Bakı şəhəri 9 nömrəli Uşaq-Gənclər İdman
Məktəbində gənc nəslin fiziki inkişafına diqqət
daim artmaqdadır. Burada idmançılar yarışlara
ancaq qalib kimi hazırlanır. Məktəbin gənc
idmançıları iştirak etdikləri bütün yarışlardan
qələbə ilə qayıdırlar. Praqa şəhərində sambo
üzrə keçirilən Avropa birinciliyində Kazım
Babayev bürünc medala, Sankt-Peterburq şəhərində
cüdo üzrə keçirilən Beynəlxalq Festival
turnirində gənc idmançı Abu Cəlal Hüseynov isə
III yerə layiq görülüblər. Məktəblilərin V
Spartakiadasında komanda hesabında idman
məktəbinin gənc cüdoçuları II, gənc
basketbolçuları isə I yerin sahibi olublar.
İdman
məktəbinin futbolçu qızları da oğlanlardan geri
qalmırlar. Cəmi iki il fəaliyyət göstərməsinə
baxmayaraq, qızlardan ibarət futbol komandası bu
il respublika kubokuna sahib çıxıb. Futbolçu
qızlar Şağan Olimpiya İdman Kompleksində
keçirilən finalda Lənkəranın "Xəzər" komandasına
7:0 hesabı ilə qalib gələrək Azərbaycan
birincisi olublar. Bu uğurların nəticəsidir ki,
gənc futbolçular milli yığma komandanın
tərkibinə daxil ediliblər.
İdman
məktəbinin 6 futbolçusu - Aysun Əliyeva, Aliyə
Vəliyeva, Kamilla Məmmədova, Əminə Heydərova,
Humay Nəzərova və Leyla Aşurova 2012-ci ildə
milli yığma komandanın tərkibində oynayacaqlar.
Futbolçu qızlar hazırda AFFA tərəfindən təşkil
edilmiş təlim-məşq toplanışında iştirak etmək
üçün Macarıstanın Budapeşt şəhərinə ezam
olunublar.
Sifai AĞAMİRZƏQIZI |