Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan
Xalid Musayevi "Canlı işıqfor" kimi tanıyırlar.
O, III qrup əmək veteranıdır. Xalid artıq 14
ildir ki, xırda ticarətlə məşğul olduğu
dükanının yaxınlığında yerləşən 114 nömrəli
məktəbə gedən şagirdlərə avtomobil yolunu
keçməkdə kömək edir. Xalid Musayev uşaqları
avtomobildən qorumaq və onların təhlükəsizliyini
təmin etmək üçün səhər tezdən işə gəlir.
Gününün yarıdan çoxunu uşaqlara həsr edən Xalidi
Əmircan kəndində tanımayan yoxdur. Böyükdən
kiçiyə hər kəsin sevimlisi olan, "Sürücülər
ehtiyatlı olun! Qarşınıza öz övladınız çıxa
bilər!" devizini əsas tutan Xalid Musayevə
"Canlı işıqfor" deyə müraciət edirlər.
Onun xeyirxahlıq işi bununla bitmir. Belə ki, o,
təkcə uşaqlara deyil, yaşlı insanlara da
təhlükəli yoldan keçərkən köməklik göstərir.
Bununla yanaşı qəsəbədə yaşayan bir neçə yaşlı
insanlara pensiyalarını almaqda yardım edir.
Savab işlər görməyi özünün mənəvi borcu bilən
Xalid bu işdən zövq aldığını və nə qədər ki,
ömrü var, bu işə həsr edəcəyini söyləyir.
Hazırda o, siyahıya aldığı 127 şagirdi hər gün
təhlükəli yoldan keçirir.
Xalidin dediklərindən:1997-ci ilin noyabr ayı
idi, gördüm ki, mənim "budkam"la üzbəüz - yolun
qarşı tərəfində iki azyaşlı uşaq dayanıb
ağlayır. Onlara yaxınlaşıb niyə ağladıqlarını
soruşdum, dedilər ki, yolu keçə bilmirik. Mən
onların əlindən tutub yolu keçirdim. Ertəsi gün
yenə bir neçə uşağı eyni yerdə yoldan keçirməli
oldum. Üçüncü gün iki qız, bir oğlan uşağı yolun
qarşı tərəfindən məni çağırıb dedilər ki, "əmi,
nə olar, gəl bizi yoldan keçir". Mən yenə də
gedib uşaqları yoldan keçirdim. Beləcə, bu iş
davamlı xarakter aldı. Həmin vaxtdan da bu işi
özümə bir peşə kimi seçdim.
Əvvəllər
bu işdə bir çox çətinliyim olurdu. Belə ki,
mülki geyimdə uşaqları yoldan keçirmək bəzi
problemlər yaradırdı. Maşınlar sürətlə
şütüyürlər. Əlimi qaldırıb onları dayandırır,
uşaqları birtəhər yoldan keçirirdim. Bir gün
fikirləşib özümə taxtadan nişanlı dəyənək
düzəltdim. Bundan sonra işim bir az yüngülləşdi.
Zaman ötdükcə artıq insanlar məni tanımağa və
hörmət eləməyə başladılar.
İnsanlardan geyimimə görə fərqlənmək üçün özümə
xüsusi forma aldım. Bu, işimi bir az da
yüngülləşdirdi. Sonra sakinlərlə birgə aidiyyəti
orqanlara müraciət edərək bildirdik ki,
adıçəkilən yolda piyada keçidi nişanı, küçə
işıqları qoyulsun. Təklifimiz nəzərə alındı.
İki gündən sonra yolun həmin hissəsinə piyada
keçidi nişanı qoyuldu. Bir müddət sonra küçənin
işıqlandırılması da düzəldi və mənim işim bir
qədər də asanlaşdı.
Mənə "Canlı işıqfor" adını ilk dəfə 3-cü sinif
şagirdi Aytən adlı qız verib. O, yolun qarşı
tərəfində durub məni çağırdı ki, "Canlı
işıqfor", gəl məni yoldan keçir. Bəzən elə
vaxtlar olur ki, yemək üstə oluram, uşaqlar mənə
zəng vururlar ki, "Xalid əmi yolda qalmışıq".
Mən yeməyimi dayandırıb qaçıram uşaqların
yanına, onları yoldan keçirib sonra çörək yeməyə
qayıdıram. Burada keçirdiyim 14 il ərzində çox
çətinliklərlə qarşılaşmışam. Hətta elə sürücülər
olub ki, onları dayandıranda məni təhqir də
ediblər. Amma mən onlara fikir verməmişəm.
Dövlət Yol Polisi İdarəsi (DYP) ilə əməkdaşlıq
edirəm. Onlar mənə çox kömək edirlər. Bu
günlərdə DYP-dən "Piyada təhlükəsizliyi ayı"na
görə xüsusi kitabçalar alıb uşaqlara paylamışam.
Uşaqlar yol hərəkəti qaydalarına aid olan
kitabçaları həvəslə oxuyurlar. Çalışıram onlara
bir şey öyrədim.
Xalidlə söhbətimizdən sonra 114 nömrəli məktəbin
direktoru Ceyran Novruzova ilə görüşdük.
Gəlişimizin məqsədini öyrənən direktor Xalid
haqqında xoş sözlər söylədi. Bildirdi ki, Xalid
kimi insanlar xalqımıza çox gərəklidir. Onun bu
humanist, xeyirxah işi həm də şagirdlərə milli
mənəvi dəyərləri, böyüyə-kiçiyə hörmət etməyi
öyrədir.
Məktəbin şagirdlərindən Zəhra Abdullayeva, Lalə
Məmmədli, Nurlan Aslanlı və başqaları Xalid
Musayevin onlara böyük diqqət göstərdiyini və
daim qayğılarına qaldığını bildirdilər.
Niyazi RƏHİMOV |