Bərdə Rayon
Təhsil Şöbəsinin metodiki mərkəzinin direktoru
Xuraman Qurbanovadan aldığımız məlumata görə,
2011-2012- ci tədris ilində rayonun ümumtəhsil
məktəblərinin I siniflərində dərs deyəcək
müəllimlərin siyahısı dəqiqləşdirilmiş, onlarla
silsilə treninqlər keçirilmişdir. Treninqlərin
keçirilməsində Təhsil Nazirliyinin, Təhsil
Problemləri İnstitutunun Kurikulum Mərkəzinin,
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları
yaxından iştirak etmişlər.
Kurslarda
məqsəd müəllimlərin yeni fənn kurikulumlarının
tətbiqinə hazırlanması və kurikulum sahəsində
peşəkarlığının artırılmasından ibarət idi.
X.Qurbanova
bildirdi ki, kurikulumun mahiyyəti, məzmun
standartları, qiymətləndirmə, yeni təlim
üsulları, dərslərin müasir tələblər səviyyəsində
qurulması və s. məsələləri sistemli şəkildə
metodbirləşmə iclaslarında müzakirə edilir.
Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib
yayılması üçün vaxtaşırı məktəblərdə "açıq
dərs"lər keçilir, onlar təhlil edilir, nailiyyət
və uğursuzluqların səbəbləri araşdırılır.
Rayonun
məktəblərində müxtəlif mövzularda praktik
seminarlar təşkil edilir. Kurikulumun tətbiqində
əhəmiyyətli yer tutan fəal təlim üsulları və
yanaşmaların inkişaf etdirilməsi, müəllimlərə
metodik köməklik göstərilməsi məqsədilə akademik
Zərifə Əliyeva adına texniki təmayüllü
məktəb-liseydə, şəhər 8 nömrəli, Xanqaraqoyunlu
və Kətəlparaq kənd tam orta məktəblərində
kurikulum mərkəzləri fəaliyyət göstərir. Bu
günlərdə metodiki mərkəz Xanqaraqoyunlu kənd tam
orta məktəbində "Fəal dərsin planlaşdırılması",
akademik Zərifə Əliyeva adına məktəb-liseydə
"Müasir təlim texnologiyaları", Kətəlparaq kənd
orta məktəbində "Məzmun və qiymətləndirmə
standartları", şəhər 8 nömrəli məktəbdə isə
"Ümumi təhsilin müasir kurikulumları və yeni
pedaqoji texnologiyalar" mövzularında seminarlar
keçirilib.
Niyazi RƏHİMOV |
|