Bu günlərdə Bakıdakı 204 nömrəli tam orta
məktəbdə ingilis dili üzrə metodbirləşmənin
sədri Mehparə Quliyevanın təşəbbüsü və ingilis
dili müəllimlərinin təşkilatçılığı ilə
"İngilis dili gecəsi" keçirildi. Tədbirdə
ümummilli lider Heydər Əliyevin zəngin və
şərəfli həyat yolunu əks etdirən slaydlar
nümayiş etdirildi. Sonra ulu öndərin siyasi
fəaliyyətini əks etdirən "Heydər Əliyev
məktəbi", "Heydər Əliyev əbədiyaşar
şəxsiyyətdir", "Ulu öndərin müdrik kəlamları"
adlı albomlar, şagirdlərin əl işlərindən ibarət
rəsm sərgiləri, fotostendlər, guşələr,
referatlar, divar qəzetləri nümayiş olundu.
Azərbaycanın Dövlət himni səsləndikdən sonra
aparıcılar Günay Cəbrayılova və Ənvər Mirzəyev
gecəni açıb, onun əhəmiyyətindən, ingilis
dilinin dünya dilləri sırasındakı rolundan
bəhs etdilər və sözü şagirdlərə verdilər.
Xəyalə Mahmudova və Sevinc Məmmədova "Cəhənnəm
nədir", Nərmin Veysəlova, Fidan Oruczadə
"Sayrışan kiçik ulduzlar", Gülçöhrə Qədirzadə
"Qalanlar istirahətdə" mahnılarını, Aytac
İsmayılova "Titanik" filmindən mahnı,
dördüncülər "Əsgər marşı"nı , ikincilər isə
"Leysan" mahnısını xorla ifa etdilər, "Kənd
klinikasında","Qapını bağla", "Balaca qırmızı
toyuq" və s. səhnəciklər göstərildi.
Şagirdlərin ingiliscə çıxışlarını yüksək
qiymətləndirən direktor Ziba Rzayeva onlara
yaxından köməklik göstərən ingilis dili
müəllimləri Minayə Məmmədovaya, Ema Batıyevaya,
Mətanət Miriyevaya, Xədicə Sultanovaya, Atlas
Məmmədovaya, Telli Cavadovaya, Rəhilə
Süleymanovaya və Arzu Yusifovaya təşəkkür etdi.
Direktor tədbirdə ingilis dilində sərbəst
çıxış edən şagirdlərin səsinin bir vaxtlar
dünyanın müxtəlif ölkələrindən gələcəyinə,
dilimizi, dinimizi, tariximizi nə qədər
mükəmməl öyrəndiklərini müxtəlif bilik
yarışlarında sübut edəcəklərinə inandığını
bildirdi.
Sifai SƏFƏROVA |
|