Mayın 20-də Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
" Nizami Gəncəvi - 870" adlı Respublika
elmi-praktik konfransı keçirilib.
Konfransı
institutun rektoru, professor Asəf Zamanov
açaraq, dəvət olunmuş qonaqları və tədbir
iştirakçılarını salamlayıb. Bildirib ki, 2011-ci
il böyük Nizami Gəncəvinin 870 illik
yubileyidir. Ölkəmizdə, həmçinin
respublikamızdan kənarda, eləcə də bütün türk
dünyasında Nizami yaradıcılığına bir daha
müraciət olunur, bu dahi şairin yaradıcılığı ilə
bağlı müxtəlif tədbirlər keçirilir. Sizə
xatırlatmaq istəyirəm ki, hələ 1981-ci ildə
böyük Nizaminin 840 illik yubileyini keçirmək
ərəfəsində Moskvada o vaxtkı SSRİ-nin yüksək
vəzifəli şəxslərindən biri ümummilli liderimizə
sual verir ki, axı bu 840 illik yubiley elə bir
tarix deyil ki, siz bunu qeyd edirsiniz.
Ümummilli liderimiz həmin o yüksək vəzifəli
şəxsə cavab verir ki, Nizami Gəncəvi elə bir
böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun
yubileylərini nəinki on ildən, beş ildən bir,
hər il qeyd etmək lazımdır. Doğrudan da Nizami
Gəncəvinin yaradıcılığına dərindən bələd olan
mütəxəssislər bu deyimin, bu ifadənin mənasını
çox yaxşı bilirlər. Nizaminin həyat və
yaradıcılığına qısa ekskursiya edən professor
A.Zamanov onu da qeyd edib ki, qüdrətli şair
bütün əsərlərində həmişə elmə, təhsilə yüksək
dəyər verir, ədaləti, gözəlliyi ön plana çəkir,
sevginin qüdrətini diqqətə çatdırır və hətta
sevginin köməyi ilə hökmdarların ədalətə
gəldiyini göstərir.
Sonra Nizaminin əsərləri ilə müasir dövrü
müqayisə edən professor A.Zamanov tədbir
iştirakçılarının diqqətinə bir məqamı çatdırıb.
İnstitutumuzda çıxan "Gənc istedad" jurnalının
materiallarını hazırlayarkən 20 Yanvar
şəhidlərinin xatirəsinə həsr etdiyimiz bir
məqalədə qeyd etdik ki, İlhamdan sonra Fərizə
yaşamağı mənasız bilib intihar edir. Yəni
buradan da görünür ki, Azərbaycan xalqında, türk
dünyasında məhəbbətin gücü, qüdrəti nə qədər
böyükdür...
Konfransda Atatürk Mərkəzinin direktoru,
AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, professor Nizami Cəfərov
"Nizami Gəncəvi və türk dünyası" adlı məruzəsi
ilə çıxış edərək bildirib ki, Nizami Gəncəvinin
türk və fars olması barədə mübahisələr var. Necə
ki, xalçalarımızı, musiqimizi mənimsəyirlər,
eləcə də Nizami Gəncəviyə qarşı da iddialar var.
Odur ki, Nizami Gəncəvinin yaradıcılığını daha
dərindən təhlil etməklə bizim milli sərvətə
sahib çıxmağı hamı dərk edəcək.
N.Gəncəvinin yaradıcılığı istiqamətində
aparılan tədqiqatlardan, araşdırmalardan ətraflı
bəhs edən professor Nizami Cəfərov onu da
diqqətə çatdırıb ki, böyük şairin əsərlərində
onun türk təəssübkeşi olduğu aydın görünür.
N.Gəncəvi haqqında son zamanlar biz niyə bu
məsələlərə daha çox diqqət yetiririk,-deyən
professor Nizami Cəfərov qeyd edib ki, MEA-da
keçən görüşdə Azərbaycan Prezidenti belə bir
fikrə münasibət bildirdi ki, müəyyən iddialarla
Nizami Gəncəviyə sahib durmaq meyilləri var.
Buna görə də Gəncədə Nizami Gəncəvi Mərkəzinin
açılması planlaşdırılıb.
Daha sonra Nizaminin türk xalqları ədəbiyyatları
sistemində yeri, onun əsərlərinin tədrisi
məsələlərində olan bəzi problemlər və sair
məsələlərdən bəhs edən professor N.Cəfərov
bildirib ki, Nizami Gəncəvi türk şairidir.
Nizami Gəncəvi türk dünyasının hadisəsidir.
N.Gəncəvini bütün dünyada təbliğ etməliyik. Dahi
şairimiz Nizami Gəncəviyə həsr olunmuş belə
tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb
edir.
Konfransda Nizami adına Ədəbiyyat İnstitutunun
direktor müavini, AMEA-nın müxbir üzvü,
professor Teymur Kərimli "Nizami yaradıcılığında
məhəbbətin fəlsəfəsi", BPKİYİ-nin Azərbaycan
dili və ədəbiyyat kafedrasının müdiri, dosent
Aydın Paşayev "Nizami yaradıcılığı və Azərbaycan
intibahı", BPKİYİ-nin Azərbaycan dili və
ədəbiyyat kafedrasının baş müəllimi Esmira
Cəfərova "İsgəndərnamə poemasının tədrisi
məsələləri", BPKİYİ-nin müdavimi Reyhanə Rzayeva
"Nizami və din" mövzularında məruzə ediblər.
Qafqaz Universitetinin prorektoru, professor
Cihan Bulut N.Gəncəviyə həsr olunmuş tədbirin
əhəmiyyəti barədə çıxış edib. BPKİYİ-nin
Azərbaycan dili və ədəbiyyat kafedrasının
müəllimi Bəybala Abbasov Nizaminin əsərlərindəki
surətlərə həsr etdiyi şeirini söyləyib.
Son dərəcə əhəmiyyət kəsb edən tədbirin sonunda
dahi şairimiz Nizami Gəncəviyə həsr olunmuş
ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Ədalət DAŞDƏMİRLİ |
|