Azərbaycanın dövlət müstəqilliyinin bərpa
edilməsinin 20-ci ildönümü Bakıdakı 182 nömrəli
tam orta məktəbdə qeyd edildi. Məktəbin I "q"
sinif şagirdlərinin ifasında Dövlət himni
səsləndikdən sonra üçrəngli Dövlət bayrağı
səhnəyə gətirildi.
Tədbirin aparıcıları Azərbaycanın müstəqillik
tarixini mərhələlərlə diqqətə çatdırdılar.
Birincilər "Çırpınırdı Qara dəniz" mahnısını
məharətlə ifa etdilər, Vətənə həsr olunmuş
şeirlər söylədilər. Məktəbin direktoru Zinyət
Tağıyeva çıxışında müstəqilliyimizin bərpa
olunması, tanınmasında, müstəqil Azərbaycanın
inkişaf etdirilməsində böyük rolu olan ümummilli
lider Heydər Əliyevin misilsiz xidmətlərindən
danışdı. Direktor birinciləri təbrik etdi,
gecənin hazırlanmasında əməyi olan I "q"
sinfinin müəllimi Solmaz Yunisovaya təşəkkürünü
bildirdi.
Tədbirdə iştirak edən qonaqlar da ulu öndər
Heydər Əliyevin azərbaycançılıq ideyalarından və
xilaskarlıq missiyasından danışdılar. Onlar belə
tədbirlərin təhsil ocaqlarında keçirilməsinin
əhəmiyyətini qeyd edərək, məktəb kollektivinə
minnətdarlıqlarını bildirdilər. Məktəb
rəhbərliyi fəal şagirdlərə diplomlar verdi.
Tədbirin sonunda müstəqilliyimizə aid film
nümayiş olundu.
Rəşad ZİYADOV |