"Azərbaycan Elmlər Akademiyası 1945-ci ildən
fəaliyyət göstərir. 1945-ci ildən bu günə qədər
akademiya böyük və uğurlu yol keçmişdir.
Alimlərimiz Azərbaycanın inkişafına müxtəlif
dövrlərdə dəyərli töhfələrini vermişlər".
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının
illik ümumi yığıncağındakı giriş nitqindən
Bu bir danılmaz həqiqətdir ki, bəşəriyyət elmin
ziyası ilə inkişaf edir. Təbii ki, insan
yarandığı gündən onu əhatə edən ətraf mühiti
öyrənməyə, sehrli görünən aləmin sirlərini
açmağa can atır. Aparılan saysız-hesabsız
axtarışlar, tədqiqatlar, kəşflər, ixtiralar son
nəticədə inkişafa səbəb olur. Elə buna görə də
elmin bütün sahələrində çalışan alimlərimiz, elm
xadimlərimiz daim axtarışdadır. Bu mənada
Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın
elm, ziya məbədidir.
Biz də bu günlərdə həmin məbəddə-Azərbaycan MEA-nın
Tətbiq şöbəsinin rəisi, fizika-riyaziyyat
elmləri namizədi Sərhəd Bağırovla görüşdük. O,
qəzetimiz üçün alimlərimizin son dövrlərdə
apardığı tədqiqatlar nəticəsində etdikləri
ixtiralar barədə yazılar hazırlamaq istəyimizi
biləndə qeyd etdi ki, bizim şöbə Azərbaycan MEA-nın
elmi müəssisələrinin başa çatdırılmış
elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin
tətbiqi ilə məşğuldur. Hazırda bu sahədə Kimya
bölməsinin institutları- Neft-kimya prosesləri,
Aşqarlar kimyası, Kimya problemləri institutları
və müəssisələr, Fizika-riyaziyyat və texnika
elmləri bölməsinin institutları-Fizika,
Riyaziyyat və mexanika, Kibernetika, Radiasiya
problemləri və İnformatika texnologiyaları
institutları, Yer elmləri bölməsi institutunun
nəzdində-Geologiya institutu, Biologiya elmləri
bölməsində-Botanika və Zoologiya institutları və
s. fəaliyyət göstərir. Qeyd edim ki, bu institut
və müəssisələrdə fəaliyyət göstərən
alimlərimizin son 5 ildə etdiyi 250-dən çox
ixtira Azərbaycan patenti alıb. Onların
sırasında akademik Ə.M.Quliyev adına Aşqarlar
Kimyası İnstitutu da xüsusi yer tutur.
Oxucularımıza əvvəlcə elə bu institutun
ixtiraları barədə məlumat vermək qərarına gəldik.
Qeyd edək ki, haqqında söhbət açılan bu
ixtiralar Aşqarlar Kimyası İnstitutunun elmi
işlər üzrə direktor müavini, kimya elmləri
doktoru, professor Mirzə Mövsümzadənin imzası
ilə təqdim olunmuş materiallar əsasında
hazırlanıb.
Aşqarlar Kimyası İnstitutunda 2005-2010-cu illər
ərzində sürtgü yağları üçün çoxfunksiyalı
alkilfenolyat aşqarlarının yeni modifikasiyaları,
müxtəlif qələviliyə malik yarımsintetik
sulfanatlar, yeyilməyə və siyrilməyə qarşı
yüksək təsirə malik aşqarlar, sürtgü yağlarının
özlülük temperatur xassələrini yaxşılaşdıran
polimer aşqarlar, yanacaqların istismar
xassələrini yaxşılaşdıran aşqarlar, neft
məhsullarının bioloji zədələnməsinin qarşısını
alan biosidlər, müxtəlif çeşidli motor və
transmissiya yağları, müxtəlif təyinatlı
yağlayıcı-soyuducu mayelər və sürtgülər,
metalların müxtəlif mühitlərdə korroziyasının
inhibitorları işlənib hazırlanmışdır. Bu
tədqiqatların əksəriyyəti Azərbaycan
Respublikasının patenti ilə müdafiə olunmuşdur.
İnstitut 2005-2010-cu illərdə aparılan
tədqiqatlar üzrə 55 patent almışdır. Bu
patentlərin hamısı rəqabət və mühafizə
qabiliyyətlidir.
Qeyd olunan patentlərdən nümunə kimi
aşağıdakıları göstərmək olar:
"Sürtgü yağlarına çoxfunksiyalı aşqarın alınma
üsulu" (AKİ-150)
Motor yağları üçün çoxfunksiyalı AKİ-150 aşqarı
alkilfenol, formaldehid və aminsirkə turşusunun
birgə kondesləşmə məhsulunun karbonatlaşdırılmış
kalsium duzudur. Aşqarın molekulunda azot atomu
ilə birlikdə karboksilat və fenolyat qruplarının
olması, onun yüksək antioksidləşdirici və
yuyuculuq xassələri göstərilməsinə səbəb olur.
Bu ixtiraya görə patent almış müəllif
lər - Ə.K.Kazımzadə, E.Ə.Nağıyeva, A.X.Məmmədova
və R.Ə.Məmmədovadır.
"Sürtgü yağlarına sulfonat aşqarının alınma
üsulu"
Tərkibində hidroksi və aminoqruplar saxlayan
ekoloji təmiz çoxfunksiyalı sulfonat aşqarının
yeni alınma üsulu işlənib hazırlanmışdır.
Yaradılmış aşqar sürtgü yağlarının
yuyucu-dispersiyaedici, korroziyaya və yeyilməyə
qarşı xassələrini xeyli yaxşılaşdırır və
mühərrik yağlarında onun tətbiqi aşqarlar
paketində aşqarların ümumi sayı və qatılığını
azaltmağa imkan verir.
Bu üsula görə patent almış alimlər - Ə.N.Ağayev,
K.İ.Sadıxov, V.M.Fərzəliyev, Ə.K.Kazımzadə və
başqalarıdır.
"Metalkəsmə dəzgahlarının sirkulyasiya
sistemləri üçün yağ"
Mineral yağlar əsasında, çoxfunksiyalı DTF-1,
oksidləşməyə qarşı - ionol və köpüklənməyə qarşı-
polimetilsiloksan PMC-200A aşqarlarından
istifadə etməklə metalkəsmə dəzgahlarının
sirkulyasiya sistemləri üçün nəmliyə və emulsiya
əmələgətirməyə qarşı yüksək davamlığa, habelə
yağlama xassələrinə malik yağ işlənib
hazırlanmışdır.
Bu ixtiranın müəllifləri-N.P.Mustafayev,
M.Ə.Quliyeva, B.İ.Musayeva, M.R.Səfərova və
N.N.Novotorjinadır.
"İtiyerişli dizel mühərrikləri üçün motor yağı"
İtiyerişli nəqliyyat dizelləri üçün Bakı baza
yağları əsasında M-16İXP-3 markalı motor yağının
yeni analoqu işlənib hazırlanmışdır.
M-16İXP-3 yağı xüsusi təyinatlı yağ olub Müdafiə
Nazirliyinin xüsusi texnikasında tətbiq olunur.
Yağın təcrübi nümunəsi institutun "Aşqar" XTB-də
alınıb, Müdafiə Nazirliyinin stend və poliqon
sınaqlarından müvəffəqiyyətlə keçib.
İxtiranın müəllifləri- V.M.Fərzəliyev,
H.Ə.Cavadova, N.P.Mustafayev, M.M.Mövsümzadə və
başqalarıdır.
"Gəmi stasionar dizellər üçün motor yagı"
Gəmi stasionar dizelləri üçün 1990-cı illərdən
bəri istehsal olunan M-12 BB motor yağının yeni
tərkibdə sürtgü kompozisiyası yaradılmışdır.
Həmin ildən etibarən bu günədək qeyd olunan yağ
ARDNŞ-ın "Azərneftyağ" NEZ-də institutun təklif
etdiyi tərkiblərdə istehsal olunur.
Bu ixtira üçün patent almış müəlliflər isə
H.Ə.Cavadova, V.M.Fərzəliyev, Ə.K.Kazımzadə və
başqalarıdır.
Hazırladı:
Ədalət DAŞDƏMİRLİ |