Mayın
25-də Bakının Suraxanı rayonundakı sağlamlıq
imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi
internat-məktəbdə "Hər kəs üçün icma təşəbbüsü:
Azərbaycan" pilot layihəsi çərçivəsində "Sosial
iş" və "Təhsilə dəstək" mövzularında keçirilən
on bir həftəlik təlim kursunu bitirən müəllim və
tərbiyəçilərə sertifikatların təqdim olunması
mərasimi keçirildi.
Tədbirdə Təhsil Nazirliyi De-institutlaşma və
Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət
Hacıyeva, Sosial Xidmətlər Təşəbbüsü İctimai
Birliyinin icraçı direktoru Mehman Kərimov,
Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi
Sevinc Əhmədova, rayonun Əhalinin Sosial
Müdafiəsi Mərkəzinin direktoru Təvəkkül
Mirzəyev, ölkəmizdə fəaliyyət göstərən
qeyri-hökumət və beynəlxalq təşkilatların
əməkdaşları, təlim kursu keçmiş müəllimlər,
tərbiyəçilər və başqaları iştirak edirdilər.
Mərasim başlamazdan öncə qonaqlar
internat-məktəbdə reabilitasiya xidmətlərinin
təşkil edilməsi məqsədilə ayrılmış otaqlara baş
çəkdilər.
Təhsil müəssisəsinin akt zalında keçirilən
tədbiri direktor Qabilə Bağırova açaraq
qonaqları salamladı və rəhbərlik etdiyi
internat-məktəbin fəaliyyətindən danışdı.
Sonra çıxış üçün söz Təhsil Nazirliyi
De-institutlaşma və Uşaqların Müdafiəsi
İdarəsinin rəisi Məlahət Hacıyevaya verildi.
"Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)"na müvafiq olaraq
həyata keçirilən tədbirlərdən söz açan idarə
rəisi görülən işləri mərasim iştirakçılarının
diqqətinə çatdırdı. Məlahət Hacıyeva Dövlət
Proqramı çərçivəsində reallaşdırılan pilot
layihələr haqqında məlumat verərək bildirdi ki,
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
Açıq Cəmiyyət İnstitutu Əqli Sağlamlıq Təşəbbüsü
Təşkilatı arasında "Hər kəs üçün icma təşəbbüsü:
Azərbaycan" pilot layihəsinin həyata keçirilməsi
məqsədi ilə 24 sentyabr 2007-ci ildə Anlaşma
Memorandumu imzalanmışdır. 2008-2012-ci illəri
əhatə edən layihənin məqsədi uşaqların internat
tipli uşaq müəssisələrindən bioloji və
alternativ ailələrə verilməsi, müəssisədə
alternativ xidmətlərin yaradılmasıdır. Suraxanı
rayonu ərazisində yerləşən sağlamlıq imkanları
məhdud uşaqlar üçün 7 nömrəli xüsusi
internat-məktəb pilot müəssisə seçilmişdir.
Layihənin icrası ilə bağlı pilot seçilmiş bu
internat-məktəbdə gecələmək məqsədi ilə
uşaqların yerləşdirilməsinə moratorium
qoyulmuşdur. Layihə çərçivəsində müəssisədə
yaşayan uşaqların ailələrə verilməsi ilə bağlı
internat-məktəbin şagird kontingenti və onların
ailələrinin vəziyyətinin qiymətləndirilməsi
həyata keçirilmişdir. Təhsil Nazirliyinin 13
oktyabr 2009-cu il tarixli, 1147 nömrəli əmrinə
müvafiq olaraq pilot layihənin səmərəli icrasını
təmin etmək üçün 7 nömrəli xüsusi
internat-məktəbdə təhsil alan şagirdlərin
diaqnozlarına yenidən baxılaraq onların
xəstəliklərin beynəlxalq klassifikasiyasına
uyğunlaşdırılması üçün Təhsil Nazirliyi və
Səhiyyə Nazirliyinin müvafiq mütəxəssislərindən
ibarət komissiya yaradılmışdır. Komissiya
tərəfindən 145 uşağın qiymətləndirilməsi həyata
keçirilmiş və yekun sənədlər Səhiyyə Nazirliyinə
təqdim edilmişdir. Keçirilən təlim kursunun da
həmin layihə çərçivəsində görülən növbəti
işlərdən biri olduğunu deyən idarə rəisi
müdavimlərin internat-məktəbin 75 müəllim və
tərbiyəçisi arasından seçilərək təlimlərə cəlb
edildiyini söylədi.
Məlahət Hacıyeva uşaqların müəssisələrə
düşməsinin qarşısının alınması, onların
müdafiəsinin həyata keçirilməsi və ailələrə
verilmiş uşaqların vəziyyətinin dövri
monitorinqinin aparılması üçün sosial işçilərin
hazırlandığını deyərək bununla bağlı artıq
müvafiq tədbirlərin görüldüyünü qeyd etdi.
Bildirildi ki, Dövlət Proqramında nəzərdə
tutulan Tədbirlər Planının 10, 14 və 17-ci
bəndlərinin icrası istiqamətində övladlarına
qayğı göstərə bilməyən ailələrin və onların
uşaqlarının rifahının yaxşılaşdırılması, onların
müəssisələrə düşməsinin qarşısının alınması
məqsədi ilə yerlərdə uşaqlara və ailələrə dəstək
xidmətlərinin yaradılması işi davam etdirilir.
İdarə rəisi 268 uşağın Təhsil Nazirliyinin
tabeliyində fəaliyyət göstərən 5 günərzi-qayğı
və reabilitasiya-inkişaf mərkəzlərinin
xidmətlərinə cəlb olunmaqla onların dövlət uşaq
müəssisələrinə yerləşdirilməsinin qarşısının
alındığını bildirdi.
Dövlət Proqramının icrası istiqamətində həyata
keçirilən tədbirlər, reallaşdırılan bir sıra
layihələr barədə geniş məlumat verən Məlahət
Hacıyeva təhsil naziri Misir Mərdanov tərəfindən
hər zaman diqqət və qayğı gördüklərini xüsusi
vurğuladı. Çıxışının sonunda təlim kursunda
iştirak etmiş müəllim və tərbiyəçilərin xeyirxah
bir işlə məşğul olduqlarını deyərək, onlara
fəaliyyətlərində uğurlar arzuladı.
Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyinin
icraçı direktoru Mehman Kərimov rəhbərlik
etdiyi təşkilatın məqsəd və məramından söz açdı.
Qeyd etdi ki, Sosial Xidmətlər Təşəbbüsü
İctimai Birliyi psixi və əqli problemləri olan
insanların üzləşdiyi məsələlərlə bağlı
fəaliyyətləri icra edir. Təşkilatın missiyası
cəmiyyətin sosial və iqtisadi cəhətdən təcrid
olunmuş üzvlərinə digərləri ilə bərabər imkanlar
yaratmaq, cəmiyyətin inkişafına öz töhfələrini
verməkdə onlara dəstək olmaqdır. Təhsil
Nazirliyi ilə əməkdaşlıqdan məmnunluq duyduğunu
bildirən Mehman Kərimov keçirilmiş təlimlərin
müəllim və tərbiyəçilər üçün vacib və
əhəmiyyətli olduğunu bildirdi.
Sonra "Hər kəs üçün icma təşəbbüsü: Azərbaycan"
pilot layihəsinin əlaqələndiricisi Rəşad
Hüseynov adıçəkilən layihə çərçivəsində
internat-məktəbdə görülən işlərə dair
hazırlanmış təqdimatla çıxış etdi.
Tədbirin sonunda "Sosial iş" və "Təhsilə dəstək"
mövzularında keçirilmiş təlim kursunda iştirak
edən 33 müəllim və tərbiyəçiyə sertifikatlar
təqdim olundu.
Müdavimlər adından İradə Nəbiyeva çıxış edərək
təlim kursunda öyrəndiklərinin onlar üçün mühüm
əhəmiyyət kəsb etdiyini söyləyərək belə bir
maraqlı, eyni zamanda olduqca aktual mövzularda
təlim təşkil etdiklərinə görə təşkilatçılara öz
minnətdarlığını bildirdi.
Samirə KƏRİMOVA |