Bakının Bibiheybət qəsəbəsindəki 50 nömrəli orta
məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun xatirəsinə həsr olunmuş "Ölümünlə
ölməzliyi qazandın" mövzusunda tədbir keçirilib.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin, DİN Daxili
Qoşunların Mətbuat xidmətinin nümayəndələri,
Milli Qəhrəman Mübariz İbrahimovun təhsil aldığı
Biləsuvar rayonu, şəhid Malik Piriyev adına
Əliabad kənd orta məktəbinin bir qrup müəllim
kollektivi və başqa qonaqlar iştirak ediblər.
Məktəbin direktoru Sədaqət Həsənova öncə Milli
Qəhrəmanın doğulub boya-başa çatdığı kəndində
keçirilən görüş və tədbir barədə məlumat verib.
Bildirib ki, 50 nömrəli məktəbin bir qrup
nümayəndəsi bir ay bundan əvvəl Biləsuvar
rayonunun Əliabad kəndində Mübariz İbrahimovun
yaşadığı evdə olmuş, onun ailə üzvləri ilə
görüşmüş, qəhrəmanın oxuduğu məktəbdə keçirilən
tədbirdə iştirak etmişdir. Bu gün isə sevinirik
ki, Biləsuvar rayonunun Əliabad kənd orta
məktəbində Mübariz İbrahimova dərs demiş
müəllimlərdən bir qrupu bizim məktəbimizin
qonağıdır.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Xalidə Bayramova, DİN
Daxili Qoşunların Mətbuat xidmətinin rəisi,
polkovnik- leytenant Təranə Məmmədova, orta
məktəbdə Mübariz İbrahimova dərs demiş, əməkdar
müəllim Qılman Abbasov və digər qonaqlar da
Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlıq
yolundan ətraflı danışmış və bütün gəncləri
Mübariz kimi mübariz olmağa çağırmışlar.
Tədbirin sonunda məktəblilərin ifasında
qəhrəmana aid şeirlər söylənilib və ədəbi-
bədii kompozisiya göstərilib.
Şakir CƏFƏROV |