və gələcəyimizi
işıqlandırır. Gənclərimiz bu işıqda onun
ideyalarını görür və həmin ideyalara
yiyələnirlər.
Nigar ASLANOVA,
Azərbaycan Müəllimlər İnstitutunun Heydər Əliyev
Mərkəzinin müdiri |
|