Mayın
24-də Bakıdakı 68 nömrəli körpələr evi-uşaq
bağçasında böyük yaş qrupu uşaqlarının yekun
məşgələləri keçirildi. Tədbirdə 68 nömrəli
körpələr evi-uşaq bağçasının kollektivi, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin məktəbəqədər
təhsil sektorunun baş məsləhətçisi Tamilla
Allahverdiyeva və digər qonaqlar iştirak
edirdilər.
Tədbiri giriş sözü ilə açan 68 nömrəli körpələr
evi-uşaq bağçasının müdiri Ofelya İmamverdiyeva
bildirdi ki, məktəbəqədər təhsil təhsilin ilk
pilləsi olmaqla, ailənin və cəmiyyətin
maraqlarına uyğun olaraq, uşaqların erkən yaş
dövründən intellektual, fiziki və psixoloji
inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini,
istedad və qabiliyyətinin üzə çıxarılmasını,
sağlamlığının qorunmasını, estetik tərbiyəsini,
təbiətə və insanlara həssas münasibətinin
formalaşmasını təmin edir. Bu məqsədlə bağça öz
işini günün tələblərinə uyğun qurur. Test
məşğələlərinə mayın 23-dən start verildiyini
bildirən O.İmamverdiyeva uşaqlarla bu
məşğələlərin keçirilməsinin zəruri olduğunu
nəzərə çatdırdı.
Tərbiyəçilərdən
Şəhla Osmanova, Arzu Əmirova və Aidə Şirinovanın
keçirdiyi məşğələlərdə fidan balalar özlərini
çox sərbəst hiss edirdilər. Öncə uşaqlar xüsusi
hazırlanmış kağızlarda rənglər üzrə test
tapşırıqlarını yerinə yetirdilər. Sonra Dövlət
bayrağının rənglərini bildirərək, hər bir rəngin
hansı mənaları daşıdığını iştirakçıların
nəzərinə çatdırdılar. Göy qurşağının rənglərini
və həftənin yeddi gününü ardıcıl saydıqdan
sonra bəstəkar Oqtay Zülfüqarovun "Qonaqlıq"
mahnısını oxudular. "Tap görüm" oyunu vasitəsilə
balacalara verilən suallar onlar tərəfindən
dəqiq və məzmunlu cavablandırıldı. Hər bir
uşağın bilik səviyyəsi verilən tapşırıqlar üzrə
qiymətləndirildi.
Niyazi RƏHİMOV |
|