Mayın
21-də Xaçmaz rayonunda akademik Zərifə
Əliyevanın adını daşıyan 8 nömrəli
məktəb-liseydə təhsil naziri Misir Mərdanovun
iştirakı ilə "Müasir təhsilin davamlı inkişafı:
reallıqlar, perspektivlər" mövzusunda zona
elmi-praktik konfransı keçirildi. Konfransda
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Şəmsəddin Xanbabayev, Təhsil Nazirliyinin şöbə
müdirləri-Aydın Əhmədov, Faiq Şahbazlı, Bayram
Hüseynzadə, Təranə Hacıyeva, Fərzəli Qədirov,
Təhsil Problemləri İnstitutunun əməkdaşları,
Xaçmaz, Abşeron, Quba, Siyəzən, Qusar, Şabran,
Xızı rayonlarının təhsil şöbə müdirləri,
metodistlər, məktəb direktorları iştirak
edirdilər.
Öncə təhsil naziri Misir Mərdanov və Xaçmaz
RİH-in başçısı Şəmsəddin Xanbabayev ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət edərək
gül dəstələri qoydular. Rayondakı quruculuq
işləri ilə tanış olan təhsil naziri rayonun
mərkəzində yeni tikilmiş Uşaq-Gənclər Şahmat
Məktəbinə baxış keçirdi. Sonra 8 nömrəli məktəbə
gələn Misir Mərdanov məktəbin qarşısında
ucaldılmış akademik Zərifə Əliyevanın büstü
önünə gül dəstələri qoydu. Məktəbin foyesində
şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış
olan nazir məktəbdəki akademik Zərifə Əliyeva
muzeyində, idman zalı və kitabxanada oldu. Sonra
riyaziyyat müəllimləri Rəna Nurullayevanın VII
sinifdə, Umgülsüm Fətullayevanın isə I sinifdə
apardıqları "açıq dərs"lərdə iştirak etdi.
Konfransı
giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov
son illər ölkədə gedən dinamik inkişafdan
danışdı. Regionların sosial-iqtisadi inkişafı
istiqamətində görülən işləri yüksək
dəyərləndirən nazir, bu işlər çərçivəsində
bölgələrdə məktəblərin tikilməsinin sevindirici
hal olduğunu bildirdi. Qeyd etdi ki, ümummilli
lider Heydər Əliyevin siyasi kursunu uğurla
davam etdirən ölkə Prezidenti cənab İlham
Əliyevin diqqət və qayğısı nəticəsində
təhsilimiz yüksək inkişaf mərhələsindədir. Yeni
fənn kurikulumlarının, İKT-nin tətbiqi və digər
məsələlərdən danışan Misir Mərdanov görülən
işlərin davamlı olduğunu və gələcəkdə daha
müsbət nəticələr əldə olunacağını iştirakçıların
nəzərinə çatdırdı. İştirakçısı olduğu "açıq
dərs"lərdən söz açan nazir tədris prosesindən
razı qaldığını bildirdi.
Belə tədbirlərin keçirilməsinin vacibliyini
vurğulayan təhsil naziri Misir Mərdanov bildirdi
ki, bölgəyə səfərin əsas məqsədlərindən biri
Xaçmazda yeni ali təhsil müəssisəsinin
yaradılmasını müzakirə etmək və şimal bölgəsində
son illər aparılan təhsil islahatları ilə
yerində tanış olmaqdan ibarətdir. Misir Mərdanov
bölgədəki 7 rayonun təhsili haqqında statistik
məlumatları slaydlar vasitəsilə iştirakçıların
nəzərinə çatdırdı.
Bölgədəki
rayonlarda məktəbəqədər təhsil sahəsi haqqında
statistik məlumatlara diqqəti yönəldən nazir bu
sahədə ciddi problemlərin mövcud olduğunu və
bağçaların azlıq təşkil etdiyini, problemin
həllinə dair məsələlərin müzakirə edildiyini
bildirdı. Uşaqların məktəbə hazırlığı ilə bağlı
məsələlərin ciddi xarakter daşıdığını və "Təhsil
haqqında" Qanuna əsasən 5 yaşlı uşaqların
bağçadan orta məktəbə gəlməsinin zəruri olduğunu
qeyd edən nazir bu məsələnin orta məktəblərdə
məktəbəhazırlıq kurslarının yaradılması kimi
ehtiyat variantlardan istifadə edilməklə həll
olunmasına çalışıldığını nəzərə çatdırdı.
Rayonlarda qəza vəziyyətində olan və
maddi-texniki bazası qənaətbəxş olmayan bağçalar
haqqında məlumatlar verildi.
Orta ümumtəhsil məktəbləri haqqında danışan
Misir Mərdanov artıq bu sahədə problemlərin
böyük bir qisminin həll olunduğunu, növbəli
məktəblərin sayının aşağı düşdüyünü söylədi.
Bölgənin bəzi yaşayış məntəqələrində məktəblərin
olmadığını, lakin bu yöndə bir çox işlərin
görüldüyünü bildirdi. Şagird-müəllim nisbətinə
toxunan təhsil naziri bu məsələnin ciddi
xarakter daşıdığını, rasionallaşdırmaya ehtiyac
olduğunu, rayon təhsil şöbələrinin bu işə ciddi
yanaşmalarının vacibliyini vurğuladı.
Təhsillərinə görə müəllimlərin təsnifatından söz
açan nazir məktəblərdə ali təhsil müəssisələrini
bitirmiş müəllimlərə üstünlük verilməsinin
zəruriliyini söylədi. Qeyd etdi ki, müəllimlərin
və tərbiyəçilərin yaş senzi ilə bağlı problemlər
yaranmamalı, iş qabiliyyətini itirmiş şəxslər
könüllü olaraq öz yerlərini gənc kadrlara təhvil
verməlidirlər. Nazir bu işə həssaslıqla
yanaşılmasını tövsiyə etdi. Müəllimlərin dərs
yükü ilə bağlı mövcud problemlərdən söz açan
nazir bölgələrdə, xüsusən də ucqar kəndlərdə
müəllim çatışmazlığının aradan qaldırılması üçün
kadrların bu işə cəlb olunduğunu bildirdi.
Məktəblərin
İKT avadanlıqları ilə təchizatının daha da
yaxşılaşdırılması ilə bağlı işlər görüldüyünü
qeyd edən nazir laboratoriya, kitabxana və idman
zalları olmayan məktəblərin problemlərinin
mərhələli şəkildə həll olunacağını
iştirakçıların nəzərinə çatdırdı.
Misir Mərdanov son dörd ildə keçirilən "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin əhəmiyyətindən söz açdı. Bu
müsabiqələrdə fəal iştirak etməyin vacibliyini
vurğuladı.
Valideynlərin məktəblərə cəlb olunmasını və hər
bir məktəbdə Valideyn-Müəllim Assosiasiyasının
yaradılmasının vacibliyini bildirən nazir bunun
ümumi işə müsbət təsir edəcəyini qeyd etdi.
Bildirdi ki, hazırda bu praktikanı həyata
keçirən məktəblər digər məktəblərdən xeyli
fərqlənirlər.
Tam orta məktəbi bitirən şagirdlərə qızıl və
gümüş medalların verilməsinin nəzərdə
tutulduğunu bildirən təhsil naziri çıxışında
bölgədə istedadlı uşaqlarla iş, fənn
olimpiadalarının, buraxılış və ali məktəblərə
qəbul imtahanlarının nəticələri ilə bağlı da
məlumatlar verdi.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev
bildirdi ki, ulu öndər Heydər Əliyevin qurucusu
olduğu Azərbaycan Respublikası özünün sürətli
inkişaf dövrünü yaşayır. Bu tərəqqi təhsil
sahəsində özünü daha qabarıq şəkildə göstərir.
Möhtərəm Prezident cənab İlham Əliyevin təhsilə
göstərdiyi diqqət və qayğıdan söz açan
Ş.Xanbabayev dövlətin zənginliyinin və gücünün
onun elmi potensialında olduğunu qeyd etdi.
Bildirdi ki, cənab İlham Əliyev bütün bölgələrə
olduğu kimi Xaçmaz rayonuna da böyük diqqət və
qayğı göstərir. O, son zamanlar ölkədə xeyli
sayda yeni məktəb binasının tikilərək istifadəyə
verilməsindən və bütün ümumtəhsil
müəssisələrinin ən zəruri avadanlıqlarla, o
cümlədən kompüter texnologiyaları ilə təchiz
olunmasından bəhs etdi.
Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, kimya elmləri doktoru, professor
Vaqif Abbasova verildi. Professor bölgədə
aparılan quruculuq işlərindən söz açdı.
Sivilizasiyanın yüksəlməsində təhsilin böyük
rolu olduğunu qeyd edən V.Abbasov bölgənin elmi
və iqtisadi potensialının yüksək olduğunu
bildirdi. "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrində bölgənin
müəllimlərinin fəal iştirak etməsini tövsiyə
edən professor belə tədbirlərin keçirilməsini
təqdirəlayiq hal kimi qiymətləndirdi.
Niyazi RƏHİMOV,
fotolar müəllifindir |