Qonaqları
Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə
edən nazir Dünya Bankı ilə əməkdaşlıq
çərçivəsində ölkəmizdə həyata keçirilən
layihələrin uğurla davam etdiyini bildirib.
Birgə görülən işlərin yüksək səviyyədə yerinə
yetirilməsi üçün müvafiq mütəxəssislər qrupunun
formalaşdığını qeyd edən təhsil naziri
Azərbaycan təhsilində baş verən irəliləyişlər
haqqında ətraflı məlumat verib. Misir Mərdanov
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
çərçivəsində həyata keçirilmiş yeni fənn
kurikulumlarının tətbiqi, məktəbəqədər təhsil
kurikulumu layihəsinin hazırlanması,
ixtisasartırma, ibtidai sinif müəllimləri üçün
yeni kurikulum üzrə keçirilmiş təlimlər,
beynəlxalq və milli qiymətləndirmə, təhsili
idarəetmə orqanlarında aparılmış struktur
dəyişiklikləri, müəllimlərin işə qəbulu
qaydaları və Dünya Bankı ilə birgə
reallaşdırılan digər layihələrdən söz açıb.
Təhsil naziri son illərdə təhsil sahəsində
həyata keçirilən islahatların nəticələrindən
bəhs edib və bu baxımdan Dünya Bankı ilə
əməkdaşlığın üstün cəhətlərinə toxunub. Nazir
Dünya Bankı ilə qarşılıqlı əlaqələr sayəsində
təhsilin bütün pillələrində müsbət irəliləyişə
nail olunduğunu və bir sıra istiqamətlər üzrə
nəzərdə tutulan layihələrin icrasının
intensivləşdirilməsinin zəruriliyini qeyd edib.
Azərbaycanda təhsilin inkişafının dövlət
siyasətinin prioritet istiqamətlərdən biri
olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin
bu sahəyə daim qayğı ilə yanaşdığını bildirən
Misir Mərdanov son illərdə 2000-dən çox yeni
məktəb binasının tikildiyini və əsaslı təmir
edildiyini, tədris ocaqlarının maddi-texniki
təchizatının nəzərəçarpacaq dərəcədə
yaxşılaşdığını vurğulayıb. Nazir təhsilin
inkişafı ilə bağlı dövlət başçısının imzaladığı
sərəncam və proqramlar çərçivəsində olduqca
əhəmiyyətli işlərin görüldüyünü nəzərə çatdırıb.
Təhsil naziri həyata keçirilməsi nəzərdə tutulan
bir sıra layihələrin reallaşdırılmasında da
Dünya Bankı ilə əməkdaşlığın mühüm nəticələr
verəcəyinə ümidvar olduğunu bildirib.
Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə
regional direktoru Əsəd Alam təhsil sahəsində
görülən işlərlə bağlı ətraflı məlumat verdiyi
üçün nazirə təşəkkür edib. Təhsil Nazirliyi ilə
Dünya Bankı arasında səmərəli əlaqələrin mövcud
olduğunu vurğulayan qonaq təhsil sektorunda
həyata keçirilən bütün layihələrin uğurla
nəticələndiyini bildirib. Yaxın zamanlarda
nəzərdə tutulmuş digər layihələrin də
reallaşdırılacağına inamını ifadə edən Əsəd Alam
Dünya Bankının bundan sonra da birgə əməkdaşlıq
çərçivəsində Azərbaycana hər cür kömək etməyə
hazır olduğunu nəzərə çatdırıb.
Daha sonra Təhsil Nazirliyi ilə Dünya Bankı
arasında gələcək əməkdaşlığın əsas istiqamətləri
və bir sıra digər məsələlər ətrafında
müzakirələr aparılıb. |