Bu fikir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın Sankt-Peterburqun qubernatoru
Valentina Matviyenko ilə görüşündə səslənmişdir.
İyunun
6-da Smolnıda Sankt-Peterburqun qubernatoru
Valentina Matviyenkonun Heydər Əliyev Fondunun
vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (RAGT) sədri Leyla Əliyeva ilə
görüşü olmuşdur.
Görüş Leyla
Əliyevanın Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının yaradılmasının ikinci ildönümü ilə
əlaqədar bu şəhərə səfəri çərçivəsində baş
tutmuşdur.
Leyla Əliyeva
Valentina Matviyenkoya RAGT-ın Sankt-Peterburqda
keçirilən konfransı çərçivəsində bu şəhərin
Kamennoostrovsk prospektində Nizami Gəncəvinin
adını daşıyan bağın açılışı barədə məlumat
vermişdir. Bu hadisə şairin anadan olmasının
870-ci ildönümünə həsr olunmuşdur. Bundan əlavə,
RAGT və Sankt-Peterburqdakı 163 nömrəli məktəb
arasında humanitar əməkdaşlıq barədə müqavilə
imzalanmışdır.
Valentina
Matviyenko Sankt-Peterburq və Azərbaycan, Rusiya
və Azərbaycan arasında mədəni əlaqələrin
möhkəmlənməsi istiqamətində gördüyü işlərə görə
Leyla Əliyevaya minnətdarlığını bildirmişdir.
Qubernator
demişdir: "Belə mədəni layihələr vasitəsilə
xalqlarımız bir-birinə daha yaxın olur, gənclər
daha fəal surətdə dostluq edirlər". V.Matviyenko
vurğulamışdır ki, Peterburq Rusiyanın şimal
paytaxtı ilə Azərbaycan arasında tarixən
mehriban dostluq əlaqələrinin inkişafında
maraqlıdır.
Qubernator
Heydər Əliyev Fondunun və RAGT gənclər
təşkilatının təhsil sahəsində əməkdaşlığını
inkişaf etdirmək təşəbbüsünü dəstəkləmişdir.
Həmin gün
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-ın
sədri Leyla xanım Əliyeva Sankt-Peterburqun ən
qədim təhsil ocaqlarından biri olan 163 nömrəli
orta məktəbdə bu şəhərin təhsil komitəsi
sədrinin birinci müavini Natalya Putelovskaya
ilə görüşmüşdür.
Leyla xanım
Əliyeva Heydər Əliyev Fondunun təhsilin inkişafı
ilə bağlı hazırlayıb həyata keçirdiyi
layihələrdən danışmış, Azərbaycanda rus dilinə
və ədəbiyyatına göstərilən qayğını diqqətə
çatdırmışdır. RAGT-ın sədri demişdir ki,
rəhbərlik etdiyi qurum 163 nömrəli orta məktəbdə
ölkələrimiz arasında dostluq münasibətlərini əks
etdirən mədəni təhsil mərkəzini yaratmağı
planlaşdırır.
Sankt-Peterburq Şəhər Təhsil Komitəsi sədrinin
birinci müavini Natalya Putelovskaya Heydər
Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı
həyata keçirdiyi layihələri yüksək
qiymətləndirmiş, 163 nömrəli orta məktəbdə
yaradılacaq mədəni təhsil mərkəzinin ölkələrimiz
və xalqlarımız arasında dostluq münasibətlərinin
inkişafına xidmət edəcəyini vurğulamışdır.
Görüşdə RAGT
ilə 163 nömrəli məktəb arasında humanitar
əməkdaşlıq barədə müqavilə imzalanmışdır.
AzərTAc |