Mən
"Zəngi" liseyində ingilis dili müəllimi
işləyirəm. Artıq 4 idir ki, bu fənni tədris
edirəm və fəaliyyətə başladığım vaxtdan
təhsilimizdə baş verən yenilikləri müxtəlif
kurslarda (İntel, Mədət, Elektron jurnal, Mimio)
iştirak etməklə mənimsəmişəm. Yaşadığımız müasir
dövr sürətlə inkişaf edir, dəyişir və inkişafda
olan gənc nəsli tez-tez təəccüblənməyə məcbur
edir. Buna görə də tətbiq edilən kurikulumlar
Azərbaycanın təhsil sisteminin dünya
standartları səviyyəsinə çatması, əvvəllər məruz
qaldığı ətalətdən xilas olması üçün ən qısa
yoldur.
Lakin bu sistemin tətbiqi özü də, mənim fikrimcə,
həmişə gözlənilən nəticəni vermir. Nəyə görə?
Çünki, biz bu sistemi sinifdə tətbiq ediriksə,
bu, sinifdə heç də şagirdlərin hamısından eyni
nəticə əldə edəcəyimizi təmin etmir. Neçə illər
bu sistemin tətbiqi ümumi təhsil sistemində
gözlənilən nəticəni verər. Məhz buna görə də
müasir müəllim daha çox fərdi yanaşma üsulundan
istifadə etməklə mövzunu uşaqların başa düşəcəyi
səviyyədə onlara mənimsətməlidir. Bəlkə də bir
dərsdə hər uşaq üçün ayrı-ayrı üsullarla
tapşırıq, aktiv uşaqlara isə daha düşündürücü
suallar verməklə, lüğətlə işləmək üçün maraqlı
oyunlardan, bir sözlə, bütün təlim metodlarından
istifadə etməklə dərsin məqsədini aşılamaq olar.
Bu baxımdan mənə belə gəlir ki, müasir dərsə
verilən tələbləri nəzərə almaqla bu təlim
formasına uyğun lüğətlər, dərsliklər, ayrıca
məntiq testləri, oyunlar tərtib edilməlidir.
Bunun üçün vaxt itkisinə yol vermək olmaz. Fəal
uşaqlardan istifadə etməklə zəif uşaqları
maraqlandırmaq lazımdır. Bunun üçün onları dərs
zamanı komandalara bölmək daha səmərəli nəticə
verir.
Dərsdə keçilən mövzu misallarla yaddaşda
möhkəmləndirilərsə, məqsədə daha tez çatmaq olar.
Təklif edilən müasir tələblər məndə həmişə böyük
maraq oyadır. Öz dərslərimdə bu tələbləri
müxtəlif üsullarla tətbiq edərək yaxşı nəticə
əldə edirəmsə çox sevinirəm. Daha təcrübəli
müəllimlərdən məsləhət almaqla bu üsullarla daha
maraqlı dərslər təşkil etməklə ümumi məqsədə,
daha yaxşı nəticələrə çatmaq istəyirəm. Mən
ingilis dilinin tədrisində aşağıdakı təlim
üsullarından istifadə etmişəm:
1.Words Within Word.
2.Akvarium.
3.BİBÖ.
4.Venn diaqramı.
5.Suallar.
6.Beyin həmləsi.
7.Mühazirə.
Bu üsullar hər bir mövzunun şagirdlərə daha asan
mənimsədilməsi üçün əlverişlidir.
Müasir təlim üsulları şagirdlərin debat
qabiliyyətini artırır, yeni sözlərin yaddaşda
daha tez və asan qalmasına kömək edir, dil
öyrənməsini asanlaşdırır.
Dərslərimi maraqlı etmək üçün ona problem sualla
başlayıram və bu sualın cavabını fəal təlim
üsullarından istifadə etməklə şagirdlərin
özlərinin tapmasına şərait yaradıram.
Dərsdə öyrətdiyim yeni sözlərin antonim və
sinonimlərini də cümlələrdə işlətməklə, gözəl
nəticə əldə edirəm.
1. Modeldən istifadə edərkən şagirdlər bir sözün
tərkibindəki hər bir hərfə uyğun söz qurur və
bunun vasitəsiylə onların söz bazası artır.
2. Akvarium üsulundan istifadə etməklə
şagirdlərdə hər hansı bir mövzuya dair sərbəst
fikir söyləmək, qarşılıqlı əməkdaşlıq bacarığını
aşılayıram.
3. BİBÖ-dən istifadə etməklə şagirdlərin nəyi
bildiklərini, nəyi öyrənmək istədiklərini və
nəyi öyrəndiklərini müəyyənləşdirirəm.
4. Bu üsulla keçirilmiş iki qayda arasındakı
oxşar və fərqli cəhətləri müəyyən edirəm.
5. Mövzu ilə əlaqəli suallar verilir,
şagirdlərin mövzunu nə dərəcədə mənimsəməsi
təyin olunur.
Elektron dərslər şagirdlərdə xüsusi marağa səbəb
olur, xüsusən də aşağı siniflərdə hər hansı bir
əşyanın elektron formada şəklini göstərməklə
həmin əşyaya oxşar əşyaları tapmağı bir qrupa,
onların rəngini araşdırmağı digər qrupa
tapşırıram (ingilis dilində). Daha çox söz
ehtiyatı olan şagirdləri qiymətləndirirəm.
Bütün bu üsullar şagirdlərin bilik səviyyəsindən
asılı olmayaraq onların dərsdə aktivliyini
artırır və onun yaxşı qavranmasına kömək edir.
Leyla TEYMUROVA,
"Zəngi" liseyinin
ingilis dili müəllimi |