Səudiyyə
Ərəbistanında dünyanın ən böyük qadın
universiteti açılıb. Şahzadə Nora bin Əbdül
Rəhman Universitetinin açılış mərasimində
Səudiyyə Ərəbistanı kralı Abdulla ibn Əbdül
Əziz, kralın ailə üzvləri və hökumət
nümayəndələri iştirak ediblər. Universitetin
açılışı ölkədə qadınlar üçün təhsilin
keyfiyyətinin yüksəldilməsi yolunda ciddi addım
hesab olunur. Krallığın paytaxtı Ər-Riyadın
yaxınlığında yerləşən universitet binasının
tikintisinə 5 milyard dollar vəsait xərclənib.
50 minə qədər qadın tələbənin təhsil ala
biləcəyi kampusun sahəsi 800 hektardan
artıqdır. Universitet ərazisində monorels
buraxılması nəzərdə tutulub. Lakin kampus
daxilində hərəkətin əsas hissəsi
mini-elektromobil vasitəsilə həyata keçiriləcək.
Universitetin rektoru Xoda əl-Amilin sözlərinə
görə, təhsil ocağı 3 ildən az müddətə inşa
olunub. "Bizdən ötrü həddən artıq vacib olan bu
təhsil ocağının tikintisi üçün krala
minnətdarıq, heç şübhəsiz ki, bu cür
universitetin inşa olunması bütün
əməkdaşlarımızı və tələbə qızlarımızı uğurlu
tədris fəaliyyətinə ruhlandıracaq",-deyə xanım
rektor bildirib.
Fəaliyyətinin ilk günlərindən başlayaraq
universitet rəhbərliyi ətraf mühitin qorunması
siyasətinə əməl edəcək; tezliklə kampusda Günəş
batareyaları quraşdırılacaq, kağız dərsliklər və
sənədlər elektron daşıyıcılar və qurğularla əvəz
olunacaq.
YUNESKO-nun məlumatına görə, Səudiyyə
Ərəbistanında fəaliyyət göstərən 7 universitetdə
təhsil alan 130 min tələbənin 58 faizi
qadınlardır. Krallığın hökuməti hər il təhsilin
inkişafına 40 milyard dollar ayırır. |