On bir illik
salnaməsi bir sıra uğurla seçilən Sumqayıt
Dövlət Universitetində may ayının 25-də
Azərbaycan üzrə magistrantların XI elmi
konfransı keçirilmişdir. Tədbir iştirakçıları
konfransdan əvvəl ümummilli lider Heydər
Əliyevin ali məktəbin foyesində qoyulmuş büstü
önünə əklil qoymuşlar.
Sonra elmi
məclis böyük akt zalında öz işinə başlamış, ali
məktəbin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, professor Nadir Qəhrəmanov tədbiri
açaraq universitet haqqında qısa məlumat
vermişdir. Azərbaycan Respublikasının dünya
miqyasında tanınması və bütün sahələrdə
çiçəklənməsində böyük rolu olmuş ulu öndərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilən
konfransda daha sonra tədbirin təşkili məqsədi
aydınlaşdırılmışdır.
Azərbaycanın
gələcək elmi potensialını təşkil edəcək
gənclərin araşdırmalarının nəticələrini geniş
miqyasda yaymaq, elmi işləri əlaqələndirmək və
düzgün istiqamətləndirmək, görülən işlərin
nəticələrini ümumiləşdirmək başlıca niyyətdir.
Ali məktəbin bu sahədəki təcrübəsini nəzərə alan
Təhsil Nazirliyi konfransa təqdim olunan elmi
məqalələrin nəşri üçün universitetdə beynəlxalq
kodlu jurnalın çapına icazə vermişdir.
Builki elmi
konfransda ayrı-ayrı ali məktəblərin fəal
iştirakı nəzərə çatdırılmışdır. Belə ki, Bakı
Slavyan Universitetinin 70 nəfər magistrantı
tədbirə qatılmışdır. ADNA-nın 59, ADPU-nun 57,
GDU-nun 40, Az.TU-nun və BDU-nun hər birindən 30
nəfər gənc tədqiqatçı konfransda iştirak
etmişdir.
Geniş tərkibdə
təşkilat komitəsində təmsil olunan alimlərin
iştirakı ilə keçirilən elmi məclisin plenar
iclasında Azərbaycan Respublikasının Dövlət
himni səsləndirildikdən sonra ADNA-nın
magistrantı Vüsalə Məmmədova, BSU-nun
magistrantı Pərvin Eyvazov, NDU-nun magistrantı
Nurlan Fətəliyev və başqaları çıxış etmişlər.
Plenar iclasdan sonra elmi konfrans fizika,
riyaziyyat, mexanika-energetika, ümumi
informasiya texnologiyaları, biologiya və
coğrafiya, Azərbaycan tarixi, dilçilik,
ədəbiyyatşünaslıq, metodika, pedaqogika və s.
(ümumilikdə 14) bölmədə öz fəaliyyətini davam
etdirmişdir. 2 gün ərzində bölmə rəhbərlərinin
nəzarəti altında çoxlu sayda çıxışlar
dinlənilmiş, maraqlı mövzular ətrafında
müzakirələr aparılmışdır.
Mayın 27-də
elmi konfransın yekun iclası olmuşdur. Bölmə
rəhbərləri 2 günlük müzakirələr və ən yaxşı
çıxışlar barədə hesabat vermişlər.
SDU-nun elmi
işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri
doktoru, professor Yadigar Hüseynov hesabatlar
əsasında ümumiləşdirmə aparmış, ən uğurlu
çıxışlarına görə ayrı-ayrı magistrantları təbrik
etmişdir.
Qeyd
olunmuşdur ki, konfransa göndərilmiş 638
magistrant tezisləri ayrıca kitab halında nəşr
olunacaqdır. |