Mayın 25-də Xalq Təhsili Muzeyində Bakının peşə
liseylərinin və peşə məktəblərinin iş
təcrübəsinə həsr olunmuş "Texniki peşə təhsili
bu gün" adlı sərgidə şagirdlərin əl işləri
nümayiş olundu. Tədbirdə Təhsil Nazirliyinin
Texniki peşə təhsili şöbəsinin müdiri Namiq
Məmmədov, Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov,
nazirliyin digər əməkdaşları, peşə liseyi və
peşə məktəblərinin direktorları iştirak
edirdilər.
Əvvəlcə təşkil olunan "dəyirmi masa"da
iştirakçılara sərgi haqqında geniş məlumat
verildi. Qonaqları salamlayan Xalq Təhsil
Muzeyinin direktoru Nailə Bayramova sərginin
keçirilməsində göstərdiyi dəstəyə görə təhsil
naziri Misir Mərdanova kollektiv adından öz
təşəkkürünü bildirdi. Sonra sərgidə iştirak edən
peşə liseyləri və peşə məktəbləri şagirdlərinin
nümayiş etdirdikləri əl işlərindən, rəsmlərindən
danışdı. O, Azərbaycan Prezidenti cənab İlham
Əliyevin sərəncamı ilə 2007-2012-ci illərdə
Azərbaycanda texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı təsdiq edildikdən sonra
peşə təhsili sahəsində proqramın tələblərinə
uyğun olaraq müvafiq tədbirlərin görüldüyünü
diqqətə çatdırdı. Bildirdi ki, sərgidə 4, 7,
10, 12, 13, 14, 15 nömrəli peşə liseyləri və
peşə məktəbləri şagirdlərinin əl işləri nümayiş
etdirilir. Burada şagirdlərin əl işlərini əks
etdirən fotomateriallar, stendlər öz əksini
tapıb. Şagirdlər həm peşə hazırlığı zamanı, həm
də müxtəlif fənlərin tədrisində öyrəndikləri
ağac üzərində oyma, dənli bitkilərdən şəkillər
hazırlama və s. sahələrdə bilik və
bacarıqlarından istifadə edərək maraqlı əsərlər
yaratmışlar.
Təhsil Nazirliyinin Texniki peşə təhsili
şöbəsinin müdiri Namiq Məmmədov çıxışında
bildirdi ki, bu gün Xalq Təhsili Muzeyinin
təşəbbüsü ilə Bakıdakı bir neçə peşə təhsili
müəssisəsinin şagirdlərinin əl işləri nümayiş
etdirilir. Həmin müəssisələrin fəaliyyəti ilə
yaxından tanış olunur. Belə sərgilərin
keçirilməsi çox əhəmiyyətlidir. Bu sərgilər peşə
təhsili haqqında anlayışa səbəb olur. Həm də
məktəblər arasında rəqabət yaradır. Peşə
təhsilinin 90 illiyi ərəfəsində bu cür
tədbirlərin keçirilməsi məqsədəuyğundur.
Tədbir iştirakçıları sərgi ilə yaxından tanış
oldular. Şagirdlərin əl işləri yüksək
qiymətləndirildi. Sərgidə peşə təhsilinin
şagirdləri üçün məktəbli forması xüsusilə
diqqəti cəlb etdi.
Rəşad ZİYADOV |
|