28
May - Respublika Günü ilə 1 İyun Uşaqları
Beynəlxalq Müdafiə Gününü təqvimdə cəmi bir neçə
vərəq ayırır. Hər bayramın körpələrə öz sevinc
payı olsa da, məktəbəqədər təhsil
müəssisələrində çox vaxt bu iki bayramı bir
tədbirlə qeyd edirlər. Bakıdakı 335 nömrəli
körpələr evi-uşaq bağçasında bu günlərdə
keçirilən bayram şənliyi də hər iki tarixi günə
həsr olunmuşdu.
Bağçanın al-əlvan şarlar, bayraqlarla bəzədilmiş
həyətində keçirilən bayram tədbirini bu
məktəbəqədər təhsil ocağının müdiri Sevda
Almuradova açaraq azadlığın, müstəqilliyin nə
demək olması, 93 il öncə onları xalqımıza bəxş
etmiş Azərbaycan Demokratik Cümhuriyyəti
haqqında uşaqlara sadə dildə məlumat verdi.
Bağça müdiri ölkəmizdə uşaqlara göstərilən
dövlət qayğısından söz açaraq onların yaşamaları,
böyümələri və təhsil almalarının dövlətimizin,
möhtərəm Prezidentimiz İlham Əliyevin daim
diqqət mərkəzində durduğunu vurğuladı.
Tədbirin aparıcısı, məktəbəhazırlıq qrupunun
tərbiyəçisi Nailə Hacıyeva da körpə fidanlara
bayram təbriklərini çatdırıb, bağçanın bütün
qruplarından olan istedadlı uşaqların maraqlı
bayram proqramı hazırladıqlarını bildirdi və onu
təqdim etmək üçün meydanı balacaların ixtiyarına
verdi. Uşaqlar öncə "Cücələrim" mahnısının
sədaları altında meydanda öz yerlərini tutdular.
Balaca fidanlar üçün al-əlvan xüsusi bayram
geyimləri hazırlanmışdı. Əsgər geyimli uşaqlar
bu al-əlvanlıq içərisində xüsusilə seçilirdi.
Əllərində "avtomat" tutmuş bu körpələr elə ciddi
görkəm almışdılar ki, sanki tədbirdən çıxıb
birbaşa Qarabağa, torpaqlarımızı azad etməyə
gedəcəkdilər. Lakin buna yaşları imkan verməsə
də, torpaqlarımızın tezliklə azad olunması
onların hər birinin arzusudur və bunu balaca "əsgərlər"
ifa etdikləri şeirlərlə, marşlarla nümayiş
etdirdilər. Əllərində kiçik bayraqlar tutmuş
digər uşaqlar da tədbir iştirakçılarını
şeirlərlə salamlayıb təbrik etdilər. Bir qrup
uşaq isə öyrəndikləri şeirləri məharətlə
söyləyib ana Vətənə layiq olacaqlarına and
içdilər.
Tədbir boyu bir-birini əvəz edən çıxışlar -
uşaqların bir-bir, iki-bir, qrup şəklində ifa
etdikləri şeirlər, mahnılar, rəqslər bayram
mərasiminin iştirakçılarında xoş ovqat, balaca
fidanlarda sevgi hissləri doğurdu.
Bayram tədbirinin ən maraqlı nömrəsi isə dahi
Nizaminin "Yeddi gözəl" poeması əsasında
hazırlanmış səhnəcik oldu. Yeddi xalqı təmsil
edən qızların rəqsini hər xalqın milli geyimində
olan fidan balalar ustalıqla ifa edib tədbir
iştirakçılarının alqışlarını qazandılar.
Tədbirin sonunda bayram şənliyinin
hazırlanmasında yaxından iştirak etmiş
tərbiyəçilərdən Nailə Hacıyevanın, Fənurə
Hacıyevanın, Dilbər Rüstəmovanın, Rahimə
Kazımovanın, Şəhla Vəliyevanın, Nigar
Bayramovanın, Elnarə Səlimovanın, Kəmalə
Mahmudovanın, Həqiqət Xəlilovanın, Savat
Əliyevanın, musiqi rəhbəri Aygün Quliyevanın
zəhmətləri xüsusi qeyd olunub, onlara
minnətdarlıq edildi.
Yusif ƏLİYEV |
|