Ötən əsrdə cəmi 31 il ömür yaşamış Mikayıl
Müşfiq ədəbiyyat tariximizdə lirik və epik
poemalar, mənzum nağıl və oçerklər, çoxsaylı
lirik-fəlsəfi şeirlər, müxtəlif dillərdən uğurlu
tərcümələr müəllifi kimi özünə əbədi yer
qazanıb.
M.Müşfiq Bakıda anadan olmuş, uşaq ikən
valideynlərini itirmiş, rus-tatar
(Azərbaycan-red.) məktəbini bitirdikdən sonra
Bakı Müəllimlər Seminariyasında oxumuşdur.
1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunu bitirmiş M.Müşfiq Bakıdakı 18
nömrəli məktəbdə pedaqoji fəaliyyətlə məşğul
olmaqla yanaşı, çox məhsuldar bir yaradıcılıq
yolu keçmişdir.
Bütün varlığı və ruhu ilə həyata, bəşərə bağlı
olan şair bir insan-sənətkar kimi
yaşayıb-yaratmaq duyğu və hissini, ana
məhəbbətini, insana sevgisini "Oxu, tar!" və
müxtəlif janrlı şeirlərində böyük coşqu və
vüsətlə qələmə almışdır.
Mikayıl Müşfiq "Sus, tar, sus, tar! Proletar
istəmir səndə çalınsın "Qatar"!" - deyə milli
dəyərlərə etiraz edənlərə cavab olaraq "Oxu,
tar!" poetik hayqırtısı və milli təəssübkeşliyi
ilə ürəklərdə özünə məhəbbət qazanmışdır. Milli
musiqini geniş kütlənin şərbəti kimi
mənalandıran şair ədəbiyyatımızda
süjetli-kompozisiyalı şeirin ən qiymətli
nümunəsi olan "Yenə o bağ olaydı" şeiri ilə
insan psixologiyası, gənclik istəyi və
məhəbbəti haqqında poetik-fəlsəfi hekayəti ilə
sənət dünyamızda əbədiyyətə qovuşmuşdur.
"Könül", "Küsmərəm", "Qurban olduğum",
"Maralım", "Söylə", "Düşdü", "Ürək", "Qurban" və
s. lirik şeirləri, bu gün dillər əzbəri olan,
repertuardan düşməyən mahnıları ilə yaşayan
M.Müşfiq irsi ümumtəhsil və ali məktəblərdə
böyük şövqlə tədris olunur, öyrədilir.
Bakı Dövlət Universiteti nəzdində fəaliyyət
göstərən "Gənc istedadlar" liseyində mayın 21-də
keçirilmiş ədəbi-bədii tədbir şairin irsinin
təbliği baxımından maraqlı və faydalı oldu.
Lisey kitabxanasının müdiri Mailə Məmmədovanın
təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü
ilə liseyin direktoru, professor Qasım Hüseynov
açdı, Mikayıl Müşfiqin tərcüməçilik bacarığı və
şairlik qüdrəti haqqında danışdı.
Aparıcı Aydan İsgəndərzadə ssenari üzrə
M.Müşfiqin qısa, fəqət yaradıcılıq uğurları ilə
zəngin həyat yolu, şeirlərinin mövzu
rəngarəngliyi haqqında yığcam, maraqlı məlumat
verdi. Liseyin şagirdlərinin ifasında "Həyat
sevgisi", "Ana", "Qurban olduğum", "Oxu, tar!",
"Yenə o bağ olaydı", "Bəxtiyar", "Sənin
gülüşlərin" şeirləri səsləndirildi.
Şagird Fuad Həsənovun tarda çaldığı musiqi
nümunələri valideyn və şagirdlərin iştirak
etdikləri tədbiri bədii-estetik cəhətdən daha da
rövnəqləndirdi.
Ədəbi-bədii tədbirin sonunda məktəbin
müəllimləri Yaqut Hüseynova və pedaqoji elmlər
üzrə fəlsəfə doktoru Şamxəlil Məmmədov çıxış
edərək M.Müşfiqin tərcümeyi-halı, ayrı-ayrı
şeirlərinin ideya-məzmunu, ədəbi irsinin
tarixi-mədəni dəyəri, tədqiqatçıları barədə
yığcam söhbət açdılar.
Qüdrətli şairin anadan olmasının 103 illik
ildönümünə həsr olunmuş ədəbi-bədii axşam bədii
mədəniyyətimizə maraq və məhəbbət tərbiyə edən
tədbir kimi faydalı oldu.
A.MƏMMƏDOVA |