Mustafa Zəkəriyyə oğlu Quliyev 1893-cü ildə Nuxa
(indiki Şəki) şəhərində anadan olub.
1913-cü
ildə Tiflis gimnaziyasını bitirib. Sonra Kiyev
Universitetinin fizika-riyaziyyat fakültəsinə
daxil olub. 1918-ci ildə Kiyevdə bolşevik
partiyası sıralarına qoşulub, çox keçmədən
RK(b)P Kiyev Komitəsi müsəlman bölməsinin sədri
seçilib. 1919-cu ildə Bakıya gəldikdən sonra
gizli siyasi fəaliyyət göstərib, RK(b)P-nin XI
qurultayında (1922) Leninlə görüşüb.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
o, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə,
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə,
Azərbaycan K(b)P MK-ya, Bakı Komitəsinə üzv
seçilib.
Mustafa Quliyev bir müddət Lənkəranda qəza
inqilab komitəsinin sədri (1920), Azərbaycan
Kommunist (bolşevik) Partiyası Qaraşəhər rayon
komitəsinin katibi (1921-1922) vəzifələrində
çalışıb.
Moskvada Kommunist Akademiyasını bitirən Mustafa
Quliyev Qarayazı MTS siyasi şöbəsinin rəisi
vəzifəsinə təyin edilib. Sonralar Qazaxıstanın
Çimkənd Şəhər Partiya Komitəsinin katibi, Odessa
Vilayət Partiya Komitəsinin şöbə müdiri olub.
1923-1926-cı illərdə "Maarif və mədəniyyət",
1929-1932-ci illərdə "İnqilab və mədəniyyət"
jurnalının məsul redaktoru vəzifəsində fəaliyyət
göstərib. Bir sıra elmi-publisistik əsərlər
yazıb.
1922-1927-ci illərdə Azərbaycanın xalq maarifi
komissarı vəzifəsində çalışıb. O, "Maarif və
mədəniyyət" jurnalında nəşr olunmuş məqaləsində
(¹3, 1923) yazırdı: "Hazırda hökumətimiz öz
varidatının yarısını maarif işinə xərc edirE".
1920-ci illərdə XMK-nın qarşısında bir sıra
mühüm vəzifələr dururdu. Bunlardan ən mühümü
ibtidai məktəblər açmaq və savadlı müəllimlər
yetişdirmək idi. Çünki 1922-ci ildə məktəbyaşlı
uşaqların yalnız 27 faizi (80814 nəfər) məktəbə
cəlb edilmişdi. Məktəbyaşlı qızların isə 10
faizi məktəbdə oxuyurdu. Bunun əsas səbəbi
lazımi ibtidai məktəblərin yalnız altıda birinin
mövcud olması idi.
Mustafa Quliyev "Müəllimlərin hazırlığı"
məqaləsində ("Maarif və mədəniyyət" jurnalı,
1923, ¹10, səh.3) göstərirdi ki, Azərbaycanda
1100 məktəbdə 1450 azərbaycanlı müəllim var.
Bunlardan 73 nəfəri ibtidai təhsilə, 320-si orta
təhsilə, 50 nəfəri isə ali təhsilə malikdir.
Məhz bu çatışmazlığı aradan qaldırmaq məqsədilə
1923-cü ildə Mustafa Quliyevin səyi nəticəsində
müəllim hazırlayan 9 tədris müəssisəsi (texnikum
və institut) açılıb.
1925-ci ildə Azərbaycan sovet müəllimlərinin I
qurultayı çağırılıb. Həmin qurultayda Mustafa
Quliyev xalq maarifi sahəsindəki
müvəffəqiyyətlər və qarşıda duran vəzifələr
haqqında məruzə edib.
1925-ci ildə 1376 məktəbdə 140334 şagird təhsil
alırdı. 13 pedaqoji məktəbdə 1816, iki ali
pedaqoji məktəbdə 4529 tələbə müəllimlik
ixtisasına yiyələnirdi.
1925-ci ildə 320 yeni məktəb binası tikilib. Bu
dövrün mühüm xarakterik xüsusiyyətlərindən biri
də müəllimlərin savadsızlığın ləğvində müştərək
yardım komitələrində, kooperativlərdə, qırmızı
əsgər dərnəklərində və müxtəlif ictimai işlərdə
fəal iştirak etmələridir. Xalq maarifi komissarı
Mustafa Quliyev bu məsələlərdən bəhs edərək
yazırdı: "Müəllimlərin vəzifəsi, təbiidir ki,
bundan sonra rəsmi tədris hüdudundan, məktəb
dairəsindən xaricə çıxır; müəllim məmləkətin
ictimai və iqtisadi həyat məsələləri ilə
maraqlanmalı və xüsusən yaşadığı rayonun
haqqında daima xəbərdar olmalıdır".
1922-1927-ci illərdə maarif sahəsində bir sıra
mühüm tədbirlər həyata keçirilib. 1923-cü ildə
Vahid əmək məktəbinin əsasnaməsi təsdiq edilib,
tədris planı və proqramları, yeni dərsliklər
yazılıb. 1924-cü ildə fəhlə fakültələri haqqında
əsasnamə hazırlanıb, 1925-ci ildən ümumi ibtidai
icbari təhsilə keçilib. 1926-cı ildən məktəblər
yeni proqramlara keçib, 1927-ci ildə
savadsızlıqla mübarizə geniş vüsət alıb,
məktəblərin sayı 1478-ə çatıb.
Mustafa Quliyev həm də bir ədəbiyyatşünas kimi
ədəbi tənqidimizin inkişafında müəyyən yer
tutur. Onun Mirzə Fətəli Axundov, Hüseyn Cavid,
Cəfər Cabbarlı və başqaları barədə ədəbi-tənqidi
məqalələri vardır. "Mədəni inqilab və İslam",
"Türk qadınının yolu" və digər əsərləri dövrünün
aktual problemlərindən bəhs edir. Firudin bəy
Köçərli, Hüseyn Əfəndi Qayıbov kimi görkəmli
şəxsiyyətlərin ədəbiyyat tariximizlə bağlı
əlyazmalarının 1920-ci illərdə nəşr olunmasında
bir maarif komissarı kimi onun rolu danılmazdır.
Mustafa Quliyev repressiyaya məruz qalıb,
1938-ci ildə vəfat edib. |