Türkiyənin Qars şəhərində Azərbaycan xalqının
ümummilli lideri, türk dünyasının dahi
şəxsiyyəti Heydər Əliyevin adını daşıyan Sənaye
Peşə Liseyinin təməlqoyma mərasimi
keçirilmişdir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
mərasimdə iştirak etmişdir.
Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev
çıxış edərək demişdir ki, xalqımızın ümummilli
lideri Heydər Əliyevin adını daşıyacaq, 36 sinif
otağı, laboratoriya, kitabxana, idman salonu və
istehsal müəssisəsi olacaq bu liseyin tikintisi
Azərbaycan Prezidenti İlham Əliyevin Qarsa və
qardaş Türkiyəyə diqqətinin daha bir
təzahürüdür.
Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söyləyərək
demişdir ki, ARDNŞ-ın prezidenti Rövnəq
Abdullayev bu liseyin inşa edilməsi haqqında
əziz qardaşım, Azərbaycan Prezidenti İlham
Əliyevin təklifini mənə çatdıranda bunu böyük
məmnunluqla qarşıladım. Rövnəq Abdullayevin də
dediyi kimi, sənaye peşə təmayüllü bu liseydə
kimya məhsulları istehsal edəcək bir müəssisə də
fəaliyyət göstərəcəkdir. Son zamanlar həyata
keçirilən layihələr - Bakı-Tbilisi-Qars
dəmiryolu, Naxçıvan-İğdır dəmiryolu xətti Qarsın
həyatında mühüm hadisə olmaqla bərabər,
Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini zirvəyə
qaldıracaqdır. Böyük öndər Heydər Əliyevin "Biz
bir millət, iki dövlətik" kəlamı sadəcə sözdə
deyil, bu cür əməli işlərlə müşayiət olunduğu
zaman bizim gələcəyimizi daha parlaq edəcəkdir.
Türkiyənin Baş naziri əlavə etmişdir ki, liseyin
inşası bir il müddətində tamamlanacaqdır. Bundan
sonra Qars bələdiyyəsi ətrafdakı yol, park və
abadlıq işlərini də yerinə yetirəcəkdir. Rəcəb
Tayyib Ərdoğan bir daha Azərbaycan Prezidenti
İlham Əliyevə, habelə ARDNŞ-ın bütün
kollektivinə təşəkkürünü bildirmiş, bir ildən
sonra Heydər Əliyev adına Sənaye Peşə Liseyinin
açılış mərasimində birlikdə iştirak etməyi
arzuladığını demişdir.
Mərasimin sonunda ARDNŞ-ın prezidenti Rövnəq
Abdullayev iki ölkə arasında iqtisadi əlaqələrin
inkişafındakı böyük xidmətlərinə görə Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğana şirkətin qızıl
medalını təqdim etmişdir.
Sonra Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev adına
Sənaye Peşə Liseyinin təməlini qoymuş, gilizi
təmələ buraxmışdır.
Mərasimdə Yeni Azərbaycan Partiyası sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli
Əhmədov, Türkiyənin dövlət naziri Cevdət Yılmaz
və səhiyyə naziri Rəcəb Akdağ, Azərbaycan Milli
Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar
İbrahimov, ölkəmizin Qarsdakı baş konsulu Ayxan
Süleymanov iştirak etmişlər.
AzərTAc |