| 
								 Azərbaycan 
								ədəbiyyatşünaslığı və pedaqoji fikri tarixində 
								məşhur "Azərbaycan alimi, tənqidçi və pedaqoqu" 
								kimi dəyərləndirilən Firudin bəy Köçərli 
								tərəqqipərvər elm və ədəbiyyat xadimləri 
								sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir.  
								Firudin bəy Əhməd ağa oğlu Köçərli 1863-cü ilin 
								26 yanvarında Şuşada anadan olmuşdur.  Firudin 
								bəyin əsli Cavanşir mahalının Köçərli 
								kəndindəndir. Ulu babalarından Məhəmməd bəy 
								Köçərli kəndindən Şuşaya köçmüş, burada 
								yurd-yuva salmış, beləliklə, Şuşada Köçərli 
								məhəlləsi yaranmışdır. Firudin bəyin dünyaya göz 
								açdığı mühit əsl ziyalı mühiti olmuşdur. Belə 
								ki, onun atası Əhməd ağa savadlı bir şəxs 
								olmuşdur. Belə bir mədəni mühitdə böyüyən 
								Firudin bəy Mirzə Kərim Münşizadənin məktəbində 
								təhsilə başlamış, sonralar Şuşadakı rus 
								məktəbinə daxil olmuşdur. 1879-cu ildə 
								Zaqafqaziya Müəllimlər Seminariyasına daxil 
								olmuş Köçərli 1885-ci ildə təhsilini başa 
								vurduqdan sonra İrəvan gimnaziyasında 
								(1885-1886-cı dərs ili) pedaqoji fəaliyyətə 
								başlamışdır.  Firudin bəy ədəbiyyatımızın 
								ayrı-ayrı nümayəndələrinin əsərləri ilə 
								maraqlanmış, maarifçilik ədəbiyyatı haqqında 
								ilkin araşdırmalar aparmışdır. On il sonra 
								Qafqaz təhsil dairəsi popeçitelinin 30 oktyabr 
								1895-ci il tarixli əmri ilə F.B.Köçərli Qori 
								Müəllimlər Seminariyasına müəllim təyin 
								edilmişdir. O, Azərbaycanda dünyəvi təhsilin 
								inkişafında, pedaqoq kadrlar hazırlanmasında 
								xüsusi rolu olan Qori Müəllimlər Seminariyasında 
								təlimin yüksək səviyyədə qurulmasında bir 
								müəllim, bir soydaş-vətəndaş kimi şərəf və əzmlə 
								çalışmışdır.  Bütün bunlarla yanaşı, F.B.Köçərli 
								zəngin Azərbaycan ədəbiyyatı nümayəndələrinin 
								tərcümeyi-hallarını öyrənməyə başlamış, 
								əsərlərini toplamaq istiqamətində şərəfli və 
								çətin işi öz üzərinə götürmüşdür. Rusiya 
								imperiyası dağılandan sonra o, Qori Müəllimlər 
								Seminariyasının Azərbaycan bölməsinin əmlakını 
								maarifpərvər insanların köməyi ilə Qazağa 
								gətirmişdir. F.B.Köçərli az bir zamanda Qazax 
								Müəllimlər Seminariyasını açmağa müvəffəq olmuş, 
								bu seminariyaya dövrünün tanınmış maarif 
								xadimlərini dəvət etmişdi. 1920-ci ildə 
								Azərbaycan Demokratik Cümhuriyyəti 
								bolşevik-daşnak qüvvələri tərəfindən süquta 
								uğradılandan sonra başlanan faciə və məqsədli 
								terror qurbanlarından biri Firudin bəy Köçərli 
								olmuşdur. O, Gəncədə heç bir əsas olmadan 
								güllələnmişdir. 
								F.B.Köçərlinin ölümündən sonra onun Azərbaycan 
								ədəbiyyatına dair topladığı materiallar 
								1925-1926-cı illərdə "Azərbaycan ədəbiyyatı 
								tarixi materialları" adı altında nəşr 
								olunmuşdur. 1978-ci ildə professor 
								Ə.Mirəhmədovun redaktorluğu ilə R.Qənbərqızı 
								F.B.Köçərlinin elmi irsini iki cild şəklində 
								"Azərbaycan ədəbiyyatı" adı ilə çapa 
								hazırlamışdır. 
								Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" 
								əsəri "Azərbaycan ədəbiyyatşünaslıq elminin 
								tarixində görkəmli yer" tutan, "Azərbaycan 
								ədəbiyyatşünaslığında ilk və mötəbər mənbələrdən 
								biri" (B.Nəbiyev) kimi dəyərləndirilir. 
								
								
								*** 
								 Firudin 
								bəy Köçərli Azərbaycan folklorşünaslığında da 
								xüsusi xidmətləri olan şəxsiyyətlərdəndir. 
								Mütəxəssislərin də təsdiqlədikləri kimi, 
								folklorşünaslığın yaranması şifahi xalq 
								ədəbiyyatının toplanılması, sistemləşdirilib 
								nəşr olunması ilə bilavasitə bağlıdır. Bu sahədə 
								tarixi xidmətləri olan E.Sultanov, 
								M.Mahmudbəyov, İ.Məhərrəmzadə, A.Şaiq və 
								başqalarının adları-soyadları sırasında 
								F.B.Köçərlinin özünəməxsus yeri vardır. 
								Azərbaycan ədəbiyyatı tarixinin bu yorulmaz və 
								vətənpərvər tədqiqatçısı bir ədəbiyyatşünas kimi 
								araşdırmalarına folklor nümunələrini yazıya 
								almaqla başlamışdır. Qədim musiqi 
								mədəniyyətimizin beşiyi olan Qarabağda, Şuşada 
								dünyaya göz açmış Firudin bəy Köçərli el 
								sənətini dərin vətəndaşlıq hissi ilə sevərək 
								qədrini bilmiş, şifahi ədəbiyyatı 
								itib-batmaqdan, unudulmaqdan qorumağı vacib 
								bilmişdir. Bunun üçün böyük maarifçi-pedaqoq və 
								ədəbiyyatşünas toplayıcılıq işinə başlamış, Aşıq 
								Valehin şeirlərinin, o cümlədən onun məşhur 
								vücudnaməsinin, xalq bayatılarının, uşaq 
								folkloru incilərinin bir qisminin öz dövrünün 
								mətbuatında, oxu kitablarında çapına 
								çalışmışdır. F.B.Köçərli 1912-ci ildə topladığı 
								folklor nümunələrinin "Balalara hədiyyə" adı ilə 
								toplu şəklində nəşrinə nail olmuşdur. 
								"Balalara hədiyyə" kitabına daxil edilən şifahi 
								ədəbiyyat nümunələrinin mövzuca milli, formaca 
								sadə, ideya-məzmunca tərbiyəvi və təsirli olması 
								tələbini nəzərə alan Köçərli bir pedaqoq kimi 
								inanırdı ki, bu toplunu oxuyacaq "balalar 
								şadlanacaq, bu səbəbə ki, onda dərc olunan 
								əsərlərin cümləsi onların dünyasındandır, 
								təbiətlərinin iqtizasına müvafiqdir". 
								Kitabın ön sözündəki aşağıdakı fikirlər bu gün 
								də öz ədəbi-etik, bədii-estetik dəyərini 
								saxlamaqdadır. Bəllidir ki, hər bir uşaq 
								ədəbiyyatı nümunəsi həm də böyüklər üçün də 
								maraq dairəsindədir. Firudin bəy bunu bir 
								pedaqoq və ədəbiyyatşünas kimi həssaslıq və 
								peşəkarlıqla belə dəyərləndirmişdir: Böyük 
								adamların ürəklərinin açılmağına səbəb olacaqdır 
								ki, onlar mütaliə əsnasında öz uşaqlıq 
								vaxtlarını ixtiyarsız xatırlarına götürəcəklər. 
								Bu isə, yəni qəlbi şad etmək, özlüyündə bir 
								xidmətdir. 
								Əməkdar elm xadimi Paşa Əfəndiyev "Azərbaycan 
								folklorşünaslığının tarixi" adlı irihəcmli dərs 
								vəsaitində yazır: F.B.Köçərli məşhur ədəbiyyat 
								tarixçisidir. Bütün məşhur ədəbiyyat tarixçiləri 
								kimi, o da ədəbiyyat tarixinin məhz şifahi xalq 
								yaradıcılığından başlandığını çox yaxşıca 
								bilirdi.  
								Firudin bəy Köçərli şifahi ədəbiyyatın 
								tədrisinin təlimi, tərbiyəvi əhəmiyyəti, el 
								ədəbiyyatının bədii-estetik dəyəri barədə 
								dəyərli fikirlər söyləmişdir. O, "ağızda 
								söylənən nağıl, hekayətlərdən, cürbəcür milli 
								nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, 
								tapmacalardan, yanıltmaclardan, ağıcı 
								sözlərindən, bayatılardan ibarət" olan el 
								ədəbiyyatını cəmləşdirib çapa verməyi, 
								itib-batmaqdan qorumağı müasiri olan ziyalıların 
								başlıca vəzifəsi sayırdı. Deməli, F.B.Köçərli 
								ədəbiyyatın öyrədilməsinə məhz folklor 
								materialları ilə başlamağı zəruri hesab edirdi. 
								Bu təbii idi, çünki folklor söz sənətinin 
								başlanğıcıdır, şagirdlər bunlarla hələ ailədə 
								ikən tanış olur, məişətdə daim eşidirlər. Tarixi 
								keçmişini, dilini, vətənini sevən inkişaf etmiş 
								millətlər öz şifahi xalq ədəbiyyatı nümunələrini 
								"kəmali-şövq və diqqətlə cəm edib, ziqiymət 
								sərmayə kimi saxlayır və balalarının ilk təlim 
								və tərbiyəsini onları (şifahi xalq ədəbiyyatını 
								- Ş.M.) öyrətməklə başlayır". 
								Köçərli "millətin hal və şəninə və 
								övzai-məişətinə müxtəss olub, onun dünya üzrə nə 
								növ yaşamasına şəhadət" verən, ağızdan-ağıza 
								söylənən ədəbiyyatı cəmləşdirib çapa verməsək, 
								itib-batıb gedər deyə folklor toplamağı vacib 
								sayırdı. 
								Firudin bəy Köçərlinin folklorşünaslıq 
								baxımından dəyərli fikirləri təkcə bunlar deyil. 
								Atalar sözləri və məsəllərin xalqın tarixi 
								təcrübəsi və həyatı ilə bağlı yarandığını qeyd 
								edən ədəbiyyatşünas nağılların çoxunun şadlıq 
								ilə qurtardığını, qəhrəmanların bəla və 
								müsibətlərə düçar olduqlarını, ağ div və 
								əjdahalarla qarşılaşdıqlarını göstərib, epik 
								folklor nümunələrinin poetikasına yığcam şəkildə 
								toxunmuşdu. 
								Onun folklorşünaslıq baxımından maraq doğuran 
								fikirləri arasında nağıllarda heyvanat qisminin 
								insana mənsub olan xasiyyətlərini ümumiləşdirib 
								dəqiq səciyyələndirməsidir. 
								Xalqın yaradıcılıq potensialını dəqiq 
								müəyyənləşdirib düzgün dəyərləndirən 
								ədəbiyyatşünas alim "sinədən toxunan nəğmələrdə 
								millət özünə ariz olan qəm və qüssəni və yainki 
								şadlıq və fərəhi və filcümlə onun qəlbini 
								ləbaləb edən növbənöv hissləri uca avaz ilə 
								oxuyub, öz dəruni halətini və batini aləmini 
								cümləyə izhar edir" deyə nəzəri fikirlərini 
								ümumiləşdirmişdir. 
								Firudin bəy Köçərli həm də folklor nümunələrini 
								toplama işinin ədəbi-nəzəri əsaslarını 
								araşdırmış, prinsiplərini işləmişdir. 
								Söz sənətinin iki növünün ilk dəfə təsnifatı, 
								növ və janrları barədə ədəbi-nəzəri fikirlər 
								məhz Firudin bəy Köçərli tərəfindən qələmə 
								alınmışdır. 
								Geniş müşahidə, dərin təfəkkür sahibi olan 
								Firudin bəy Köçərli müasirləri sırasında şifahi 
								və yazılı ədəbiyyat arasında oxşar və fərqli 
								xüsusiyyətləri ilkin olaraq qələmə almışdır. Bu 
								fikirlər indi də öz ədəbi-nəzəri dəyərini 
								saxlamaqdadır. F.B.Köçərli ədəbiyyata "hər bir 
								millətin şən və əzəmətinə, tərəqqi və səadətinə 
								bais olan səbəblərdən birisi" kimi yüksək 
								sosial-mədəni, tarixi-ədəbi qiymət vermişdir: 
								"Ədəbiyyat millətin aineyi - həqiqətnümasıdır 
								ki, onun maddi və mənəvi tərəqqisi və istiqbalı 
								üçün nicat və səadət yollarını eynilə göstərir". 
								Ədəbiyyata belə qiymət verən böyük 
								ədəbiyyatşünas söz sənətinin iki forması və 
								bunların janrları haqqında mülahizələrini belə 
								ümumiləşdirmişdir: "Ədəbiyyat iki qisimdir: bir 
								qismi ağızda söylənən nağıl, hekayətlərdən, 
								cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, 
								məsəllərdən, tapmacalardan, yanıltmaclardan, 
								ağıçı sözlərdən, bayatılardan ibarətdir". 
								Bu qisim söz sənətini "ədəbiyyati - lisani və ya 
								əfvahi və yaxud el ədəbiyyatı" adlandıran 
								F.B.Köçərli folklorşünaslıqda qəbul olunmuş iki 
								xüsusiyyəti çox düzgün müəyyənləşdirmişdir: 
								şifahi ədəbiyyatda nəql hekayələri tərtib edən 
								və nəğmələri düzən müəyyən şəxs olmur, bunları 
								yaradan və yoxdan var edən millət özü olur. 
								"Bunlar ağızlara söyləmək ilə ümumxalq arasında 
								yayılıb intişar tapıb və nəsilbənəsil oğula və 
								oğuldan nəvəyə keçməkdə olur". 
								Firudin bəy Köçərlinin folklor janrları haqqında 
								fikirləri sırasında atalar sözləri və məsəllər 
								barədə mülahizələri də maraq doğurur. Zəngin 
								həyat təcrübəsi və müşahidəsi olan pedaqoq 
								vurğulamışdır: "...Millət həddən ziyadə 
								məsəllər, hikmətamiz sözlər, tapmacalar icad 
								edibdir ki, bunların vasitəsilə öz biliyini, 
								təcrübəsini, hikmətini izhar edir və hər bir 
								ittifaqda münasibi-hal söyləməyini, dünyada 
								dolanmasını, insanlar ilə rəftarını və sair 
								məxluqat ilə əlaqəsini az sözlü, amma dərin 
								mənalı - müfid-müxtəsər kəlam ilə bəyan qılır. 
								ETürk dilində neçə min hikmətamiz məsələlər var 
								ki, təmamisi təcrübə üzü ilə deyilibdirE". 
								Deməli, ədəbiyyatşünas çox dəqiq və doğru nəticə 
								çıxarmışdır ki, atalar sözləri hər hansı hadisə 
								ilə əlaqədardır, xalqın yaşadığı həyat təcrübəsi 
								ilə bağlı ümumiləşdirilmiş obrazlı-fəlsəfi xalq 
								sənəti nümunələridir. 
								Azərbaycan şifahi xalq ədəbiyyatının qədim, 
								zəngin və geniş yayılmış lirik janrlarından biri 
								sayaçı sözləridir. Özünəxas poetikası, bayatı 
								kimi qafiyə sistemi, çoxsaylı nümunəsi olan 
								sayaçı sözlərinin toplanılması və nəşri 
								sahəsində də Firudin bəy Köçərlinin fəaliyyəti 
								böyük olmuşdur. Qarabağ elatında, Köçərlinin 
								doğulub boya-başa çatdığı mədəni mühitdə milli 
								mənəvi dəyərlər üstünlük təşkil etmişdir. 
								Təbiətən zəkalı Firudin bəy Köçərli bu dəyərlərə 
								seyrçi münasibət bəsləməmiş, bunların mahiyyət 
								və məzmununa diqqət yetirmişdir. Bu xalq 
								yaradıcılığı nümunələri sırasında sayaçı 
								sözlərinin xüsusi etnoqrafik və tarixi-etik, 
								bədii-estetik, sosial-iqtisadi əhəmiyyətini 
								dərindən duymuş Köçərli folklor toplayıcılığı və 
								nəşri işində sayaçı sözlərini yazıya almağa önəm 
								vermişdir. Böyük ədəbiyyatşünas qələmə aldığı 
								sayaçı sözlərini yaddaşlardan yazıya almaqla 
								yanaşı, bunları tarixi-mədəni dəyər kimi gələcək 
								nəsillərə çatdırmaq üçün çap etdirməyi lazım 
								bilmişdir. 
								Qocaman folklorşünas alim P.Əfəndiyev Firudin 
								bəyin sayaçı sözlərinin toplanılması və 
								araşdırılması sahəsindəki fəaliyyətini çox 
								ədalətlə və qədirşünaslıqla belə ümumiləşdirib 
								qiymətləndirmişdir: "EFirudin bəy Köçərli 
								Azərbaycan ədəbiyyatı tarixində sayaçı 
								sözlərinin ilk toplayıcısı və tədqiqatçısı 
								olmuşdur". 
								
								
								*** 
								Firudin bəy Köçərlinin folklorşünaslıq 
								fəaliyyətində aşıq yaradıcılığına aid 
								araşdırmaları da dəyərlidir. Mənbələrdə qeyd 
								edilir ki, Köçərli öz arxivində külli miqdarda 
								aşıq şeiri, dastan parçaları olduğunu yazırdı. 
								Aşıqlar içərisində isə Firudin bəyi daha çox 
								böyük el sənətkarı Aşıq Valeh maraqlandırmışdır. 
								Maraqlısı budur ki, Aşıq Valehlə bağlı 
								araşdırmalarının nəticələrini F.B.Köçərli 
								SMOMPK-da, "Kars" qəzetində və ən geniş şəkildə 
								"Azərbaycan ədəbiyyatı tarixi materialları" 
								kitabında ifadə etmişdir. 
								F.B.Köçərli "Kərbəlayı Səfi "Valeh" təxəllüs" 
								adlı məqaləsində Valehin Canıoğlu Kərbəlayı 
								Abdullanın və Baba bəyin müasiri olduğunu, 
								Gülablı kəndində təvəllüd tapdığını, 60-70 
								iləcən ömür sürdüyünü, oxuyub-yazmağı Şuşa 
								qalasında kəsb etdiyini, "ülumi-maarifə və 
								xüsusən, şeir deməyə artıq dərəcədə meylü 
								həvəsi" olduğunu qeyd etmişdir. 
								"Kərbəlayı Səfi mərhumun əşari-müxtəlifələrindən 
								birisi də insanın məbudu ana bətnində bir qətrə 
								uyuşmuş qandan maya bağlayıb, müruri-əyyam ilə 
								dünyaya gəlməsini və yer üzündə nəşvü-nüma tapıb 
								körpəlik, uşaqlıq, cavanlıq, kişilik və qocalıq 
								hədlərinə yetişməsini və hər sinnü salın öz halü 
								təbiətinə məxsus müxtəlif övzavü əhvalını, şüglü 
								karını və əhvali-ruhiyyəsiniE" təfsilən 
								rişteyi-nəzmə çəkdiyi kəlam"ı - 31 bəndlik 
								vücudnaməsini əsərinə daxil edən Firudin bəy 
								Köçərli bu şeirin məzmununu icmal etmiş və belə 
								yazmışdır: "Kərbəlayı Səfinin bu "Vücudnamə"si 
								bizim zindəganlığımızın cümlə övzavü 
								keyfiyyətini və nə növ icra etməsini və adabü 
								ayınini bəyan edir". 
								
								
								*** 
								Xəlqilik ədəbiyyatın başlıca ədəbi-estetik və 
								bədii-milli sosial keyfiyyətidir. Əsrləri arxada 
								qoyaraq yazılı vasitələrlə, eləcə də 
								yaddaşdan-yaddaşa ötürülərək hafizələrdə yaşayan 
								şifahi və yazılı ədəbiyyatın mövzu-məzmun 
								aktuallığının və ideya-bədii orijinallığının 
								başlıca qaynaqlarından biri söz sənətinin (eləcə 
								də incəsənətin bütün sahələrinin) məhz milliliyi 
								(bəşəriliklə vəhdətdə), xəlqiliyi və xalqın 
								həyatı, mənəvi dünyası, xalq yaradıcılığı 
								ənənələri ilə sıx bağlı, əlaqəli olmasındadır. 
								F.B.Köçərli bu baxımdan çox müdrik bir 
								ədəbiyyatşünas kimi həmin məsələni xüsusi nəzərə 
								çarpdıraraq yazırdı: "Vəli bir müsənnif və şair 
								nə qədər öz millətinə yavuq olsa, onun adat və 
								xasiyyətləri üzrə nəşvü nüma tapsa, milliyyət 
								qanı onun damarlarında nə qədər artıq cərəyan 
								etsə, bir o qədər onun əsərlərindəki milliyyət 
								qoxusu və milliyyət nişanəsi artıq 
								görünəcəkdir". 
								
								
								*** 
								Bu və ya digər faktlar, mətbu fikirlər və elmi 
								araşdırmalar göstərir: * 
								Firudin bəy Köçərli professional ədəbiyyatşünas 
								olmaqla yanaşı, həm də folklorşünaslıq sahəsində 
								ilkin olaraq folklorun başlıca və əsas 
								xüsusiyyətlərini qələmə almışdır; * 
								ədəbiyyatşünas alim folklorun bir sıra 
								janrlarını, əsas cəhətlərini elmi cəhətdən doğru 
								ümumiləşdirmişdir;  * 
								Firudin bəy folklorşünaslıq baxımından bu gün də 
								elmi-nəzəri dəyərini saxlayan fikirlər 
								söyləməklə yanaşı, həm də yazılı ədəbiyyatın 
								ayrı-ayrı nümayəndələrinin (M.P.Vaqif, Q.B.Zakir 
								və b.) şifahi ədəbiyyatın ayrı-ayrı janrlarından 
								istifadə faktlarını təsvir və təhlil etmişdir; * 
								folklorşünas-pedaqoq ilk olaraq uşaq folklorunu 
								toplayıb ayrıca toplu şəklində nəşr 
								etdirmişdir.  
								
								
								Şamxəlil MƏMMƏDOV,SDU-nun "Folklorşünaslıq" elmi-tədqiqat 
								laboratoriyasının rəhbəri
 |