Ölkəmizdə
ilk dəfə olaraq Təhsil Nazirliyinin orqanı olan
"Azərbaycan müəllimi" qəzetinin yeni elektron
versiyası - virtual qəzet oxucuların
istifadəsinə verilib.
Artıq
istifadəçilər
www.muallim.edu.az saytına daxil
olaraq qəzetə tam görünüşdə baxa, səhifələyə və
istədiyi səhifəni böyüdərək oxuya bilərlər.
Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən
hazırlanmış yeni elektron versiya qəzetdəki
informasiyalarla tam tanış olmağa, bütün
məlumatları izləməyə, ayrı-ayrı məqalə və
sənədləri olduğu kimi görməyə imkan verir.
Qəzetin saytında materiallar bölmələr üzrə
yerləşdirildiyindən məqalələri oxumaq üçün
onları tək-tək axtarmaq zərurəti yaranırdısa,
yeni virtual qəzetdə bütün səhifələr göz
önündədir.
Yeni virtual
qəzet "Elektron Azərbaycan" Dövlət Proqramı və
"Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin
Fərmanına uyğun olaraq, Təhsil Nazirliyində
həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi
yaradılıb. Azərbaycanın mətbuat tarixində ilk
dəfə belə bir mütərəqqi yeniliyə imza atan
"Azərbaycan müəllimi" qəzetinin bu addımı yalnız
geniş oxucu auditoriyasının, çoxminli təhsil
işçilərinin, şagird və tələbələrin daha rahat
informasiya almaq imkanlarının artırılması,
təhsil sahəsində həyata keçirilən islahatların,
qazanılmış uğurların ictimaiyyətə çatdırılması
yollarının genişləndirilməsi məqsədlərinə xidmət
edir. |