AMEA-nın Fizika İnstitutu son beş ildə aparılan
tədqiqatlar üzrə 30-dan artıq Azərbaycan
Respublikasının patentini alıb. Bu patentlər
fizika və texnika sahəsində müxtəlif təyinatlı
cihazların hazırlanması nəticəsində əldə edilmiş
nailiyyətlərə görə verilib. İnstitutda çalışan
alimlərin apardığı tədqiqatların əksəriyyəti
tibb, biologiya, cihazqayırma və elmi
cihazqayırma, energetika, xüsusilə alternativ
enerji sahəsinin inkişafına yönəlib. Fizika
İnstitutunda 2005-2010-cu illərdə aparılan
tədqiqatlar nəticəsində patent almış
ixtiralardan nümunə kimi aşağıdakıları göstərmək
olar.
Yüksək effektli matrisalı kompozit elektret
materialların alınmasının plazma üsulu
İxtira aktiv dielektriklər sahəsinin
akustoelektrik və robot texnikasına aiddir və
mikroelektronika elementlərin tutulmasında və
elektrik çeviriciləri üçün vacib olan yüksək
elektret potensialına və yaşama müddətinə malik
yüksək effektli matrisalı elektret materialların
alınmasında istifadə oluna bilər.
Bu ixtiraya görə patent almış müəlliflər -
M.K.Kərimov və başqalarıdır.
Radiospektrometr
Radiospektroskopiya sahəsinə aid olan bu ixtira
qaz halında olan maddələrin fiziki xassələrinin
tədqiqində istifadə oluna bilər.
Bu ixtiranın müəllifləri - Ç.O.Qacar və
başqalarıdır.
Yarımkeçirici fotorezistor
İxtira işıq enerjisinin elektrik enerjisinə
çevrilməsi texnikasına, xüsusi halda
fotorezistorlara aiddir. Belə fotorezistorlar
kosmik aparatların qarşılıqlı axtarış və
yaxınlaşma sistemlərində, habelə aviasiya
texnikasının naviqasiya sistemlərində tətbiq
oluna bilər. Bu ixtiraya görə patent almış
alimlər - A.M.Paşayev və başqalarıdır.
Antistoks lüminofor
İxtira lüminessent materiallar sahəsində, məhz
infraqırmızı şüalanmanı götürən, şüalanmaya
çevirən lüminoforlara aiddir və lifli-optik
rabitə xətləri sisteminin yüksək effektli və
çevik işləyən fotoçevirici qurğuların
yaradılması üçün material kimi istifadə oluna
bilər.
İxtiranın müəllifləri - B.H.Tağıyev və
başqalarıdır.
Günəş fotoelektrik çeviricisinin hazırlanması
üsulu
İxtira heliotexnikaya, xüsusən elektrik cərəyanı
hasil edən yarımkeçirici əsasında fotoelektrik
çeviricilərə aiddir. Bu üsuldan bütün növ Günəş
elementlərində, həm yenilərdə, həm də öz xidmət
müddətini başa vurmuş elementlərdə, sənayedə,
təsərrüfatda, radioelektron avadanlıqların
qidalandırılmasında və müxtəlif akkumulyator
batareyalarının yüklənməsində elektrik enerji
mənbəyi kimi istifadə oluna bilər.
Bu ixtiranın müəllifləri - A.A.Bayramov və
başqalarıdır.
Paskal qanununu nümayiş etdirmək üçün cihaz
İxtira fizikadan nümayiş cihazlarına, xüsusi
halda maye və qaza edilən təzyiqin dəyişmədən
ötürüldüyünü nümayiş etdirmək üçündür.
İxtiranın müəllifləri - M.İ.Əliyev və
başqalarıdır.
Varistor
İxtira elektronika və elektrotexnika sahəsinə
aiddir və avtomatika cihazlarını mühafizə etmək,
mikroelektronika, sənaye və məişət
avadanlıqlarını müxtəlif polyarları
impulslardan, bilavasitə ildırım və kommutasiya
ifrat gərginliklərindən qorunmaq, həmçinin
gərginlik və cərəyanın stabilləşdirilməsi üçün
istifadə olunur.
İxtiranın müəllifləri - Ş.M.Həsənli və
başqalarıdır.
Mayedə təzyiqi nümayiş etdirmək üçün cihaz
Faydalı model fizikadan nümayiş cihazlarına aid
olub, xüsusən mayedə təzyiqi nümayiş etdirmək
üçündür.
Bu ixtira üçün patent almış müəlliflər -
M.İ.Əliyev və başqalarıdır.
Qeyd edək ki, son iki ixtira Fizika İnstitutu və
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
elmi-tədqiqat işlərinin birgə məhsuludur və
məktəblərdə fizika fənninin mənimsənilməsinə
yönəlmişdir.
Hazırladı: Ədalət DAŞDƏMİRLİ |