Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - ¹21

 

Dünya təhsili

 

İsveç Krallığının təhsil sistemi

 
 

İsveç Krallığı

 
Ərazisi: 450295 kv.km.
Əhalisi: 9,4 milyon nəfər 
Paytaxtı: Stokholm şəhəri
Dövlət dili: İsveç dili  
Pul vahidi:  İsveç kronu
 

  

Təhsil sistemi 

Şimali Avropada Skandinaviya yarımadasında yerləşən İsveç Krallığı qərbdən Norveç, şimal-şərqdən Finlandiya və cənub-qərbdən Danimarka  ilə həmsərhəddir. Ölkə 1995-ci ildən Avropa Birliyinin üzvüdür.

Hamı üçün təhsil İsveç təhsil sisteminin əsas şüarıdır. Ölkədə hamı pulsuz, yüksək keyfiyyətli təhsil imkanlarından istifadə etmək hüququna malikdir.

İsveçdə 1-5 yaş arasındakı uşaqlar üçün pulsuz bağçalar mövcuddur. Məktəbəqədər təhsil və məktəb yaşlı uşaqlar üçün qayğı sistemi isə həm 1-5 yaşlı, həm də 6-12 yaşlı uşaqları əhatə edir.

İsveçdə icbari təhsilə başlamazdan öncə 6 yaşlı uşaqlar 1-illik məktəbəqədər hazırlıq siniflərinə gedə bilərlər. Uşaqlar məktəbəqədər siniflərdə daha erkən yaşlarında təhsil almaq imkanına da malikdir. Məktəbəqədər siniflərdə illik dərs yükü minimum 525 saat müəyyən olunub. Məktəbəqədər siniflər dövlət təhsil sistemi daxilində pulsuz və könüllü təhsil formasıdır.

Ölkədə 6 yaşlı uşaqların təxminən 96 faizi məktəbəqədər sinfə cəlb olunub. Məktəbəqədər sinfin əsas məqsədi məktəbəqədər təhsil pilləsi ilə icbari təhsil pilləsi arasında əlaqəni təmin etməkdir.

2008-2009-cu tədris ilinin statistik məlumatlarına görə, 3843 məktəbəqədər sinifdə 97000-dən çox uşaq təhsil alıb. Məktəbəqədər siniflərə getmədən icbari məktəbə daxil olmaq da mümkündür.

 7-16 yaş arasındakı uşaqlar 9-illik icbari təhsilə cəlb olunur. Ölkədə bəzən uşaqlar 6 yaşdan (cəmi 2 faiz) icbari məktəblərdə oxuyur. İcbari təhsili başa vuran gənclərin 90 faizdən çoxu 3 il davam edən orta təhsilin yuxarı pilləsində təhsil alırlar. Yuxarı siniflər gimnaziya (gymnasium) adlandırılır. Gimnaziyanı bitirənlər həm işləmək imkanı qazanır, həm də ali təhsil almaq üçün müraciət hüququ əldə edirlər.

İsveçdə mövcud olan məktəbyaşlı uşaqlar üçün qayğı mərkəzləri bir sıra özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Ailə gündəlik qayğı evləri və məktəbdənkənar (asudə vaxtın təşkili) mərkəzləri adı ilə fəaliyyət göstərən bu qurumların əsas məqsədi uşaqlara asudə vaxtın mənalı təşkili imkanı yaratmaq və onların hərtərəfli inkişafına yardım etməkdir.

Məktəbyaşlı uşaqlar üçün qayğı mərkəz

lərinə məktəbəqədər siniflərdə və icbari məktəblərdə oxuyan 12 yaşa qədər uşaqlar cəlb edilir. Bu mərkəzlərin fəaliyyətinə bələdiyyələr nəzarət edir. Ölkə üzrə təxminən 330000 uşaq məktəbyaşlı uşaqlar üçün qayğı ilə əhatə olunub.

İsveçdə çoxsaylı universitet və kolleclər mövcuddur. Onlardan ən məşhurları Uppsala Universiteti, Göteborq Universiteti, Stokholm Universiteti, Lund Universiteti  və Kral Texnologiya Universitetidir. Avropa Birliyi ölkələri və İsveçdən olan bütün tələbələr təhsil haqqından azaddır.

Ölkədə yaşlıların təhsilinə xüsusi diqqət yetirilir. Hər il müvafiq yaş qrupundakı əhalinin təxminən yarıdan çoxu yaşlıların təhsili proqramlarına cəlb olunur. 

Məktəbəqədər təhsil 

Məktəbəqədər təhsil 1 yaşdan 5 yaşa qədər olan dövrü əhatə edir. Məktəbəqədər təhsil məktəbəqədər və açıq məktəbəqədər təhsil müəssisələrində, eləcə də ailə gündəlik qayğı evlərində həyata keçirilir. Məktəbəqədər təhsilin məqsədi uşaqların hərtərəfli inkişafını və təlimini təmin etməkdən ibarətdir.

Ölkə üzrə təxminən 800000-dən artıq uşaq məktəbəqədər təhsilə, asudə vaxtın təşkili mərkəzlərinə və məktəbyaşlı uşaqlar üçün qayğı sisteminə cəlb olunur. Onların 433000-dən çoxu məktəbəqədər təhsil müəssisələrində, 25000-i ailə gündəlik qayğı evlərində, 346000-i isə asudə vaxtın təşkili mərkəzlərində təhsil alırlar. Məktəbəqədər təhsil müəssisələrində təxminən 94000 işçi çalışır.

1998-ci ildən məktəbəqədər təhsil müəssisələrində yeni kurikulum əsasında tədris aparılır. Yeni kurikulum fasiləsiz təhsilin ilkin mərəhələsi kimi məktəbəqədər təhsilin səviyyəsini yüksəltməyə xidmət edir. Məktəbəqədər təhsil kurikulumunda müxtəlif oyunların uşaqların təlim və inkişafındakı əhəmiyyəti, uşaqların fəal özünüifadə qabiliyyətinin artırılması məsələləri daha qabarıq əksini tapıb.

2010-cu ildə aparılmış müəyyən təkmilləşdirmə nəticəsində məktəbəqədər təhsil kurikulumunda uşağın dil və riyazi, təbiət elmləri, texnologiya sahəsindəki bacarıqlarının inkişaf etdirilməsi məsələləri də nəzərə alınıb. Bununla da məktəbəqədər təhsil sahəsində çalışanların, müvafiq təhsil müəssisələri rəhbərlərinin qarşısında duran vəzifələr daha dəqiq müəyyən olunub. 

İcbari təhsil 

Qeyd etdiyimiz kimi, İsveçdə icbari təhsil 9 il davam edir. Uşaqlar 7 yaşdan etibarən pulsuz icbari təhsil almağa başlayırlar. İcbari təhsilin əsas məqsədi bütün şagirdlərə ictimai həyatda fəal iştirak etmək və fasiləsiz təhsilə cəlb olunmaq üçün lazım olan bilik və bacarıqları verməkdir.

Statistik məlumatlara görə, 2008-2009-cu tədris ilində icbari təhsilə cəlb olunmuş 900000 şagirdin təlim-tərbiyəsi ilə 88000 müəllim məşğul olub. Onların 90 faizi bələdiyyə məktəblərində oxuyub.

Məktəbdə çətinlikləri olan şagirdlərə xüsusi diqqət verilir. Məktəb təhsili pulsuz olsa da, bəzən bir sıra xidmətlər üçün kiçik miqdarda haqq tələb oluna bilər.

Məktəblərdə heç bir şagird müəllimin diqqətindən kənarda qalmır. Müntəzəm bilik testləri tətbiq edilməklə şagirdlərin müvəffəqiyyət göstəriciləri izlənilir. Təhsildə çətinliklə qarşılaşan şagirdlər qısa zamanda müəyyən edilir və onlarla müəllimlər əlavə məşğul olur, belə uşaqlara biliyin gücləndirilməsinə xidmət edən əlavə tapşırıqlar verilir. Təhsilin məzmunu kurikulum və fənn proqramları əsasında müəyyən olunur. Şagirdlərə 8-ci sinifdən başlayaraq qiymətlər verilir.

Bələdiyyə (dövlət) məktəbləri ilə yanaşı, İsveçdə müstəqil məktəblər də fəaliyyət göstərir. Müstəqil məktəblərin fəaliyyətinə Təhsil üzrə Milli Agentlik tərəfindən icazə verilir. Müstəqil məktəblər bələdiyyə məktəbləri ilə eyni statusa malik olsa da, belə məktəblərdə əlavə fənlər də tədris edilə bilər.

Fiziki qüsurlu uşaqların əksəriyyəti icbari məktəblərdə digər şagirdlərlə bərabər təhsil alırlar. Buna baxmayaraq, daha ciddi qüsuru olanlar xüsusi ehtiyaclı uşaqlar üçün məktəblərdə oxuyurlar. Xüsusi ehtiyaclı uşaqlar üçün məktəblərdə eşitmə, görmə, dil zəifliyi olan uşaqlara əlavə qayğı göstərilir. Belə məktəblərdə təhsil 10 il davam edir ki, bu da icbari məktəblərdə verilən təhsilə ekvivalent hesab olunur.

Təlim çətinlikləri olan şagirdlər üçün məktəblərdə isə əqli qüsurlu uşaqlar təhsil alır. Təlim çətinlikləri olan şagirdlər üçün icbari təhsil 9 il müəyyən edilib.

İsveçdə Sami dillərində (Sami dil ailəsinə Ərəb, İvrit, Aramey, Suriya (Aysor) və Tunis dilləri, Həbəş-zənci dilləri və ölü dil sayılan akkad dili daxildir) danışan milli azlıqların təhsil almasına imkan yaratmaq məqsədilə Sami məktəblər fəaliyyət göstərir. Sami məktəblərdə icbari təhsilin ilk altı ilini əhatə edən Sami təmayüllü təhsil verilir. 

Orta təhsilin yuxarı pilləsi 

İsveçdə icbari təhsili başa vuran şagirdlərin demək olar ki, hamısı orta təhsilin yuxarı pilləsində təhsilini davam etdirir. Könüllülük prinsipinə əsaslanan orta təhsilin yuxarı pilləsində də təhsil pulsuzdur. Müvafiq qaydalara əsasən, ölkədə icbari təhsili tamamlayan hər bir gənc 20 yaşının ilk 6 ayına qədər orta təhsilin yuxarı pilləsində oxuya bilər.

Statistik məlumatlara görə, 2008-2009-cu tədris ilində orta təhsilin yuxarı pilləsində oxuyan 396000 şagirdin təlim-tərbiyəsi ilə 38400 müəllim məşğul olub. Orta təhsilin yuxarı pilləsində təhsil müxtəlif proqramlar üzrə həyata keçirilir.

Bu təhsil pilləsi 3 illik 17 milli proqrama bölünür. Onlardan 13-ü peşə təhsili (xüsusi təyinatlı proqramlar) proqramları, 4-ü isə ali təhsilə hazırlıq proqramlarıdır. Bütün proqramlar ali təhsil almağa imkan verir. Qeyd olunan proqramlardan 11-i orta təhsilin yuxarı pilləsinin ikinci ilindən başlayaraq ixtisaslaşmalara ayrılır. Pilot peşə təhsili proqramlarında tədris saatının yarısından çoxu istehsalat müəssisəsində keçirilən təcrübəyə əsaslanır.

İsveç hökuməti orta təhsilin yuxarı pilləsini daha da təkmilləşdirmək məqsədilə davamlı islahatlar həyata keçirməkdədir. Bu islahatlar orta təhsilin yuxarı pilləsinin yeni strukturunun yaradılmasını, orta təhsilin yuxarı pilləsinə qəbul qaydalarını, yaşlıların orta təhsilin yuxarı pilləsində təhsil almasına dair məsələləri, peşə və ali təhsilə hazırlıq proqramlarını əhatə edir. 

Ali təhsil  

İsveçin davamlı inkişafı, əhalinin məşğulluğunun təmin olunması, müasir texnologiyalardan istifadənin genişləndirilməsi ali təhsilin keyfiyyəti və elmi-tədqiqat işlərinin səmərəli təşkili ilə sıx bağlıdır. Ölkədə 36 dövlət və təxminən 10 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bütün bu ali məktəblərdə ümumilikdə, 400000-dən artıq tələbə təhsil alır, 63000-ə yaxın işçi çalışır.

Ölkə üzrə orta məktəbi bitirənlərin 40 faizindən çoxu ali təhsilə yiyələnir. Ali təhsilə ayrılan illik vəsaitin ümumi məbləğı 50 milyard kron təşkil edir. Bunun da 65 faizi dövlətin birbaşa ayırdığı vəsaitlərdən ibarətdir.

İsveç ali təhsil müəssisələrində oxumaq üçün sənəd vermiş abituriyentlərin sayı yerlərin sayından artıq olduqda müvafiq seçim proseduru həyata keçirilir. Seçim abituriyentin orta təhsilin yuxarı pilləsi üzrə aldığı qiymətlərə, könüllü qabiliyyət testinə və ali təhsil müəssisəsinin müəyyən etdiyi meyarlara əsaslanır.

Pulsuz ali təhsilin mövcudluğu İsveçi əcnəbilər üçün olduqca cəlbedici ölkə kimi şərtləndirir. Bu baxımdan yaradılmış olduqca əlverişli imkanlardan yalnız Avropa Birliyi ölkələri və İsveçdən olan tələbələr istifadə edə bilərlər.  2010-cu ilin iyun ayında İsveç parlamentində qəbul edilmiş qanuna görə digər ölkələrin vətəndaşları üçün ali təhsil pulludur. Bu dəyişikliyin əsas məqsədi ali təhsil müəssisələrinin beynəlxalq rəqabətə davamlılığını pulsuz təhsilə görə deyil, keyfiyyətə görə təmin etməkdir.

İsveç əhalisinin sayına görə dövlət resurslarını elmi-tədqiqatlara ən çox yatıran ölkələrdən biridir. 2010-cu ildə elmi-tədqiqatlara 29,47 milyard İsveç kronu ayrılıb ki, bu da təxminən ölkənin ümumi daxili məhsulunun 1 faizinə yaxındır. İsveç elmi-tədqiqatlara və inkişafa ayırdığı vəsaitin həcminə görə dünyada yalnız İsraildən geri qalır.

İsveçdə tətbiq olunan modelə əsasən, elmi-tədqiqatlara yönəldilən dövlət vəsaitlərinin böyük əksəriyyəti universitetlərə verilir. İsveçdə dövlət tərəfindən maliyyələşdirilən elmi-tədqiqatların üçdə ikisi ali təhsil müəssisələrində həyata keçirilir.

Mərkəzi hökumətin ayırdığı vəsaitlərlə bərabər, İsveç Tədqiqat Şurası, müxtəlif agentliklər, tədqiqat fondları, Avropa İttifaqı, bələdiyyələr, Dairə Şuraları da elmi-tədqiqat işlərini maliyyələşdirirlər. Böyük sənaye sahələrində tədqiqat və inkişafa mərkəzi hökumətdən daha çox vəsait ayrılır. 2009-cu ildə İsveçin biznes sektoru elmi-tədqiqatlara 78 milyard İsveç kronu həcmində vəsait yatırıb ki, bu da ümumi daxili məhsulun 2,6 faizini təşkil edir.

Bir çox proqramlar, təqaüdlər vasitəsi ilə xaricdə təhsil alan İsveç vətəndaşlarının sayı ilbəil artmaqdadır. Xarici ölkə universitetlərinin verdiyi diplomlar kvalifikasiyaların tanınması üzrə qeydiyyatdan keçirildikdən sonra İsveçdə daimi işləmək mümkündür. 

Əcnəbi tələbələr 

Bu gün yüksək inkişaf etmiş dünya təhsil məkanında İsveç ali təhsil müəssisələri mühüm rol oynayır. Avropanın hüdudlarından kənarda yerləşən ölkələrdən (üçüncü ölkə) gələn tələbələrin İsveçdə təhsil almaq marağı son illər daha da artıb. Statistik məlumatlara görə, 2009-cu ildə Avropa İttifaqından kənar ölkələrdən İsveçdə oxuyan tələbələrin ümumi sayı 120000 nəfər olub.

Onu da qeyd edək ki, İsveç hazırda Avropa İttifaqı ölkələrindən gələn tələbələri pulsuz ali təhsil imkanları ilə təmin edən azsaylı ölkələrdən biridir. Avropa İttifaqı hüdudlarından kənarda yerləşən ölkələrdən gələn tələbələr üçün təhsil haqları bakalavr və magistratura pillələri üzrə ayrılıqda müəyyən olunur. Ancaq İsveçdə yaşayış icazəsi olan üçüncü ölkə vətəndaşları da pulsuz ali təhsil almaq hüququna malikdir. Doktorantura pilləsi üzrə isə istənilən ölkənin vətəndaşları pulsuz təhsil ala bilərlər.

Hər bir ali təhsil müəssisəsi təhsil haqqının səviyyəsini özü müəyyən edir. Təhsil haqları təhsil proqramından asılı olaraq dəyişir. Təhsilə başlamaq üçün təhsil haqqının müəyyən bir hissəsi və ya tam olaraq qabaqcadan ödənilməlidir. Təhsil haqqı kimi daxil olan vəsaitlərin istifadəsində ali təhsil müəssisələri tam sərbəstdir.

Əcnəbi tələbələrin daha çox olması İsveçdə ali təhsil sisteminin əlavə üstünlüyü kimi qəbul edilir. Hesab olunur ki, əcnəbi tələbələr ali təhsil müəssisələrində beynəlmiləl mühitin formalaşmasını və mədəni müxtəlifliyi gücləndirir.

Bir çox ölkələr savadlı, bacarıqlı üçüncü ölkə vətəndaşları üçün müxtəlif təqaüdlər təklif edirlər. İsveç hökuməti də öz ali təhsil müəssisələrinə yüksək intellektli əcnəbi tələbələri cəlb etmək üçün təqaüdlərin veriməsində maraqlıdır.

İllik dəyəri 30 milyon kron təşkil edən bir təqaüd proqramı İsveç ilə uzunmüddətli əməkdaşlıq tarixinə malik olan ölkələrin istedadlı tələbələri üçün nəzərdə tutulur. Bu təqaüd həm yaşayış, həm də təhsil xərclərini tam əhatə edir.

Həmçinin Avropa İttifaqına daxil olmayan üçüncü ölkə vətəndaşları üçün təqaüd proqramı nəzərdə tutulub. Bu təqaüd yalnız təhsil xərclərini əhatə edir. Təqaüdün illik həcmi 60 milyon kron təşkil edir. Bu vəsait ali təhsil müəssisələri arasında bölüşdürülür. 

Yaşlıların təhsili 

İsveçdə yaşlıların təhsili əsasən, bələdiyyə əsaslı, təlim çətinliyi olanlar üçün yaşlıların təhsili və miqrantlar üçün İsveç dilindən təhsilə əsaslanır.

Bələdiyyə əsaslı yaşlıların təhsilinin əsas məqsədi cəmiyyətdə və iş həyatında iştirak etmək üçün yaşlılara müvafiq bilik və bacarıqlar verməkdir.

Təlim çətinliyi olanlar üçün yaşlıların təhsilinin əsas məqsədi əqli qüsura malik olan yaşlılara orta məktəblər səviyyəsində bilik və bacarıq aşılamaqdan ibarətdir.

Miqrantlar üçün İsveç dilindən təhsilin əsas məqsədi isə yaşlı miqrantlara İsveç dili üzrə əsas bilikləri öyrətməkdir.

Tamamlayıcı təhsil dövlət təhsil sistemi yaşlıların iş və peşə sahələri üzrə bilik və bacarıqlarının artırılmasına və ənənəvi peşə bacarıqlarının qorunmasına xidmət edir. Yaşlıların təhsilinin digər formalarından fərqli olaraq, bu təhsil fiziki şəxslər və ya təşkilatlar, özəl idarələr tərəfindən də təşkil oluna bilər.

Yaşlıların humanitar təhsili İsveç cəmiyyətində böyük bir ənənəyə malikdir. Bu təhsilə əhalinin öz həyat səviyyəsinə təsir etmək imkanlarının genişləndirilməsi və ayrı-ayrı fərdlərin cəmiyyətin inkişafındakı məsuliyyət hissinin artırılması daxildir. Demokratiyanın inkişafı, mədəni həyata olan marağın artırılması və ictimai həyatda iştirak səviyyəsinin yüksəldilməsi yaşlıların humanitar təhsilinin əsas məqsədlərindəndir. Yaşlıların humanitar təhsili xalq orta məktəbləri və tədris assosiasiyaları tərəfindən təşkil olunur. 

Təhsilin idarə olunması 

İsveç parlamenti (Riksdaq) və hökumət təhsil sisteminin inkişaf istiqamətlərini, əsas məqsədləri və müvafiq təlimatları müəyyən edirlər. Qəbul olunmuş qaydalar bütün məktəblərə şamil edilir, ölkə üzrə hamı üçün yüksək səviyyəli və bərabər təhsil imkanları yaradılır. Təhsil və Tədqiqat Nazirliyi isə hökumətin təklifləri əsasında müvafiq qərarların verilməsinə və icrasına cavabdehdir.

Bələdiyyələr dövlət tərəfindən qəbul edilmiş Təhsil Aktı, milli kurikulum və digər normativ-hüquqi sənədlər çərçivəsində təhsil sisteminin idarə olunmasını yerinə yetirirlər. Bələdiyyələr məktəbəqədər təhsil xidmətlərinin müxtəlif formalarının müəyyənləşdirilməsi və təşkilinə dair qərar qəbul etməkdə tam sərbəstdirlər. Hamı üçün bərabər təhsil imkanlarının yaradılması baxımından məktəblərə lazım olan resursların verilməsinə və müvafiq şəraitin yaradılmasına da yerli özünüidarəetmə qurumları cavabdehdir. Məktəblərin yoxlanılması və təhsil müəssisələrinin fəaliyyətinin dəyərləndirilməsi də bələdiyyələr tərəfindən həyata keçirilir.

İsveçin Təhsil və Tədqiqat Nazirliyində 200 işçi çalışır. Nazirliyin strukturunda Məktəblər, Orta təhsilin yuxarı pilləsi, Tələbələrə maliyyə yardımı, Yaşlıların təhsili və təlimi, Ali təhsil, Tədqiqat siyasəti, Gənclər siyasəti və vətəndaş cəmiyyəti, eləcə də Gender bərabərliyi şöbələri fəaliyyət göstərir.

Əsas işləri birbaşa təhsil nazirinə tabe olan dövlət katibləri icra edir. Nazirlikdə həmçinin siyasi müşavirlər və mətbuat katibləri fəaliyyət göstərir. İnzibati və Hüquqi məsələlər üzrə baş direktorlar ümumi fəaliyyətin idarə olunmasına və əlaqələndirilməsinə yardım edir, qanun layihələrinin hazırlanmasına cavabdehlik daşıyırlar.

İsveçdə təhsil sahəsində fəaliyyət göstərən agentliklər təhsil standartlarının müəyyən edilməsi prosesinə və müvafiq məqsədlərə nail olunmasına yardım edir.

Təhsil üzrə Milli Agentlik məktəbəqədər təhsil müəssisələri, dövlət məktəbləri və məktəbyaşlı uşaqlara qayğı sisteminə rəhbərlik edən inzibati orqandır.

İsveç Məktəblər İdarəsi məktəbəqədər təhsil müəssisələrinin, məktəblərin və məktəbyaşlı uşaqlar üçün qayğı sisteminin fəaliyyətində keyfiyyətə nəzarəti həyata keçirir. Məktəblər İdarəsi, həmçinin müstəqil məktəblərin fəaliyyətinə icazə verilməsi baxımından səlahiyyətlərə malikdir.

Xüsusi ehtiyaclı uşaqların təhsili üzrə agentlik dövlət və dövlət tərəfindən nəzarət edilən müstəqil məktəblərdə xüsusi ehtiyaclı uşaqların təhsili ilə bağlı məsələləri həyata keçirir, pedaqoji heyətə dəstək verir.

Təhsil üzrə Apelyasiya Şurası orta təhsilin yuxarı pilləsində tədris olunan proqramlarla bağlı mübahisə doğuran qərarları nəzərdən keçirir və müvafiq düzəlişlərin aparılmasını təmin edir. 

Beynəlxalq əməkdaşlıq 

Nordplus Proqramı Skandinaviya ölkələrinin Nazirlər Şurasının fasiləsiz təlim sahəsində ən tanınmış proqramı hesab olunur. Skandinaviya regionunda hər il təxminən 10000 nəfər Nordplus Proqramından bəhrələnir. Bu proqramın Nordplus Junior, ali təhsil, yaşlıların təhsili, horizontal və Skandinaviya ölkələrinin dili və mədəniyyəti adlı bölmələri mövcuddur.

Skandinaviya Magistratura Proqramı Skandinaviya ölkələrində magistratura pilləsində təhsl almaq istəyənlər üçün nəzərdə tutulub.

Transmilli Çeviklik Proqramı peşə təhsili proqramları üzrə oxuyan və ya peşə hazırlığını davam etdirən şagirdlər, tələbələr, gənc işçilər, eləcə də təlimçilər üçün nəzərdə tutulan iş təcrübəsi və mübadilə proqramıdır. Proqramın əsas məqsədi Avropa ölkələrinin təhsil əlaqələrini inkişaf etdirmək, təcrübə və nəzəriyyə vasitəsi ilə fərdlərin müəyyən bacarıqlara yiyələnmək imkanını artırmaq, iş təcrübəsi və peşə təhsili arasındakı əlaqəni möhkəmləndirməkdir.

Orta təhsilin yuxarı pilləsinin I və ya II ilində oxuyan şagirdləri bir tədris ili Fransa, İspaniya, Almaniya və ya Avstriyaya göndərmək məqsədilə yaradılmış 1 illik proqram da İsveçdə kifayət qədər məşhurdur. Bu proqram şagirdlərin dil bacarıqlarını inkişaf etdirməyə və Avropa ölkələrinin vətəndaşları arasında təhsil sahəsi üzrə mövcud olan münasibətlərin daha da yaxşılaşdırılmasına xidmət edir.

Orta təhsilin yuxarı pilləsində oxuyan şagirdlər, həmçinin ildə iki dəfə Təhsil üzrə Milli Agentliyin təsis etdiyi Xaricdə istehsalat təcrübəsi qrantı üçün müraciət edə bilərlər.

1998-ci ildə başlanmış və 2006-cı ildə tamamlanmış iyirmi ölkənin məktəbəqədər təhsil fəaliyyəti üzrə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının həyata keçirdiyi tədqiqatlarda (Erkən uşaqlıq təhsili və qayğı strategiyası) İsveç də iştirak edib. Tədqiqat zamanı ölkədə məktəbəqədər təhsil almaq imkanı, məktəbəqədər təhsilin keyfiyyəti, maliyyələşməsi və digər sahələr üzrə araşdırmalar aparılıb. Nəticədə iki hesabat hazırlanıb və İsveç təhsil sistemi bütün pillələrdə digər ölkələr üçün nümunəvi model kimi qəbul edilib. 

Hazırladılar:

Bəşarət MƏMMƏDOV,

Ramil HÜSEYNOV 

Yazının hazırlanmasında İsveç Krallığının Təhsil və Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov