Valideyn
himayəsindən məhrum olan uşaqları sevindirmək,
onlara diqqət və qayğı göstərmək hər kəsin
vətəndaşlıq borcudur, - deyən Bakıdakı 16
nömrəli liseyin ibtidai sinif müəllimi Fəridə
Hümmətova 10 ildən artıqdır ki, "Ümid yeri"
uşaq sığınacaq evi ilə əməkdaşlıq edir. Uşaqlara
daim ana nəvazişi nümayiş etdirən müəllim
bayramlarda, əlamətdar günlərdə şirniyyat
xonçaları və hədiyyələr aparmaqla onların
sınıq qəlblərini sevindirir. Tətil günlərində
isə şagirdləri ilə birlikdə Fəridə xanım "Ümid
yeri" uşaq sığınacaq evinə ekskursiya təşkil
edərək onların əl işlərindən ibarət rəsm
sərgilərinə və müxtəlif toxumlardan
hazırladıqları əşyalara baxış keçirir.
Fəridə Hümmətova Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
uşaq evlərinə göstərdiyi diqqət və qayğıdan
ətraflı danışdı. Bildirdi ki, valideyn
himayəsindən məhrum olan bu uşaqlar hər cür
diqqət və qayğı ilə əhatə olunduqlarına
baxmayaraq, biz də vaxtaşırı onlara baş
çəkirik.
Mayın 21-də Fəridə Hümmətovanın təşəbbüsü ilə
növbəti xeyriyyə aksiyası keçirilib. Tədbirə
"Ümid yeri" uşaq sığınacaq evinin sakinləri də
dəvət olunub. Al-əlvan şarlarla bəzədilmiş
zalda uşaqlar həvəslə öz istedad və
bacarıqlarını nümayiş etdiriblər. İlk öncə
birincilərin ifasında "Azərbaycan" mahnısı
səslənib. Sonra Fərizə İsgəndərli
"Hind",
Ayla Mustafazadə "Qaraçı" rəqslərini
məharətlə ifa ediblər. Fidan Ocaqverdiyeva
"Qırmızı papaq" nağılını söyləyib. Cahandar
Əliyev, Rəsul Səlimov, İsa Rəhimov, Ruslan
Zeynalov, Abbas Rəhimzadə, Rəsul Abbasov, Ayan
Məmmədova ingiliscə şeirlər söyləyib, mahnılar
oxuyublar, səhnəciklər göstəriblər. Onlar
"Buratino" nağılı əsasında hazırladıqları
səhnəcikdə özlərini əsl nağıl qəhrəmanlarına
bənzədiblər. "Ümid yeri" uşaq evinin qızları da
tədbirdə fəal iştirak edərək milli və dünya
xalqlarının rəqslərini ustalıqla nümayiş
etdirib tamaşaçıları sevindiriblər.
Tədbirdə "Ümid yeri" uşaq sığınacaq evi idarə
heyətinin üzvü Fəridə Nəcəfzadə və icraçı
direktoru Məmləkət Əlimərdanova, 71 və 198
nömrəli məktəblərin direktorları Şəlalə
Nadirova, Mahirə Qocayeva, 18 nömrəli məktəbin
ibtidai sinif müəllimi Nərminə Qaragözova,
məktəbin pedaqoji kollektivi, valideynlər və
digər qonaqlar iştirak ediblər. Çıxış edənlər
Fəridə xanımın xeyriyyəçilik məqsədi ilə
keçirdiyi aksiyanı yüksək dəyərləndirərək
tədbirin əhəmiyyətindən bəhs ediblər.
Mərasimin sonunda Fəridə Hümmətova "Ümid
yeri" uşaq sığınacağına davamlı şəkildə
göstərdiyi mənəvi və maddi dəstəyə görə Fəxri
fərmanla təltif olunub. Tədbirdən sonra
şirniyyat stoluna dəvət olunan "Ümid yeri" uşaq
sığınacaq evinin sakinlərinin sevincləri
birə-beş artıb.
Sifai SƏFƏROVA |
|