İnsan
həyatında xatirəsi, işığı bir ömrə bərabər elə
unudulmaz illər, günlər olur ki, həyatının
sonuna qədər bu şirin xatirələrin işığına
sığınmaq, istisinə qızınmaq sənə bəs edir,
yenidən bir ömür yaşamaq qədər zövq verir.
Xatirəsinə daldıqca ömrünü təravətləndirir,
rövnəqləndirir, qüruba üz tutan həyat günəşini
yenidən şölələndirir. Ömrün ən qayğısız,
unudulmaz tələbəlik illəridir bu illər...
Gəncliyin şah damarı, nəbzi tələbəlik illəri...
Ən şən, bəxtəvər, bəzən də nisgilli, aşkar-gizli
sevdaların şahidi tələbəlik illəri... Ömür
pilləsində məramını, mənliyini, qətiyyətini,
varlığını bərqərar edən tələbəlik illəri...
Həyat, bilik "əla!"larını qətrə-qətrə,
damla-damla qazandıran, mübarizlik,
prinsipiallıq aşılayan tələbəlik illəri...
Həyatın pusquda durmuş keşməkeşlərindən,
dolanbac yollarından, mürəkkəb sınaqlarından
bixəbər tələbəlik illəri... Bir vaxt həyat
idealına çevrilmiş, sonra isə
pərvazlana-pərvazlana səni də özü ilə
zirvədən-zirvəyə uçuran yel qanadlı illər -
tələbəlik illəri... Bu da finiş... Sevincli,
kədərli, ayrılıq, nisgil, fərəh dolu məzun
günü... Xoş müjdəli sabahların qoynuna ümid,
arzu yelkəni açan məzun günü...
Naxçıvan
Dövlət Universitetində keçirilən məzun günü də
kövrək, sevinc və qürur, nostalji hisslər dolu
bir gün oldu. Universiteti bitirən türk
tələbələrlə birgə təşkil olunan builki məzun
günü universitetdə ilk məzun gününün
keçirilməsinin 40 illik yubileyi ilə də
əlamətdar idi.
"Duzdağ"
otelində gerçəkləşdirilən tədbirdə
müəllimli-tələbəli əsl bayram izdihamı yaşandı.
Məzunlar böyük məmnuniyyətlə onların
yaddaşlarında mənəvi qayğısı, hərtərəfli
dəstəyi, şəxsi nümunəsi ilə həmişəlik yaşayacaq
rektor, akademik İsa Həbibbəylinin ürək
sözlərini, xeyir-duasını dinləmək istədilər.
Rektor Azərbaycan xalqının gələcək inkişafı,
milli mənəvi tərəqqisi üçün elmin, təhsilin
müstəsna rolundan danışdı. Naxçıvan Dövlət
Universitetinin Azərbaycan ali təhsil sistemində
öncül yerlərdən birini tutmasından, dünya təhsil
sisteminə uğurla inteqrasiyasından, regionu
yüksək ixtisaslı mütəxəssis kadrlarla təmin
etməsindən bəhs olundu. 1967-ci ildə 3 nəfər
müəllim, 105 tələbə ilə fəaliyyətə başlayan, 40
il öncə, 1971-ci ildə ilk buraxılışı 80 nəfər
olan universitet ötən illər ərzində böyük
inkişaf yolu keçmiş, maddi-texniki baza,
beynəlxalq əlaqələrin inkişafı, elmin, tədrisin
tərəqqisi istiqamətində böyük nailiyyətlər əldə
edilmişdir. Qeyd olundu ki, ümummilli lider
Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1992-ci
ildə universitetə ilk dəfə türk tələbələri qəbul
olmuş, 1997-ci ildən bu ilə kimi 803 türk tələbə
buranın məzunu olmuşdur ki, onlar bu gün ABŞ,
Kanada, İndoneziya, Əfqanıstan və digər
ölkələrdə uğurla çalışırlar. Rektor bu il 841
bakalavr, 85 magistr tələbənin universiteti
bitirdiyini, məzunlar arasında 81 türk
tələbənin də olduğunu xatırlatdı. Rektor,
akademik İsa Həbibbəyli məzunları bir daha
ürəkdən təbrik edərək onlara gələcək
fəaliyyətlərində uğurlar arzuladı, xalqımızın,
təhsil aldıqları ali məktəbin, sevimli müəllim
və valideynlərinin etimadını layiqincə
doğruldacaqlarına əminliyini bildirdi.
Türkiyə
Cümhuriyyətinin Naxçıvan Muxtar
Resrublikasındakı baş konsulu Ayhan Enginar
çıxış edərək məzunları təbrik etdi, Naxçıvan
Dövlət Universiteti ilə Türkiyə
universitetlərinin əlaqələrini, burada
azərbaycanlı və türk tələbələrin birgə
hazırladıqları kütləvi tədbirləri iki qardaş
xalqın həmrəyliyinin, mütəşəkkilliyinin bariz
nümunəsi kimi qiymətləndirdi. Baş konsul
məzunlara burada qazandıqları elm və bilikləri,
mənəvi dəyərləri daha da zənginləşdirməyi,
gələcək nəsillərin formalaşmasında,
ictimai-siyasi həyatda və elmi mühitdə fəal
iştirak etməyi arzuladı.
Çıxış edən
məzunlar bu illər ərzində universitet
rəhbərliyi, əziz müəllimləri tərəfindən
gördükləri qayğıya görə minnətdarlıqlarını
bildirdilər, onlara layiq hərtərəfli şəxsiyyət,
vətənpərvər ziyalı, fəal ictimaiyyətçi
olacaqlarını söylədilər.
Rektor elm və
təhsildə, ictimai işlərdə xüsusi fəallıq
göstərən məzunları Fəxri fərmanla təltif edərək
onları şəxsən təbrik etdi. Məzun gününün
təşkilatçıları olan türk məzunlara - Cafer
Tayyar Özoğula, Ahmet Demirkola, Tekin
Karadumana, Adem Yıldıza xüsusi təşəkkürünü
bildirdi.
Sonra
məzunların bayram şənliyi başladı. Bir-birini
əvəz edən şux, oynaq rəqslər, rəngarəng musiqi
nömrələri, əyləncələr tədbirə əsl bayram ovqatı
bəxş etdi. Tələbələr intellektli, qabiliyyətli,
vətənpərvər gənc kimi müstəqil fəaliyyət
meydanına atılmalarını bayram etdikləri kimi,
qarşıdakı ayrılığı unutmağa çalışdılar. Beləcə,
ali məktəb bir vaxtlar nəvazişlə doğma ağuşuna
aldığı bu gəncləri də həyatın qoynuna
pərvazlandırdı.
Mehriban SULTAN,
NDU-nun Mətbuat
şöbəsinin müdiri |
|