Müstəqil
Azərbaycan Respublikasının təhsil sistemi milli
mənəvi dəyərlərə əsaslanaraq, uzun illər
toplanmış səmərəli təlim-tərbiyə ənənələrini
nəzərə alaraq dünyanın təhsil sisteminə
inteqrasiya olunur. Təhsilin inkişafı ilə bağlı
ümummilli lider Heydər Əliyev demişdir: "Təhsil
sahəsində hər bir yeniləşmə inqilabi yolla
deyil, təkamül yolu ilə həyata keçirilməlidir".
Təhsilin inkişafı ilə əlaqədar deyilmiş bu kəlam
proqram xarakterlidir.
Ayrı-ayrı bilik sahələri üzrə informasiyanın
çoxaldığı, fəal təlim metodları və
texnologiyalarının geniş miqyasda tətbiq
edildiyi hazırkı təlim şəraitində müəllimlərin
köhnə bilik və bacarıqlarla pedaqoji fəaliyyət
göstərmələri onlara müasir tələblərə cavab verən
nəticələr əldə etməyə imkan vermir. Ona görə də
hər bir müəllim peşəkarlıq səviyyəsini artırmaq
məqsədilə fasiləsiz olaraq əlavə təhsil almalı,
şəxsi tələbatına və ehtiyaclarına uyğun
ixtisasartırma təhsilinə cəlb olunmalıdır. Bu
da, öz növbəsində, yeni, daha təkmil
ixtisasartırma təhsili sisteminin yaradılmasını
zəruri edir.
Təbii ki, məsələnin bu cür qoyuluşu müəllimlərin
ixtisasartırma təhsilinə olan tələbatının
qabaqcadan müəyyənləşdirilməsini tələb edir.
Yeri gəlmişkən qeyd edək ki, Sumqayıt Şəhər
Təhsil Şöbəsi bu sahədə böyük təcrübə əldə
etmişdir.
Müəllimlərin ixtisasartırma təhsilinə cəlbi
zamanı onların tələbatının öyrənilməsi
ixtisasartırmanın effektliyini yüksəldir, onu
müəllimlər üçün zəruri bir tədbirə çevirir.
Hazırlanan və təklif olunan tədris
proqramlarının keyfiyyəti və səmərəliliyi artır
və bu işlə əlaqədar maraqlı tərəf, ilk növbədə,
müəllimin özü olmaqla ixtisasartırma
müəssisələrinin sağlam rəqabət şəraitində
fəaliyyət göstərməsini tələb edir.
Azərbaycan dövləti təhsilin əsas məqsədini -
Azərbaycan dövləti qarşısında öz məsuliyyətini
dərk edən, xalqın milli ənənələrinə və
demokratiya prinsiplərinə, insan hüquqları və
azadlıqlarına hörmət edən, vətənpərvərlik və
azərbaycançılıq ideyalarına sadiq olan müstəqil
və yaradıcı düşünən vətəndaş və şəxsiyyət
yetişdirməyi, milli və ümumbəşəri dəyərləri
qoruyan və inkişaf etdirməyə yönəldən, geniş
dünyagörüşünə malik olan, təşəbbüsləri və
yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və
praktik biliklərə yiyələnən müasir təfəkkürlü
və rəqabətqabiliyyətli mütəxəssislər
hazırlamağı, sistemləşdirilmiş bilik, bacarıq və
vərdişlərin mənimsənilməsini və ixtisasın daim
artırılmasını təmin etməyi, təhsil alanları
ictimai həyata və səmərəli əmək fəaliyyətinə
hazırlamağı həyata keçirmək üçün hər cür şərait
yaradır.
Azərbaycan Respublikasının təhsil sistemində
İslahat Proqramının həyata keçirildiyi dövrdən
indiyə kimi dövlət səviyyəsində müxtəlif qanun
və qərarlar qəbul olunmuş, fərman və sərəncamlar
imzalanmış, ayrı-ayrı layihələr həyata
keçirilmişdir. Dövlətin təhsil sahəsində qarşıya
qoyduğu vəzifələrin yerinə yetirilməsi və bu
istiqamətdə işlərin müasir tələblər səviyyəsində
qurulmasını təmin etmək məqsədilə Təhsil
Nazirliyi respublikada əlavə təhsilin həyata
keçirilməsi ilə məşğul olan 18 müəssisənin
fəaliyyətinin monitorinqini keçirmiş və onun
nəticələrini 24 oktyabr 2009-cu il tarixli
kollegiya iclasında müzakirə etmişdir.
Kollegiyada təhsil naziri, professor Misir
Mərdanovun "Pedaqoji kadrların ixtisasartırma
təhsili: mövcud vəziyyət, problemlər və təklif
edilən yeni model" mövzusunda məruzəsi əsasında
"Azərbaycan Respublikasında məktəbəqədər və
ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji
kadrların ixtisasartırma təhsilinə dair
Əsasnamə"ni Azərbaycan Respublikası Nazirlər
Kabinetinə təqdim etmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 6
sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı
ilə "Əlavə təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil almış
şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nı
təsdiq etmişdir. Heç bir vaxt belə bir mötəbər
sənəd qəbul edilməmişdir. Bu sənəddə əlavə
təhsilin 8 istiqaməti müəyyənləşdirilib.
Dövlət tərəfindən yaradılmış bu normativ-hüquqi
baza əlavə təhsil müəssisələrindən biri kimi
Azərbaycan Müəllimlər İnstitutunda necə
reallaşdırılır?
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24
oktyabr 2009-cu il tarixli kollegiyasında qeyd
olunmuşdur: "Azərbaycan Müəllimlər İnstitutunda
ixtisasartırma təhsilinin həyata keçirilməsi
üçün müasir maddi-texniki və tədris bazası,
treninq mərkəzləri yaradılmış, variativ
proqramlar tətbiq edilməkdədir. İxtisasartırma
üzrə mühazirə və seminarlara qabaqcıl
müəllimlər, o cümlədən Təhsil Nazirliyinin,
TPİ-nin, AMEA-nın, ali məktəblərin tanınmış alim
və mütəxəssisləri dəvət olunurlar. Eyni zamanda
ixtisasartırma təhsili sahəsində dünya
təcrübəsi, müasir texnologiyalar və qabaqcıl
təcrübələr öyrənilir və işdə tətbiq edilir.
Əlverişli təlim şəraitinin yaradılması, peşəkar
və səriştəli təlimçilərin cəlb olunması,
səmərəli idarəetmə sayəsində AMİ-də
ixtisasartırma təhsili sahəsində keyfiyyət və
yüksək davamiyyət təmin edilmişdir".
Son beş il ərzində AMİ rəhbərliyinin məqsədyönlü
fəaliyyəti nəticəsində əlavə təhsilə münasibət
yeniləşmiş, müasirləşdirilmiş və dinləyici
tələbatı ön plana çəkilmişdir.
Məlumdur ki, təlim öyrənmə və öyrətmə prosesi
olub öyrədənlə öyrənənin fəaliyyətini
tənzimləyir. Öyrədənin təklif etdiyi fəaliyyət
öyrənənin tələblərinə cavab verməzsə, təlim
prosesi səmərə verməz və həmin prosesin
iştirakçılarının marağı itər.
Açıq etiraf edək ki, müəllimlərin
təkmilləşdirilməsi prosesində dayaq
məntəqələrinin fəaliyyəti passivdir. Təhsil
Nazirliyinin "Dayaq məntəqələri şəbəkəsinin
yaradılması barədə" 30 noyabr 2000-ci il tarixli
əmri yerli təhsil orqanları tərəfindən səmərəli
icra olunmadığına görə proses ehtiyacları
ödəmir. "Öyrədənlərin öyrədəni" işinin təşkili
yerli təhsil orqanları ilə, AMİ və onun yerlərdə
fəaliyyət göstərən filialları ilə birgə həyata
keçirilməsi planlaşdırılıb. AMİ-nin rektoru,
professor, millət vəkili A.Naxçıvanlının
bilavasitə təşəbbüsü ilə bir sıra silsilə dayaq
məntəqələrində işin canlandırılması və reallığı
təmin etmək məqsədilə tədbirlər
müəyyənləşdirilir. Belə ki, Sumqayıt, Gəncə
şəhər, İsmayıllı, Quba, Bərdə, Şəki, Zaqatala,
Cəlilabad, Masallı, Beyləqan rayon təhsil
şöbələrində aparılmış monitorinqlərin nəticələri
göstərdi ki, yuxarıda qeyd olunanlarla bağlı
xeyli işlər görülür. Məqsəd informasiya bolluğu
dövründə müəllimlərin yeni təlim
texnologiyalarını öyrənmələri üçün aktiv
fəaliyyət yaratmaqdır.
Azərbaycan təhsilinin müxtəlif pillələrində
fəaliyyət göstərən çoxminli pedaqoji kadr
potensialını optimal müddətdə təhsil sahəsində
baş verən çoxsaylı yeniliklərlə silahlandırmaq,
onların peşəkarlıq səviyyəsini təkmilləşdirmək
üçün çevik əlavə təhsil proqramları həyata
keçirilməlidir. Belə proqramlardan biri
"Öyrədənlərin öyrədəni" adlı 3 modullu
proqramdır. Həmin proqram dayaq məntəqə
rəhbərləri üçün nəzərdə tutulmuşdur və 36
saatlıq həftəlik təlim treninqləri şəklində
aparılır.
I
mərhələ "Azərbaycan Respublikası Təhsil Qanunu,
islahat proqramının tələbləri baxımından təlimin
məzmunu, forma və metodlarının
təkmilləşdirilməsi"nə, II mərhələ "Azərbaycan
Respublikası Təhsil Qanunu, islahat proqramının
tələbləri baxımından fəal və interaktiv təlim
metodlarının təkmilləşdirilməsi"nə, III mərhələ
"Azərbaycan Respublikası Təhsil Qanunu, islahat
proqramının tələbləri baxımından
informasiya-kommunikasiya texnologiyaları və
onların tədris prosesinə tətbiqi"nə həsr olunur.
2010-2011-ci tədris ilində respublikamızın
müxtəlif regionlarında çalışan 371 nəfər dayaq
məntəqə rəhbəri "Öyrədənlərin öyrədəni" proqramı
üzrə təlim treninqinə cəlb olunmuş, onlardan 322
nəfəri hər üç mərhələni bitirərək sertifikat
almışdır.
2011-2012-ci dərs ilində "Öyrədənlərin öyrədəni"
proqramı üzrə daha effektli iş aparmağı
planlaşdırmışıq. Bu sahədə yerli təhsil
orqanlarının köməkliyinə və fəallığına böyük
ehtiyac vardır.
"Öyrədənlərin öyrədəni" proqramı əlavə təhsilin
ən optimal və çevik formalarından biri kimi
geniş perspektivə malikdir. Azərbaycan
Müəllimlər İnstitutunun rəhbərliyi qarşıdakı
illərdə bu proqramı davam etdirmək, daha da
təkmilləşdirmək məqsədilə təşkilati və metodik
fəaliyyəti artırır.
R.ƏZİZOV,
Azərbaycan Müəllimlər İnstitutunun prorektoru |