Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin
və Azərbaycan xalqının milli oyanışının məntiqi
yekunu idi. Bu da Azərbaycanda yeni tipli
teatrın, məktəbin və mətbuatın yaranması ilə
nəticələnmiş, milli özünüdərkin gerçəklənməsinə
böyük təsir göstərmişdir. Elə bu dövrdə
Azərbaycan Cümhuriyyəti hökuməti xalq təhsilinin
inkişafı üçün var qüvvəsini sərf etmiş, böyük
işlər görmüşdür. Bu günlərdə əməkdaşımız
Azərbaycan Milli Elmlər Akademiyası Tarix
İnstitutunun böyük elmi işçisi, tarix elmləri
üzrə fəlsəfə doktoru Əzizə Nəzərli ilə görüşmüş,
Azərbaycan Cümhuriyyəti dövründə xalq maarifi
sahəsində aparılmış işlər barədə ətraflı məlumat
verməsini xahiş etmişdir:
- Müstəqil və azad dövlətimizin - müsəlman
Şərqinin ilk demokratik cümhuriyyəti cəmi 23 ay
fəaliyyət göstərdi. Stalinin Məmməd Əmin
Rəsulzadəyə verdiyi "23 ay hakimiyyətdə oldunuz,
nə etdiniz" sualına mən də cavab vermək
istərdim: türk maarifçiliyi elə ilk dəfə dövlət
səviyyəsinə qalxdı. Bir çox dövlətin 23 ilə görə
bilmədiyini Azərbaycanın istiqlal elçiləri 23 ay
müddətində görə bildilər. Bunun bir sirri həmin
xadimlərin yüksək səviyyəli savada və ziyaya
malik olmaları idi. Avropanın ən məşhur təhsil
ocaqlarında oxumuş bu xadimlər maarifçiliyin
dəyərini və qədrini bilirdilər. Xalq Maarifi
Nazirliyində Azərbaycanın siyasi və mədəni
tarixində həmişəlik iz qoymuş insanlar
çalışırdılar. Nəsib bəy Yusifbəyli, Həmid bəy
Şahtaxtinski, Rəşid xan Qaplanov, Nurməmmməd bəy
Şahsuvarov, Fətulla bəy Rizabəyov, Azad bəy
Əmirov, Eynül xanım Yusifbəyli.
Təəssüf ki, bir söhbətdə Azərbaycan Cümhuriyyəti
hökumətinin fəaliyyətinin bütün cəhətlərini
əhatə etmək mümkün deyil. Bununla belə
qətiyyətlə demək olar ki, xarici müdaxilə,
daşnak Ermənistanı ilə müharibə, ölkədaxili
siyasi qüvvələr arasındakı ziddiyyətlər,
iqtisadi böhran və başqa amillərə baxmayaraq,
Azərbaycan Cümhuriyyəti hökuməti xalq təhsilinin
inkişafı üçün var qüvvəsini sərf etmiş, böyük
işlər görmüşdür.
1918-ci ilin 27 iyul günündə Azərbaycan hökuməti
dövlət dili haqqında qanun qəbul etdi. Dövlət
sənədləri Azərbaycan türkcəsində tərtib olunmağa
başladı. Müəyyən bir müddətədək rus dilinin də
tətbiq olunmasına izn verildi.
Avqustun 28-də hökumət məktəblərin
milliləşdirilməsi haqqında qərar çıxardı.
Məktəblərin milliləşdirilməsi dedikdə
respublikanın təhsil ocaqlarında təlimin ana,
yəni Azərbaycan dilində aparılması nəzərdə
tutulurdu. Türk balalarının doğma dildə təhsil
almaq, öz dilini, ədəbiyyatını, tarixini və
mədəniyyətini öyrənmək hüququ ilk dəfə olaraq
qanuniləşdirildi. Özü də milliləşdirilən
məktəblərdə Azərbaycan dilində təhsil almaq
icbari idi.
Qeyri-Azərbaycan məktəblərində türk dilinin
dövlət dili səviyyəsində keçilməsi üçün külli
miqdarda vəsait ayrıldı.
İstiqlal dövründə millətin təhsilə həvəsi xeyli
güclənmişdi. Xalq təhsili müfəttişlikləri, demək
olar ki, bütün qəza və kəndlərdən məktəb açmaq
haqqında ərizə alırdılar. Özü də təhsil
xərclərini əhali öz boynuna götürürdü. Məsələn,
Bakı quberniyasının, Siyəzən, Böyük Xızı, Keşlə,
Hökməli, Əmircan, Digah kəndlərinin sakinləri
onlar üçün məktəb açılması haqqında hökumətə
ərizələrlə dönə-dönə müraciət ediblər.
Azərbaycan Demokratik Cümhuriyyətinin birinci
tədris ili 1918-ci ilin 15 sentyabrında Qafqaz
islam ordusunun Bakıya varid olmasından bir ay
sonra başladı. Tədris üçün şərait ağır idi.
Müəllim və şagirdlərin bir hissəsi 1918-ci ilin
mart hadisələri dövrü qırılmış, bir çoxları
yaşayış yerlərini atıb getmişdi. Məktəb
komissiyası dərslərin başlanmasına qərar verdi,
oktyabrın 20-dək məktəbə qayıtmayan müəllimlər
işdən azad olunmuş sayıldı.
Məktəb binaları acınacaqlı vəziyyətdə idi.
Binaların bir çoxu dağıdılmışdı. Bakıdakı
məktəblərin çoxunda vaxtilə ya ingilis, ya da
daşnak silahlı qüvvələri yerləşdirildiyindən
binalara xeyli ziyan dəymişdi. Bir sıra
məktəblərdə isə daşnak bandalarından qurtulmuş
Naxçıvan və Zəngəzur qaçqınları yaşayırdılar.
Məktəblərin təmiri üçün məktəb komissiyasından
vəsait ayrıldı. Bu pul ilə xeyli məktəb təmir
olundu.
Hökumətin səyi nəticəsində təlim və tədris
işləri qaydaya salınırdı. 1919-cu ilin martında
Bakıda şəhər məktəblərində oxuyanların sayı
6.400 nəfərə, həmin ilin noyabrında isə 9.100
nəfərə çatdı.
Şagirdlərin dərsə davamiyyəti xeyli yüksək idi.
Bu, məşğələlərin normal keçməsi və ölkədə
vəziyyətin sabitləşməsi ilə bağlı idi. Türk
məktəblərində müvəffəqiyyətlər daha böyük idi.
Belə ki, zəif oxuyanların faizi köhnə rejimdə 50
faizə çatdığı halda, indi 10-15 faiz olmuşdu.
Azərbaycanda məktəb quruculuğu işinə "Türk
müəllimləri ittifaqı"nın yaradılması əhəmiyyətli
təsir göstərdi. İttifaqın sədri Ağababa bəy
İsrafilbəyov idi. 1919-cu ildə avqustun 20-dən
sentyabrın 1-dək Azərbaycan müəllimlərinin
qurultayı keçirildi. Qurultayda yeni proqram və
dərsliklərin hazırlanması, müəllimlər
seminariyaları və kurslarının açılması,
məktəblərin abadlaşdırılması və yenilərinin
tikilməsi, müəllimlərin maddi vəziyyətinin
yaxşılaşdırılması və digər bu kimi mühüm
məsələlərə baxıldı. Ölkədə siyasi durumun
müzakirəsi zamanı aşağıdakı qətnamə qəbul
olundu: "Azərbaycan müəllimləri xalq kütlələri
arasında Vətən müstəqilliyinin
möhkəmləndirilməsi, sağdan və ya soldan hər
hansı bir təhlükə zamanı onun müdafiəsi üçün
fədakarlıq və vətənpərvərlik mövqeyi baxımından
güclü, mütəmadi iş aparmalıdırlar".
Azərbaycanlı müəllimlər, məsələn, Cəmo
Cəbrayılbəyli, Mehdi bəy Hacıbabayev, Teymur bəy
Bayraməlibəyov, Əlməmməd Mustafayev və başqaları
"Müsəlman Ziyalıları İttifaqı"nın işində fəal
iştirak edirdilər. Dövlət orqanlarının və
parlamentin işində də müəllimlərin əməyi var
idi.
Məktəblərin milliləşdirilməsi nəticəsində
dərslik məsələsi xüsusi kəskinliklə meydana
çıxdı. Xalq maarifi naziri Şahsuvarovun sədrliyi
ilə Azərbaycan dilində dərsliklər tərtib etmək
üçün komissiya yaradıldı. Bundan əlavə
dərsliklərin Azərbaycan dilinə tərcüməsi
məsələləri ilə məşğul olan xüsusi komissiya
təşkil olundu.
Milli hökumət dərslik layihələrinin hazırlanması
üçün 152 min manat, onların nəşrindən ötrü kağız
alınmasına 500 min manat, türk şriftinin
alınmasına isə daha 200 min manat pul ayırmışdı.
Komissiyaların gördükləri böyük iş sayəsində
qısa müddət ərzində üç hissədən ibarət "Təzə
Elmül - hesab", "İkinci il", "Ədəbiyyat
dərsləri", "Müntəxəbat", "Yeni məktəb",
"Müəllimi-sərf", "Sərfi-türki", "Türk çələngi",
"Tarixi-təlibi", "Rəhbəri-cəbr", "Coğrafiya",
"Hikməti-tərbiyə" dərslikləri hazırlandı. Bu
kitablar müəllim və şagirdlərə maya dəyərinə
satılırdı.
Rus dilində dərsliklərin alınmasına hökumət 500
min manat sərf etmişdi. Yəhudi, erməni və alman
məktəblərinə aylıq subsidiya ayrılmışdı.
Parlamentin 1918-ci il 26 dekabr tarixli
iclasında baş nazir Fətəli xan Xoyski qeyd etdi
ki, xalqın maariflənməsi sahəsi dövlət və
cəmiyyətimizin özülünü qoyan bir sahədir.
Hamının öz dilində təhsil almaq hüququ vardır.
Bütün məktəblərdə qeyri-müsəlman şagirdlər üçün
ilahiyyat dərsləri keçilirdi. Əgər
qeyri-millətlərdən olan şagirdlərin sayı 10
nəfərdən yuxarı idisə, onlara ana dili dərsləri
keçilirdi. Özü də bu məktəblərdə ilahiyyat və
ana dili dərslərinin xərcini dövlət öz
xəzinəsindən ödəyirdi. Xristian dininə etiqad
edən müəllim və şagirdlər üçün istirahət günü
cümə günü əvəzinə bazar günü idi. Dini
bayramların da keçirilməsinə icazə verilirdi.
Xüsusi diqqət yetirilən daha bir sahə türk
qadınlarının maariflənməsi idi. Məsələn,
Keşlədəki müsəlman qadınlar cəmiyyətinin
xahişini nəzərə alaraq hökumətin səyi
nəticəsində 1919-cu ilin oktyabrında burada
qızlar üçün ibtidai məktəb açıldı. Keşlə qadın
cəmiyyətinin müvəkkili İzzət xanım Rəsizadənin
coşqun fəaliyyəti sayəsində məktəb kəndlilərin
hörmətini elə qazanmışdı ki, artıq noyabr ayında
burada 100 qız təhsil alırdı.
1919-cu il mart ayının 24-də Azərbaycan milli
gimnaziyasında qadınlar üçün kursların təntənəli
açılışı oldu. Bu mərasimdə 120 azərbaycanlı
qadın iştirak etdi. Sara xanım Xuramoviç, Şəfiqə
xanım Qaspıralı, Hənifə xanım Məlikova çıxışlar
etdilər. Kurslara G.Usubova rəhbərlik edirdi.
1920-ci ilin yanvarında artıq 200 azərbaycanlı
qadın burada savad alırdı.
1920-ci il aprel ayının 1-dən Azərbaycan dilini
öyrənmək üçün qadın kursları açılmışdı.
Kurslarda təhsil pulsuz idi. Məşğələləri
aparmaqdan ötrü Türkiyədən müəllimlər dəvət
olunmuşdular. Qeyd etmək lazımdır ki, kursda
onlar təmənnasız işləyirdilər. Dərslər 2-ci türk
qadın məktəbinin binasında keçilirdi.
Birinci şəhər məktəbində isə savad öyrənmə və əl
işləri üzrə qadın kursları fəaliyyət göstərməyə
başladı. Müəllimlər yalnız müsəlman qadınlar
idi. Gigiyena dərsini tanınmış həkim Əminə xanım
Batirşina aparırdı.
Tədqiq olunan dövrdə xalq təhsilinin təşəkkül
tapmasında "Nəhri-Maarif", "Nicat", "Səfa",
"Səadət", "Türk ocağı", "İran Maarif Cəmiyyəti"
və başqa bu kimi Azərbaycan mədəni-maarif
cəmiyyətlərinin misilsiz xidmətləri olmuşdur.
1919-cu ilin sentyabrında orta məktəblər üçün
yeni proqramlar tərtib edən komissiyalar işə
başladı. Köhnə proqramlarda diqqət, əsasən,
qədim rus ədəbiyyatına, Rusiya tarixinə
verilirdi, Azərbaycan dili, ədəbiyyatı və
Azərbaycan xalqının tarixi isə öyrənilmirdi.
1919-1920-ci təhsil ilində dərslər artıq yeni
proqramla keçilirdi. Aşağı siniflərdə "Türk
xalqları tarixinin qısa kursu", yuxarı
siniflərdə isə "Türk xalqları tarixinin tam
kursu" fənləri öyrənilirdi. Rusiya tarixi və
Rusiya coğrafiyası dərsləri ləğv edildi. Bu
fənlərin ümumi tarix və ümumi coğrafiyanın bir
bölməsi kimi tədris edilməsinə başlandı.
Azərbaycan Cümhuriyyəti dövründə mütərəqqi
ictimaiyyət əlifba islahatı məsələsini qaldırdı.
Bu təşəbbüsü ilk dəfə yollar naziri Xudadat bəy
Məlikaslanov irəli sürmüşdü. Onun təklifi və
hökumətin qərarı ilə iki nazirin (maarif və
yollar) sədrliyi altında komissiya yaradıldı.
Komissiya latın əlifbasına keçməyi qərara aldı.
Bu qərar Azərbaycan Cümhuriyyətinin maarifpərvər
hökuməti üçün, açıq demək olar ki, başucalığı
idi. Abdulla bəy Əfəndiyev Maarif Nazirliyinə
latın şrifti ilə yeni türk əlifbasını təqdim
etdi.
Hökumət müəllimlərə yüksək qayğı göstərirdi. Bu
dövrdə müəllimlərin maaşı bir neçə dəfə
artırılmışdı. Bayram ərəfələrində onlara pul
müavinəti verilirdi. Müəllimlər aztapılan ilkin
tələbat və ərzaq malları ilə təmin olunurdular.
Şagirdlərə də qayğı göstərilirdi. Kasıb
ailələrdən olan uşaqlar təhsil haqqından azad
edilirdilər. Orta təhsil müəssisələrində bu cür
şagirdlər üçün təqaüd təsis edilirdi. Ehtiyacı
olanlar hətta naharla təmin olunurdular.
Təlimin Azərbaycan dilində inkişafı sahəsində
qarşıya çıxan ən böyük problem ixtisaslı müəllim
kadrlarının çatışmaması idi. 1918-ci ilin 10
noyabrında Qazaxda müəllimlər seminariyası
açıldı. Bu, təkcə qəza üçün deyil, bütün
Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi.
Seminariyanın direktoru tanınmış
maarifçi-pedaqoq və ədəbiyyatşünas Firudin bəy
Köçərli idi.
1919-1920-ci tədris ilində seminariyaya daxil
olmaq arzusunda olanların sayı xeyli çoxalmışdı.
8 yerə 40-dan artıq ərizə verilmişdi.
Valideynlər övladlarının seminariyaya daxil
olmalarını dönə-dönə xahiş edirdilər. Qeyd edək
ki, seminariyanın nəzdində pansion da fəaliyyət
göstərirdi. Sıxlığa baxmayaraq, bura dövlətin
hesabına 5 pansionçu və 11 nəfər hər gün
gəlib-gedən tələbə qəbul edilmişdi. 1919-cu ilin
oktyabrında burada artıq 76 nəfər tələbə təhsil
alırdı. Bakıda və Gəncədə də müəllimlər
seminariyaları fəaliyyət göstərirdi.
Bakı kişi müəllimlər seminariyasında Türkiyədən
gəlmiş görkəmli pedaqoqlar Kamal bəy, Fəthi bəy,
Rəşid Sürəyya, Nurulla Əfəndi, Mirzə Mövsüm xan,
qadın müəllimlər seminariyasında isə Rəmziyyə,
Saimə, Rəbiyyə, Nadidə, Nəbahat, Həcər və
Mədihan xanımlar dərs deyirdilər.
Pedaqoji kadrların çatışmaması problemi
qısamüddətli müəllim kurslarının təşkili
zərurətini meydana çıxardı. Bakıdakı
qısamüddətli pedaqoji kurslarda tanınmış
pedaqoqlar B.A.Fətəlibəyov, S.Acalov,
Ə.C.Orucəliyev, A.Talıbzadə (A.Şaiq),
A.İsrafilbəyov, C.Cəbrayılbəyov, A.Ağayeva,
M.Mahmudbəyov, Kələntərov, Cavid bəy (türkiyəli
müəllim), Abdulla bəy Əfəndiyev, doktor
Qarabəyov, S.M.Qəniyev, M.A.Şaxtaxtinski, Hüseyn
Cavid, K.B.İsmayılov, Riza Zəki və b. dərs
deyirdilər. Qısamüddətli kurslar çox keçmədi ki,
bir sıra qəzalarda da açıldı.
Bakı, Gəncə, Şuşa, Nuxa və Qazax şəhərlərində
ikiillik müəllim kursları da yaradıldı.
Kurslara bütün qəzalardan kütləvi şəkildə
müdavimlər cəlb edilirdilər. Müsəlman qadınların
bura can atması xüsusilə sevindirici idi.
Parlament üzvləri kurslara gəlir, onların işi
ilə maraqlanır, lazımi kömək göstərirdilər.
Səməd ağa Ağamalıoğlu Qazax qadın kursları
müdavimlərini salamlayaraq demişdi: "Hazırda ən
faydalı iş burada, sizin içərinizdə aparılır".
Cümhuriyyətin dəvəti ilə Türkiyədən 50 müəllim
Azərbaycana çalışmaq üçün gəlmişdi.
1919-cu ildə Yaxın Şərqdə ilk dəfə olaraq dünya
standartları səviyyəsində ali təhsil məktəbi -
Bakı Dövlət Universiteti təsis olundu,
Azərbaycanda ali təhsil sisteminin bünövrəsi
qoyuldu. Bu, hökumətin və qabaqcıl
ziyalılarımızın tarix qarşısında çətin
imtahandan üzüaçıq çıxması idi.
Universitetin rektoru professor V.İ.Razumovski
təyin olunmuş, buraya 1094 nəfər, o cümlədən 877
tələbə və 217 azad dinləyici qəbul olunmuşdu.
Universitetdən başqa 1920-1921-ci tədris ilinin
başlanğıcında Xalq Maarifi Nazirliyi tərəfindən
Pedaqoji İnstitutun açılması layihələndirilmişdi.
Burada pulsuz təhsil nəzərdə tutulurdu. Bundan
başqa, Bakı Kənd Təsərrüfatı İnstitutunun
açılması üçün hazırlıq aparılırdı. Bakı
musiqiçilər cəmiyyətinin musiqi məktəbini Bakı
Konservatoriyasına çevirmək nəzərdə tutulurdu.
Maarifçiliyin ən diqqətəlayiq anlarından biri:
Milli hökumət dövlətimizə gərək olan
mütəxəssisləri hazırlamaqdan ötrü 100
azərbaycanlı balasını Avropanın məşhur ali
məktəblərinə göndərdi. Kasıb tələbələrin bütün
təhsil və güzəran xərclərini dövlət öz boynuna
götürdü.
1920-ci ilin 14 yanvar günü tələbələrin ilk
dəstəsi sürət qatarı ilə xaricə yola salındı.
Qatar axşam saat doqquz radələrində yola düşürdü.
Saat 7-dən tələbələri yola salmaq üçün vağzala
xeyli adam yığışmışdı: Parlament adından
görkəmli ziyalılar Məmməd Əmin Rəsulzadə,
İbrahim Əbilov, Aslan bəy Səfikürdski, Səmədağa
Ağamalı oğlu, Milli Hökumət adından isə Əhməd
bəy Pepinov çıxış etdilər. Tələbələrin
yerləşdiyi vaqonlardan tar və muğam səsləri
gəlirdi. Vaqon qapıları Azərbaycan bayraqları
ilə bəzədilmişdi. Əhvali-ruhiyyə olduqca yüksək
idi. Həm yola salanların, həm də tələbələrin "Yaşasın
Azərbaycan!" nidaları asimana yüksəlirdi.
Ayrılıq vaxtı çatdı, sürət qatarı maarif
məcnunlarını işıqlı və faciəli talelərinə doğru
apardıE Qarşıdan qara günlər carçısı 28 aprel
gəlirdi.
Söhbəti qələmə aldı:
Ədalət DAŞDƏMİRLİ |