Bakıdakı 299 nömrəli məktəb-liseydə "Son zəng"
tədbiri müsiqi sədaları altında onbirincilərin
məktəbin bayramsayağı bəzədilmiş geniş
həyətindəki meydancaya daxil olması ilə başladı.
Aparıcılar mərasim iştirakçılarını salamlayıb,
onbirinciləri məzun olmaları münasibəti ilə
təbrik etdilər. Şagirdlərin ifasında Dövlət
himni səsləndirildi. Üzeyir Hacıbəylinin "Üvertura"sının
sədaları altında əsgər paltarı geyinmiş iki
şagird Dövlət bayrağını meydançanın ortasına
gətirdi. Aparıcılar ölkəmizdə son illər təhsilin
inkişafı yönündə görülən işlərdən, əldə olunan
uğurlardan, ümummilli liderimiz Heydər Əliyevin
təhsilə, gənclərə göstərdiyi diqqət və
qayğısından danışdılar. Bildirdilər ki, həmin
siyasəti bu gün ölkə Prezidenti cənab İlham
Əliyev uğurla davam etdirir. Onun məqsədyönlü,
dinamik siyasəti nəticəsində ölkəmiz bütün
sahələrdə olduğu kimi təhsildə də dünyada
tanınır.
Onbirinciləri, birinciləri və onların
valideynlərini təbrik edən məktəb-liseyin
direktoru Solmaz Kazımova ən xoş arzularını
bildirdi.
S.Kazımova başa çatmaqda olan dərs ilində
məktəb-liseyin əldə etdiyi uğurlardan danışdı.
Qeyd etdi ki, məktəb-liseydə təhsil alan 1548
şagirddən 70-i bu gün məzun olur. 203 nəfər
birinci sinif şagirdi onbirinciləri yola salır.
Direktor dərs ili boyu qazandığı uğurları və
təlim-tərbiyə sahəsində yüksək göstəriciləri ilə
fərqlənmiş şagird və müəllimlərə mükafat və
diplomlar təqdim etdi.
Sonra onbirincilər hazırladıqları maraqlı
proqramı təqdim etdilər. Birinci sinif
şagirdləri onbirinciləri şeirlər və mahnılarla
təbrik etdilər.
Nəhayət, mərasimin ən kövrək və həyəcanlı anı
gəlib çatdı. Məzunlar son zəngi çaldılar.
***
Bakıdakı 83 nömrəli məktəb-liseydə də məzunlar
üçün son zəng çalındı. Tədbiridə əvvəlcə
şagirdlərin ifasında Dövlət himni səsləndi.
Üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi.
Məktəb-liseyin direktoru Yaqut Sadıqova
onbirinciləri və onların valideynlərini təbrik
etdi.
Sonra onbirincilər çıxış edərək sevincli və
kədərli anlarını iştirakçılarla bölüşdülər.
Məzunlar onların formalaşmasında rolu olan
müəllimlərinə minnətdar olacaqlarını dedilər.
Tədbirdə iştirak edən Binəqədi Rayon İcra
Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov
və digər qonaqlar məzunlara uğurlar, ölkəmiz və
xalqımız üçün layiqli övladlar olmalarını
arzuladılar.
Tədbirin sonunda son zəng çalındı. Əllərində
gül-çiçək dəstələri tutmuş birincilər
onbirinciləri təbrik edərək onlara təhsildə və
digər sahələrdə uğurlar dilədilər.
***
Bayram tədbiri Bakıdakı 298 nömrəli tam orta
məktəbdə də qeyd olundu. Məktəbin direktoru
Şaiqə Hüseynova və təlim-tərbiyə işləri üzrə
direktor müavini Simuzər Heybətova məzunları
təbrik etdilər. Onbirincilər həmin gün kövrək və
sevincli anlarını yoldaşları və müəllimləri ilə
bölüşdülər. Məktəb rəhbərliyi fərqlənən şagird
və müəllimlərə diplom və hədiyyələr təqdim etdi.
Rəşad ZİYADOV |