İyunun 1-də Park Bulvar AVM-in İL PATİO
restoranında 1 iyun - Uşaqları Beynəlxalq
Müdafiə Gününə həsr edilmiş "Hökumət, QHT və
biznes əməkdaşlığı vasitəsi ilə xüsusi qayğıya
ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası"
adlı tədbir keçirildi. Tədbirdə Səbail Rayon
İcra Hakimiyyətinin "Ümidli Gələcək" Gənclər
Təşkilatının, İL PATİO restoranının
nümayəndələri və digər qonaqlar iştirak
edirdilər.
Tədbiri giriş sözü ilə Səbail Rayon İcra
Hakimiyyətinin başçısı Asif Əsgərov açdı. O,
uşaqları 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə
Günü münasibəti ilə təbrik etdi və onlara
uğurlar arzuladı.
Tədbirdə "Ümidli Gələcək" Gənclər Təşkilatının
proqram rəhbəri Elxan Mərdanlı və İL PATİO
restoranının rəhbəri Səbinə Məmmədovanın
çıxışları oldu. Sonra uşaqlar onları təbrik
etməyə gələn gənc və istedadlı mügənnilər Abdul
Xalid və Nadir Qafarzadənin mahnılarının
sədaları altında İL PATİO restoranı tərəfindən
onlar üçün açılan yemək süfrəsində olan
təamlardan dadaraq şən və sevimli klounların
iştirakı ilə müxtəlif oyunlar oynadılar.
Tədbirin sonunda uşaqlara hədiyyələr paylanıldı.
Şakir CƏFƏROV |