Bakıdakı fizika-riyaziyyat və informatika
təmayüllü liseydə də ənənəvi "Son zəng"
tədbiri keçirilib. Mərasim Azərbaycan
Respublikasının Dövlət himninin oxunması ilə
başlanıb. Dahi Üzeyirin "Üvertura"sının sədaları
altında üçrəngli dövlət bayrağı meydana
gətirilib. Məktəbin direktoru Tariyel Talıbov
onbirinciləri təbrik edib. O, son dövrlərdə
liseyin qazandığı nailiyyətlərdən söz açıb və
onbirincilərə xoş arzularını ifadə edərək
gələcək həyatlarında uğurlar diləyib.
Rəhbərlik etdiyi təhsil ocağının qabaqcıl
məktəblər sırasında olduğunu qeyd edən direktor
bildirib ki, bu il 125 şagird liseyi bitirir.
Bu son zəng isə hər bir məzunun həyatında
yeni bir mərhələnin başlanğıcıdır.
Sonra direktor olimpiadaların builki qalibləri
olan şagirdləri - Şirzad Muradovu, Nihad
Quluzadəni və Həsən Həsənovu fəxri fərmanla
təltif edib. Direktor müavini Valeh Bəyalıyev
isə məktəbin idman sahəsində qazanılan
uğurlarından söz açıb və IX "a" sinfinin
futbol, IX "c" sinfinin isə şahmat yarışlarında
fərqləndiklərini bildirib. Çıxış edən müəllimlər
məzunlara xoş arzularını çatdırıblar. Rəngarəng
proqramla tədbirə hazırlaşan onbirincilər -
Aynur Rzayeva, Aida Şıxəliyeva, Zinyət Əhmədova,
Çimnaz Talıbova, Hatəm Babazadə öz çıxışları
ilə iştirakçılara gözəl və duyğusal anlar
yaşadıblar. Xoş əhvali-ruhiyyə yaradan mərasim
kövrək notlarla başa çatıb.
Sifai SƏFƏROVA |