Mayın
31-də Bakıdakı Heydər Əliyev adına liseydə "Son
zəng" mərasimi keçirildi. Tədbirdə liseyin
müəllim-şagird kollektivi ilə yanaşı
valideynlər-millət vəkili Sabir Rüstəmxanlı,
Dövlət Neft Şirkətinin İnsan Resursları
Departamentinin rəisi Asif Bəkirli, Təhsil
Nazirliyinin nümayəndəsi Məlahət Müştaqova və
digər qonaqlar iştirak edirdilər. Tədbiri giriş
sözü ilə açan liseyin direktoru, əməkdar müəllim
Fikrət Xəlilov məzunları təbrik edərək onlara
gələcək həyatlarında uğurlar arzuladı. Qeyd etdi
ki, lisey 128 məzununu Azərbaycan cəmiyyətinə
yola salır. Ötənilki məzunların 106 nəfərinin
ali məktəblərə daxil olduğunu, onlardan 20
nəfərin 600-dən, 11 nəfərin isə 650-dən yuxarı
bal topladığını nəzərə çatdıran F.Xəlilov həmin
göstəricinin bu il də təkrar olunacağına ümid
bəslədiyini bildirdi. Məzunların ulu öndər
Heydər Əliyevin adını daşıyan liseyin şərəfini
hər yerdə ləyaqətlə daşıyacaqlarına inandığını
vurğuladı. Liseyin builki məzunlarından 4
nəfərinin fənn olimpiadalarında qalib
olduqlarını, 1 nəfərin isə "INEPO-AVRASİYA"
Ətraf Mühitin Mühafizəsi
Beynəlxalq Layihə Olimpiadasında II yerə layiq
görüldüyünü diqqətə çatdırdı. Dövlət
tərəfindən təhsilə göstərilən qayğıdan söz açan
natiq möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi altında ölkədə aparılan islahatları
yüksək
qiymətləndirərək məzunlara bu imkanlardan
maksimum dərəcədə faydalanmağı tövsiyə etdi.
Tədbirdə
çıxış edən millət vəkili Sabir Rüstəmxanlı
əlamətdar gün münasibətilə məzunları təbrik
etdi. Bildirdi ki, respublikamızın nümunəvi
məktəblərindən olan liseyin uğurları hamı kimi
məni də sevindirir. Bu günün təkrarolunmaz bir
gün olduğunu nəzərə çatdıran millət vəkili
məzunlara enişli-yoxuşlu həyatda daim məğrur
olmağı, vətənə, millətə sədaqətlə xidmət etməyi
tövsiyə etdi. O, məktəbin hər bir şagirdin
həyatında mühüm rol oynadığını qeyd edərək
özünün təhsil aldığı məktəb haqqında
xatirələrini danışdı. Liseyin rəhbərliyinə və
pedaqoji kollektivinə minnətdarlığını bildirən
S.Rüstəmxanlı məzunlara gələcək həyatlarında
uğurlar arzuladı.
Mərasimdə
məktəbin müəllimləri, şagirdlər çıxış edərək xoş
arzularını bildirdilər.
Sonra
birincilər onbirinciləri şeir, mahnı və
rəqslərlə təbrik etdilər. "Məktəb illəri"
mahnısının sədaları ətrafa yayıldı. Onbirincilər
məktəbin rəmzi açarını onunculara təqdim
etdikdən sonra son zəng çalındı.
Niyazi RƏHİMOV |
|