İyunun
3-də təhsil naziri Misir Mərdanov YUNESKO-nun
Beynəlxalq Bioetika Komitəsinin Bakıda
keçirilmiş XVIII sessiyasında iştirak etmək üçün
Azərbaycana gəlmiş YUNESKO-nun baş direktor
müavini, Sosial və Humanitar Sektorun rəhbəri
xanım Pilar Alvares-Laso ilə görüşüb.
Görüşdə təhsil
nazirinin müavini İradə Hüseynova, YUNESKO-nun
Bioetika şöbəsinin rəhbəri Dafna Qoldfans,
YUNESKO-nun Azərbaycan Respublikasında Milli
Komissiyasının birinci katibi Günay Əfəndiyeva,
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru
Aytən Mustafayeva və həmin institutun elmi işlər
üzrə direktor müavini Vüqar Məmmədov iştirak
ediblər.
Qeyd edək ki,
Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyası
YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə 31 may-2 iyun
tarixlərində Bakıda keçirilib.
Qonaqları
salamlayan təhsil naziri Misir Mərdanov belə bir
möhtəşəm tədbirin Bakıda keçirilməsinin
əhəmiyyətli olduğunu bildirib. Cari ilin
aprelində Bakıda keçirilmiş digər beynəlxalq
mədəniyyətlərarası forumda Mehriban xanım
Əliyevanın səsləndirdiyi "qlobal etikanın
düşünülməsinin vacibliyi" fikrini xatırladan
nazir qısa müddət sonra Bakıda YUNESKO-nun
sessiyasının keçirilməsini dünyada qlobal
bioetik prinsiplərin müzakirəsinə xüsusi önəm
verilməsinin təzahürü kimi yüksək dəyərləndirib.
Görüş
üçün təhsil naziri Misir Mərdanova
minnətdarlığını bildirən xanım Pilar
Alvares-Laso Beynəlxalq Bioetika Komitəsinin
XVIII sessiyasının yüksək səviyyədə təşkil
olunduğunu qeyd edib. Artıq Azərbaycanda
Bioetika və Tibbi Hüquq üzrə elmi ixtisasın,
elmi şifrin yaradılması, Bioetika üzrə AMEA-nın
İnsan Hüquqları İnstitutunda doktorantura və
dissertanturanın fəaliyyətə başlamasını yüksək
dəyərləndirən qonaq alimlərin bu sahədə elmi
araşdırmalar aparmasından məmnunluğunu nəzərə
çatdırıb. YUNESKO-nun baş direktor müavini
regionda Bioetikanın inkişafı baxımından ilk
təşəbbüsün Azərbaycanda göstərildiyini
vurğulayıb, Azərbaycan Televiziyasında yeni
açılmış Bioetikaya dair verilişin əhəmiyyəti
haqqında fikirlərini bildirib.
Xanım Pilar
Alvares-Laso sessiya zamanı akademiklər Urxan
Ələkbərov, Adilə Namazova və professor Vüqar
Məmmədovun "Regionda yeni etik çağırışlar"
mövzusundakı çıxışlarından bəhs edib. Qonaq
nəzərə çatdırıb ki, Azərbaycanda yalnız tibb
işçiləri üçün Bioetika üzrə kafedralararası
kursun tədrisi aşağı kurslardan aparılsa da, bu,
YUNESKO-nun tövsiyə etdiyi tədris proqramlarına
uyğun deyil. YUNESKO-nun baş direktor müavini
digər ali təhsil müəssisələrində və orta
məktəblərdə, xüsusilə sosial-humanitar elmi
ixtisaslar üzrə Bioetikanın tədris olunmasının
zəruriliyinə toxunub, AMEA-nın İnsan Hüquqları
İnstitutunda Bioetika üzrə YUNESKO-nun baza
tədris proqramının Azərbaycan dilinə tərcümə
olunmasını təqdirəlayiq hal kimi
səciyyələndirib.
Son zamanlar
İnsan Hüquqları İnstitutunun rəhbərliyi və
müvafiq sahə ilə məşğul olan əməkdaşları ilə
Azərbaycanda Bioetikanın tədrisinin təşkili
məsələləri barədə dəfələrlə müzakirələrin
aparıldığını nəzərə çatdıran Misir Mərdanov
Bioetikanın Azərbaycan təhsilində geniş yer
almasında Təhsil Nazirliyinin maraqlı olduğunu
bildirib. Nazir qeyd edib ki, Bioetikanın tibbi
və sosial-humanitar elmlərin tədrisində mühüm
əhəmiyyətini nəzərə alaraq Bakı Dövlət
Universitetinin hüquq fakültəsində Bioetika və
Tibbi Hüquq kafedrasının yaradılması nəzərdə
tutulur. Təhsil naziri gələcəkdə bu ixtisas üzrə
magistratura pilləsinin açılmasının mümkünlüyünü
vurğulayıb, göstərilən dəstəyə görə təşəkkürünü
bildirib.
Xanım Pilar
Alvares-Laso bu istiqamətdə olan bütün
təşəbbüsləri dəstəkləyəcəklərini, AMEA-nın İnsan
Hüquqları İnstitutunun dəstəyi ilə YUNESKO-nun
Bioetika kafedrasının ekspertləri tərəfindən
Bakıda Bioetika kursunu tədris edəcək müəllimlər
üçün ilin sonunadək treninq-seminarlar
keçiriləcəyini nəzərə çatdırıb. Həmin
seminarlara qonşu ölkələrin ali və orta məktəb
müəllimlərinin də dəvət oluna biləcəyini
söyləyən qonaq Bakı Dövlət Universitetinin hüquq
fakültəsində açılacaq yeni kafedraya YUNESKO-nun
kafedrası statusu verilməsinin nəzərdə
tutulduğunu qeyd edib.
Daha sonra
görüşdə əlil uşaqların təhsili problemləri,
de-institutonalizasiya problemləri üzrə aparılan
işlər, online təhsil məsələləri ətrafında fikir
mübadiləsi aparılıb. 2011-ci ilin "Kimya ili"
elan olunduğu nəzərə alınaraq ali və orta təhsil
müəssisələrində YUNESKO ilə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin birgə tədbirlər
planı müzakirə olunub. |