Mayın
8-də Qafqaz Universitetində "İldən-ilə böyüyən
ailəmizlə Qafqazdan dünyaya" devizi altında
"Məzun-2011" gecəsi keçirildi. Universitetin
geniş həyətində təşkil olunmuş gecədə Azərbaycan
Respublikasının insan haqları üzrə müvəkkili
Elmira Süleymanova, təhsil nazirinin müavini
Elmar Qasımov, "Çağ" Öyrətim İşlətmələri Şirkəti
İdarə Heyətinin sədri Ənvər Özərən, "Azercell
Telekom" MMC-nin prezidenti Ali Ağan, millət
vəkilləri, Türkiyənin və ölkəmizin ali təhsil
müəssisələrindən nümayəndələr, ziyalılar,
valideynlər və b. iştirak edirdilər.
Tədbir builki məzunlara rəmzi diplomların
verilməsi ilə başlandı. Türkiyə Respublikasının
və müstəqil Azərbaycanın qurucuları Mustafa
Kamal Atatürkün və Heydər Əliyevin, hər iki
ölkənin azadlığı uğrunda mübarizədə şəhid
olanların ruhu bir dəqiqəlik sükutla yad
olunduqdan və dövlət himnləri ifa edildikdən
sonra Qafqaz Universitetinin rektoru, professor
Ahmet Saniç mərasim iştirakçılarını salamlayıb,
onları 14-cü məzun gecəsində görməsindən
məmnunluq duyduğunu bildirdi. Bu il
universitetlərinin 530 məzunu olduğunu söyləyən
rektor, əvvəlki illərin məzunları kimi onların
da ölkədə gedən geniş quruculuq işlərində yüksək
ixtisaslı mütəxəssislər kimi yaxından iştirak
edib öz töhfələrini verəcəklərinə əmin olduğunu
dedi, bir dünya universiteti olmaq yolunda
sürətlə inkişaf edən Qafqaz Universitetinin
dünyanın 45 ölkəsində işləyən və təhsil alan
gəncləri ilə qürur duyduqlarını vurğuladı.
Rektor məzunları, onların valideynlərini təbrik
etdi, məzunların yüksək ixtisaslı mütəxəssis
kimi hazırlanmasında böyük əməyi olan
professor-müəllim heyətinə minnətdarlığını
çatdırdı.
Mərasimdə
çıxış edən təhsil nazirinin müavini Elmar
Qasımov məzunları təbrik etdi, onların
valideynlərinə gözaydınlığı verdi. Nazir müavini
məzun olan 530 gəncə harada olmalarından asılı
olmayaraq öz universitetlərinin adını uca
tutmağı, müstəqil respublikamıza sədaqətlə
xidmət etməyi tövsiyə etdi.
"Çağ" Öyrətim Şirkəti İdarə Heyətinin sədri
Ənvər Özərən isə universitetdən indiyəcən məzun
olmuş gənclərin işlədikləri müəssisələrdən hər
zaman xoş xəbərlər eşitdiyini söyləyərək builki
məzunların da bu ənənəni davam etdirmələrini,
ölkəmizə, insanlığa faydalı olmalarını arzu
etdi.
Sonra 2010-2011-ci tədris ilində beynəlxalq və
respublika fənn olimpiadalarında, müxtəlif bilik
yarışları və müsabiqələrdə fərqlənmiş
tələbələrə, təhsil ocağında qrup, bölmə, fakültə
və universitet birincisi olmuş tələbə və
məzunlara xatirə hədiyyələri verildi. Xatirə
hədiyyələrini tələbələrə təqdim edən qonaqlar
onlara həyatda daha böyük uğurlar arzuladılar.
Məzun gecəsi tələbələrin hazırladıqları bədii
proqramla davam etdi.
Yusif ƏLİYEV |