İyunun 10-da
Təhsil Nazirliyində "Bioetika və insan
hüquqları: yeni etik çağırışlar" mövzusunda
təqdimat oldu.
Bu
münasibətlə keçirilən tədbirdə təhsil naziri
Misir Mərdanov, təhsil nazirinin müavinləri,
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru,
millət vəkili Aytən Mustafayeva, həmin
institutun direktor müavini Vüqar Məmmədov,
Təhsil Nazirliyi Aparatının məsul işçiləri,
nazirliyin şöbə müdirləri və struktur
bölmələrinin rəhbərləri, respublikanın bir sıra
ali məktəblərindən alimlər, pedaqoqlar və b.
iştirak edirdilər.
Tədbiri təhsil
naziri Misir Mərdanov açaraq bioetika elminin
Azərbaycan üçün yeni bir sahə olduğunu söylədi.
Bu günlərdə Bakıda YUNESKO-nun Beynəlxalq
Bioetika Komitəsinin 18-ci sessiyasının
keçirilməsini ölkəmiz üçün mühüm hadisə kimi
dəyərləndirən nazir onun təşkilatçılarına
minnətdarlığını bildirdi. Təhsil naziri Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil
olunan belə bir nüfuzlu sessiyanın ölkəmizdə
bioetikanın inkişafına təkan verəcəyinə ümidvar
olduğunu söylədi.
Nazir Misir
Mərdanov YUNESKO ilə Təhsil Nazirliyi arasında
mövcud olan işgüzar əməkdaşlıqdan söz açdı.
Sessiya başa çatdıqdan sonra YUNESKO-nun baş
direktor müavini, Sosial və Humanitar Sektorun
rəhbəri xanım Pilar Alvares-Laso ilə
görüşdüyünü, bioetika ilə bağlı bir sıra
məsələlərin müzakirə olunduğunu da diqqətə
çatdırdı. Görüş haqqında tədbir iştirakçılarına
ətraflı məlumat verən nazir son zamanlar
AMEA-nın İnsan Hüquqları İnstitutunun rəhbərliyi
və müvafiq sahə ilə məşğul olan əməkdaşları ilə
respublikamızda bioetikanın tədrisinin təşkili
məsələləri barədə bir çox müzakirələrin
aparıldığını diqqətə çatdırdı. Bioetikanın
təhsilimizdə geniş yer almasının zəruriliyinə
toxunaraq Təhsil Nazirliyinin bu işdə maraqlı
olduğunu söylədi. Həmin istiqamətdə həyata
keçirilməsi nəzərdə tutulan işlər haqqında
danışan təhsil naziri dinləniləcək təqdimatı da
bu sahədə atılan ilk addım hesab edərək,
təqdimatda "Bioetika nədir", "O özündə nəyi
ehtiva edir", "Adıçəkilən elm sahəsi nələri
əhatə edir" və digər suallara aydınlıq
gətiriləcəyinə əmin olduğunu söylədi.
Sonra təhsil
naziri "Bioetika və insan hüquqları: yeni etik
çağırışlar" mövzusunda məruzə-təqdimat etmək
üçün sözü YUNESKO-nun Bioetika kafedrasının
Azərbaycan bürosunun rəhbəri, AMEA-nın İnsan
Hüquqları İnstitutunun direktor müavini, "Tibbi
hüquq və Bioetika" İctimai Birliyinin sədri,
Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti
kafedrasının professoru, Ümumdünya və Amerika
Tibbi hüquq Assosiasiyalarının üzvü Vüqar
Məmmədova verdi.
Məruzə-təqdimatında müasir elm sahələrinə aid
olan bioetikanın insan hüquqları ilə sıx
əlaqəsindən söz açan Vüqar Məmmədov onun qısa
şəkildə həyatın etikası adlandırıldığını dedi.
Daha sonra qeyd olundu ki, bioetika insanın
təbabət və biologiyadakı, yeni
texnologiyalardakı fəaliyyətinin mənəvi
tərəfləri haqqında elmdir. Bu elmin əsası keçən
əsrin 70-ci illərində amerikalı həkim V.R.Potter
tərəfindən qoyulmuşdur. V.R.Potterin
fikirlərini tədbir iştirakçılarının diqqətinə
çatdıran Vüqar müəllim sonra YUNESKO-nun
Bioetika Proqramı haqqında danışdı. Qeyd olundu
ki, YUNESKO-nun Bioetika Proqramı 1993-cü ildə
hazırlanıb və 2002-ci ildən təşkilatın əsas
prioritetlərindən biridir. Proqram YUNESKO-nun
Sosial və humanitar elmlər sektorunun Elm və
texnologiyanın etikası şöbəsi tərəfindən
reallaşdırılır. Proqramda 2 məşvərətçi orqan
vardır və o, 4 istiqaməti nəzərdə tutur.
YUNESKO-nun Bioetika kafedrasının proqramın
reallaşdırılması üçün əsas vəzifələrdən birini
icra etdiyini deyən Vüqar Məmmədov onun 2
funksiyasından bəhs etdi.
Məruzə-təqdimatda YUNESKO-nun Bioetika
kafedrasının təşkilatın Bioetika Proqramının
reallaşdırılması üçün maarifləndirmə sahəsində
və tədris proqramında bütün işlərin bioetik
prinsiplərə uyğun qurulmasından söz açıldı.
Həmin prinsiplərin adları qeyd olunaraq ətraflı
şərh olundu. Daha sonra məruzəçi apardıqları
situasion təhlil və əhali arasında keçirilən
sorğunun nəticələrindən söz açaraq bildirdi ki,
müxtəlif sahələrdə çalışan respondentlərin çoxu
"Bioetika nədir" sualına cavab verərkən onu
tibbi etika ilə eyniləşdirmişlər.
Haradasa bu
belədir. Çünki bioetika insan sağlamlığı ilə
bağlı bir elmdir. Əsrlər, minilliklər boyu həyat
problemləri, xüsusən də insanların həyatı ilə
məşğul olan yeganə elm - təbabət sayılıb və
yeganə peşə həkimlik peşəsi olub. Lakin artıq
zaman və dövr dəyişib. Bu sahədə çoxlu elm və
peşələr var. Hazırda bəşəriyyətin qarşısında
duran problemləri təkcə həkimlər yox, bioloqlar,
filosoflar, ilahiyyatçılar, hüquqşünaslar,
psixoloqlar, politoloqlar və digər mütəxəssislər
də tədqiq edirlər.
Məruzəçinin
fikrincə bioetika tibbi etika ilə
qarışdırılmamalıdır. Bioetika tibbi etikanı da
əhatə etməklə daha geniş bir sahəsi olan elm
kimi qəbul olunmalıdır.
Bioetikanın
Azərbaycan üçün aktuallığı məsələsinə toxunan
professor bildirdi ki, son illər ölkəmiz
dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf
edən dövlətlərindən birinə çevrilib. Azərbaycan
regionda aparıcı bir dövlətdir. Ölkəmizdə yeni
texnologiyaların tətbiqi geniş vüsət alıb, tibb
və səhiyyəmiz inkişaf edir.
Bioetika
elminin bu gün daha dərindən öyrənilməsi, onun
tədrisi və bu sahədə insanlar arasında
maarifləndirmə işlərinin gücləndirilməsinin
zəruriliyinə toxunan Vüqar Məmmədov YUNESKO-nun
MDB ölkələri üzrə 2010-cu il üçün verdiyi
analitik icmalından bəhs etdi. Adıçəkilən
təşkilatın, eləcə də MDB Dövlətləri
Parlamentlərarası Assambleyasının ekspertləri
tərəfindən tərtib olunan icmalda MDB məkanında
bioetikanın 5 ölkədə - Gürcüstan, Moldova,
Tacikistan, Özbəkistan respublikalarında və
Rusiya Federasiyasında dövlət təhsil
standartlarına daxil olunduğu bildirildi.
Adıçəkilən bu və digər ölkələrdə bioetikanın
tədrisinin ali tibbi təhsil müəssisələrində
diplomaqədər mərhələdəki statusu, həmçinin həmin
ölkələrdə bioetikanın diplomdansonrakı
mərhələdəki vəziyyəti ilə bağlı hazırlanmış
xüsusi cədvəllər nümayiş olundu, mövcud vəziyyət
məruzəçi tərəfindən ətraflı təhlil edildi.
"Təhsilin YUNESKO-nun Bioetika üzrə təlim
proqramlarına uyğunlaşdırılması istiqamətində
əməkdaşlıq haqqında" MDB Dövlətləri
Parlamentlərarası Assambleyasının tövsiyələrini
diqqətə çatdıran professor burada əksini tapan
bioetika üzrə mütəxəssis hazırlığı ilə bağlı
məsələlərdən danışdı.
Məruzə-təqdimatında daha sonra Vüqar müəllim
YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan
bürosunun yaradılması, fəaliyyəti və əldə olunan
təcrübə barədə danışdı. Fəaliyyət göstərdiyi
vaxtdan bu günə qədər bir sıra işlərin,
tədbirlərin həyata keçirildiyini qeyd edən
məruzəçi bildirdi ki, 2011-ci ilin yanvarından
etibarən "Bioetika və Tibbi hüquq" elmi ixtisası
və 5616 elmi şifri qeydə alınıb və bu ilin
martından AMEA-ya Bioetika və Tibbi hüquq üzrə
doktorantura və dissertantura yerləri verilib.
Ötən müddət ərzində beynəlxalq konfransların,
konqreslərin, "dəyirmi masa"ların keçirildiyini,
bioetika ilə bağlı televiziya verilişlərinin, 2
qrant layihəsinin - "Bioetika və tibbi hüququn
Azərbaycanda sürətlə inkişafı" və "Azərbaycanda
GMO tərkibli qida məhsullarının dövriyyəsinin
risklərinin qiymətləndirilməsi və idarə
olunması" - hazırlandığı qeyd olundu. Bundan
əlavə, AMEA-nın İnsan Hüquqları İnstitutunda
bioetika üzrə YUNESKO-nun baza tədris
proqramının Azərbaycan dilinə tərcümə olunması
da tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
Vüqar Məmmədov
məruzə-təqdimatında görüləcək işlər barədə geniş
məlumat verdi. Verilən məlumatdan aydın oldu ki,
YUNESKO-nun bioetika üzrə tədris vəsaitlərinin
Azərbaycan dilində nəşri və ondan
respublikamızın ali və orta məktəblərində,
diplomaqədər, diplomdansonrakı təhsildə hüquq,
tibb və biologiya, fəlsəfə, dinşünaslıq,
sosiologiya, psixologiya, siyasi elmlərin və
jurnalistikanın tədrisində istifadəsi nəzərdə
tutulur. Bundan başqa, bioetika müəllimləri üçün
YUNESKO ilə birgə treninqin təşkili, ali təhsil
müəssisələrinin birində YUNESKO-nun bioetika və
tibbi hüquq tədrisi üzrə pilot layihənin həyata
keçirilməsi, adıçəkilən elmin tədrisinin ali
tibb və hüquq təhsilində dövlət standartlarına
daxil edilməsi və sair kimi tədbirlərin
reallaşdırılması nəzərdə tutulub.
Direktor
müavini yeni etik çağırışlar və bioetikanın
tədqiqat sahələrini əhatə edən digər məsələlərə
də toxundu.
GMO (genetik
modifikasiya olunmuş) tərkibli qida məhsulları,
tibbi hüquq və bioetika - transplantologiya
haqqında fikirləri ətraflı şərh edən məruzəçi bu
məsələlərlə bağlı hazırlanmış xüsusi
videosüjetləri tədbir iştirakçılarına nümayiş
etdirərək öz mülahizələrini söylədi.
Bioetika ilə
bağlı bütün məsələlərin tam əhatə olunduğu
məruzə-təqdimatında Vüqar müəllim daha sonra
yeni etik çağırışlara aid olan Azərbaycanda
pasiyent hüquqları, ruhi xəstələr və əlillərin
hüquqları, ölüm və evtanaziya və digər aktual
sahələrdən ətraflı söz açdı.
Vüqar Məmmədov
çıxışının sonunda belə bir mövzuda təqdimatla
çıxış etməsinə imkan və şərait yaratdığına görə
təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirdi.
Təhsil
nazirinin müavinləri İradə Hüseynova, Elmar
Qasımov, nazirliyin Ali və orta ixtisas təhsili
şöbəsinin müdiri İlham Mustafayev, Tərbiyə və
məktəbdənkənar müəssisələr şöbəsinin müdiri
Ağababa İbrahimov mövzu ilə bağlı fikir və
mülahizələrini söylədilər.
Digər çıxış
edənlərdən Azərbaycan Tibb Universitetinin baş
müəllimi Aidə Bəndəliyeva, həmin universitetin
dosenti Gülnarə Səfərova, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin professoru Ədalət
Fərəcov ali məktəblərdə bioetikanın tədris
olunmasının əhəmiyyətindən söz açaraq bunun
müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı
işinə öz müsbət təsirini göstərəcəyini qeyd
etdilər.
AMEA-nın İnsan
Hüquqları İnstitutunun direktoru, millət vəkili
Aytən Mustafayeva belə bir aktual mövzuda
tədbirin təşkilinə və bu sahədə işlərin həyata
keçirilməsində onları dəstəklədiyinə görə təhsil
naziri Misir Mərdanova minnətdarlığını
bildirərək, rəhbərlik etdiyi institutla Təhsil
Nazirliyi arasındakı işgüzar əməkdaşlığın
yaranmasını müsbət hal kimi qiymətləndirdi.
Aytən xanım
bioetikanı insan hüquqlarının tərkib
hissələrindən biri kimi səciyyələndirərək, İnsan
Hüquqları İnstitutu üçün yeni istiqamət olan bu
sahənin ölkəmizdə maraqla qarşılandığını qeyd
etdi. Millət vəkili daha sonra rəhbərlik etdiyi
İnsan Hüquqları İnstitutunun fəaliyyəti və
görülən işlər barədə ətraflı məlumat verdi.
Genetik modifikasiya olunmuş qida məhsulları,
tibbi hüquq və bioetika-transplantologiya
haqqında fikirlərini bildirən direktor ölkəmizdə
bununla bağlı mövcud vəziyyətdən danışdı.
Geniş
diskussiya və fikir mübadiləsi şəraitində keçən
tədbiri təhsil naziri Misir Mərdanov
yekunlaşdıraraq təqdimatın maraqlı olduğunu
söylədi və belə tədbirlərin davamlı olmasını
arzuladı. Nazir bioetika sahəsində Azərbaycanda
nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsinin lazımlı və əhəmiyyətli olduğunu
xüsusi vurğulayaraq, bununla əlaqədar müvafiq
inkişaf proqramının hazırlanmasını vacib hesab
etdiyini bildirdi. Qeyd olundu ki, bioetikanın
tədrisinə ilk addım kimi ali təhsil ocaqlarından
başlanılsa da, sonradan bu, bütün təhsil
sistemini əhatə edə bilər. Bioetikanı tədris
edəcək mütəxəssislərin hazırlığı məsələsinə də
toxunan nazir onların əlavə təhsil qaydaları
çərçivəsində hazırlanmasını məqsədəuyğun hesab
etdi.
Təhsil naziri
Misir Mərdanov növbəti tədris ilinə qədər bu
məsələlərin həlli ilə əlaqədar görüləcək işləri
tədbir iştirakçılarının diqqətinə çatdırmaqla
yanaşı, həmçinin burada səslənən fikirlərə də öz
münasibətini bildirdi, bir sıra tövsiyələr
verdi.
Samirə KƏRİMOVA |