Milli
Aviasiya Akademiyasının (MAA) rektoru, akademik
Arif Paşayev Qafqaz Universitetinin
professor-müəllim və tələbələri arasında
keçirilən sorğuya əsasən "İlin elm adamı" fəxri
adına layiq görülmüşdür.
AzərTAc
xəbər verir ki, bununla əlaqədar iyunun 9-da
Milli Aviasiya Akademiyasının elmi şurasında
mükafatın təqdimetmə mərasimi keçirilmişdir.
Tədbirdə
akademik Arif Paşayev MAA-nın keçdiyi inkişaf
yolundan danışmış, son illərdə bu ali təhsil
ocağında elm və təhsilin keyfiyyətinin xeyli
artırıldığını vurğulamışdır. A.Paşayev
bildirmişdir ki, hazırda akademiyada 350 müəllim
çalışır, 2100 tələbə təhsil alır. Akademik
xüsusi qeyd etmişdir ki, Azərbaycan Prezidenti
İlham Əliyevin dəstəyi sayəsində akademiya
təhsil səviyyəsini artırmağa imkan verən yeni
avadanlıqlar əldə etmişdir. Hazırda akademiyada
aviasiya ilə bağlı ixtisaslarla yanaşı, hüquq,
iqtisadiyyat, logistika və digər ixtisaslar
tədris edilir. Akademiya dünyanın ən mötəbər ali
təhsil ocaqları ilə sıx əməkdaşlıq edir, birgə
layihələr həyata keçirir.
Qafqaz
Universitetinin rektoru Əhməd Saniç rəhbəri
olduğu ali məktəbin beynəlxalq əlaqələrindən,
elmi fəaliyyətindən danışmışdır. Professor
Ə.Saniç Milli Aviasiya Akademiyasında görülən
işləri yüksək qiymətləndirmiş və burada başda
akademik Arif Paşayev olmaqla elmin inkişafına
böyük önəm verildiyini vurğulamışdır.
Sonra Qafqaz
Universitetinin rektoru Əhməd Saniç "İlin elm
adamı" mükafatını akademik Arif Paşayevə təqdim
etmiş və mükafatın akademikə Azərbaycanın elm və
təhsilinin inkişafında göstərdiyi əvəzsiz
xidmətlərə görə verildiyini vurğulamışdır.
Akademik Arif Paşayev mükafata görə Qafqaz
Universitetinin rektoruna və kollektivinə
minnətdarlığını bildirmiş və mükafatı, eyni
zamanda akademiya kollektivinin əməyinə verilən
qiymət kimi qəbul etdiyini söyləmişdir.
Görüş
çərçivəsində Milli Aviasiya Akademiyası və
Qafqaz Universiteti arasında elmi-texniki
əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Sənəd iki ali təhsil ocağı arasında birgə
layihələrin, elmi tədqiqat işlərinin,
təkmilləşdirmə, təlim kurslarının, seminarların,
elmi konfransların keçirilməsini nəzərdə tutur.
AzərTAc |